
Respublikanın metallurgiya sənayesinin inkişafı istiqamətində var qüvvəsi ilə çalışan Baku Steel Company MMC-də yeni istehsal sahələrinin yaradılması, yenidənqurma işləri davam etdirilməkdədir. Zavodda böyük həcmli tikinti-quraşdırma işlərinin aparılmasına da başlanıb. Bununla əlaqədar olaraq BSC, Bakı Poladtökmə ASC-nin nəzdində “Baku Steel Construction” şirkətinin fəaliyyətinə start verib. Baku Steel Company MMC-nin mətbuat xidmətindən
Modern.az-a verilən məlumata görə, həm zavoddaxili, həm də digər tikinti-quraşdırma işlərini reallaşdıracaq, böyük potensial imkanlara malik yeni yaranan müəssisədə sənaye tikintisi, sənaye təmir tikintisi, mülki tikintilər, metalkonstruksiyanın düzəldilməsi və yerində quraşdırılması, maşın və mexanizmlərin ehtiyat hissələrinin hazırlanması kimi işlərin həyata keçirilməsi nəzərdə tutulur. Yüksək ixtisaslı kadrların cəlb olunduğu “Baku Steel Construction”da bütün işlər qabaqcıl tikinti quraşdırma texnologiyalarının tətbiqi ilə həyata keçiriləcək. Xatırladaq ki, “Baku Steel Construction” daxili tələbatı ödəməklə yanaşı, kənar sifarişləri də yerinə yetirməyi planlaşdırır.
Modern.az