QHT Şurasının “Şuşaya Azadlıq” kampaniyasına Londondan dəstək gəldi
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin dünyaya çatdırılması məqsədilə kampaniyaya başlayıb.
Şura sədri, millət vəkili Azay Quliyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri QHT-lərinin Ankarada keçirilən forumunda türkiyəli həmkarlarından və bütövlükdə iştirakçı ölkələrdən Şuranın başlatdığı “Şuşaya azadlıq!” kampaniyasına dəstək verilməsinin vacibliyini diqqətə çatdırıb. A.Quliyev bu kimi tədbirlərin yalnız Şuşanın və digər zəbt edilmiş torpaqlarımızın işğal günlərində deyil, torpaqlarımız azad olunana qədər, hər gün, hər ay mütəşəkilliklə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Kampaniyaya daha bir dəstək isə Londondan gəlib. Hazırda orada olan qhtxeber.az-ın redaktoru Sənan Nəcəfov bu kampaniyaya beynəlxalq dəstəyi genişləndirmək üçün aksiya keçiriləcəyini bildirib. Açıqlamasında Sənan Nəcəfov deyib: “Mənimlə barabər burada müxtəlif ölkələri təmsil edən 1000-dən çox tələbə təhsil alır. Şuşaya azadlıq kampaniyası çərçivəsində “Şuşanı 1 dəqiqəlik sükutla yad edək” aksiyasının keçirilməsini qərar aldıq. Sabah təhsil aldığım kollecdə tələbə yoldaşlarım milli mədəniyyətimizin beşiyi olan Şuşanın işğalı nəticəsində həlak olmuş dinc sakinlərin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər. Sayğı duruşundan sonra tələbələrə Şuşa haqda qısa informasiya veriləcək. Bununla bağlı kollec rəhbərliyindən artıq ümumi razılıq alınıb”.
S. Nəcəfovun sözlərinə görə, İtaliya, Almaniya, İspaniya, Rusiya, Koreya, Yaponiya, İordaniya, Braziliyadan olan onlarla tələbə sabah facebook statuslarında “Şuşanı 1 dəqiqəlik sükutla anaq” şüarını yaymaqla aksiyaya dəstək olacaqlar.
Modern.az