Modern.az

Heydər Əliyev və Azərbaycançılıq ideologiyası

Heydər Əliyev və Azərbaycançılıq ideologiyası

Təhsil

8 May 2013, 16:43


Hər bir dövlətin milli maraqlarının dünyanın istənilən nöqtəsində layiqincə qorunması üçün həmin ölkənin güclü ideoloji bazası və bu fundament üzərində dayanan diasporu olmalıdır. Azərbaycanın bir əsrdən çox çar Rusiyasının tərkibində qalması xalqımızın bütövlüyünü təsdiqləyən ideologiyanın, milli mənlik şüurunun, hətta maraqlarının formalaşmasına mənfi təsir göstərirdi. Ötən əsrin əvvəllərində yaranmış kütləvi ideologiyalar atmosferində xalqımız türkçülük və islamçılıq arasında seçim edə bilmirdi. Hətta 1918-ci ildə müstəqilliyini elan etmiş ADR dövründə də dünya azərbaycanlılarını bir hədəf ətrafında birləşdirə biləcək, xalqımızın və dövlətimizin milli maraqlarını müdafiə edəcək ideoloji konsepsiya işlənib hazırlanmamışdı.

Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, milli özünüdərk problemini siyasi müstəviyə qaldırmış Nəriman Nərimanov və başqaları millətimizi milli-mənəvi planda birləşdirə, milli dövlət qurmaq məqsədinə çata bilmədilər. Onlar ümumazərbaycan ideyasını aktuallaşdıraraq Şimali və ya Cənubi Azərbaycan hüdudlarını aşa bilmirdilər. Keçmiş SSRİ dönəmində isə vəziyyət daha acınacaqlı idi. Slavyan xalqları qanunpərəst, gürcülər vətənpərvər, ermənilər daha çox ruslara sadiq xalq kimi tanındığı vaxtda azərbaycanlılara qarşı ögey münasibət bəslənirdi.
Amma 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlmiş Ümummilli lider Heydər Əliyev bu stereotipi təfəkkürlərdən birdəfəlik sildi. Ulu öndər Heydər Əliyevin idarəçiliyi dövründə çoxsaylı azərbaycanlının dövlət işlərinə cəlb olunması nəticəsində xalqımızın ictimai, elmi, ziyalı elitar təbəqəsi formalaşdı. Göründüyü kimi, Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində xalqımızın, dövlətimizin bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoymuşdu.
Qeyd edək ki, hal-hazırda dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. Onların böyük bir hissəsi İranda, Türkiyədə, Rusiyada, Ukraynada, Almaniyada, ABŞ-da, Fransada, Hindistanda, Pakistanda və digər ölkələrdə məskunlaşıb. Məhz bu miqyasda “sosial gücün” vahid hədəf ətrafında birləşdirilməsi və ölkənin maraqları naminə kompleks hərəkətinin təmin edilməsi üçün xalq güclü iradəyə, rasional düşüncəyə malik liderə və ideologiyaya ehtiyac duyurdu. Milləti yeni geosiyasi şəraitdə dünya millətləri liqasına və siyasət arenasına çıxara biləcək yeganə ŞƏXSİYYƏT isə ulu öndər Heydər Əliyev idi. 90-cı illərin əvvəllərindən etibarən ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi SSRİ dönəmində başladığı işi davam etdirdi. Ümummilli lider Heydər Əliyev ilkin addım kimi 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək məqsədində stimul rolunu oynayacaq “Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik gününün keçirilməsi haqqında” cəsarətli bir qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev zəruri vaxtda verdiyi xalqımızın gələcək perspektivlərinə hesablanmış mühüm tarixi qərarı ilə xaricdə yaşayan soydaşlarımızın müstəqil dövlətçiliyimizin inkişafında, dövlət quruculuğu prosesində iştirakını təmin etmiş oldu.

Heydər Əliyev diasporumuza sahib çıxdı. Təəssüflər olsun ki, müstəqil dövlətçiliyimizin ilk illərinin səriştəsiz “siyasətçi”lərin dövlət idarəçiliyi sükanı arxasında əyləşməsi dövrünə təsadüf etməsi Azərbaycanı total xaosa sürükləmişdi. İqtisadi, siyasi, mədəni sahələrdə böhranın hökm sürməsi dövləti “paslanmış” mexanizmə çevirmişdi. AXC-Müsavat hakimiyyətinin ortaya vahid ideoloji konsepsiya qoya bilməməsi nəticəsində, nəinki, dünya azərbaycanlıları dövlət quruculuğu prosesinə cəlb edilməmişdi, hətta ölkə vətəndaş müharibəsinə sürüklənmişdi.

Məhz torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi və vətəndaş müharibəsinin başladığı bir zamanda xalq düzgün seçim edərək millətimizin gələcəyi naminə yorulmadan fəaliyyət göstərən ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etmişdi. Bununla da, ölkədə bütün narahatlıqlara, həyəcanlara son qoyulmuş və 1993-cü il 15 iyun tarixi bütün azərbaycanlılar üçün Milli Qurtuluş günü olmuşdu. Həmin tarixdən etibarən isə müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların vahid ideologiya, bir məqsəd ətrafında təşkilatlanması üçün əməli tədbirlər görülməyə və uzunmüddətli perspektivlərə hesablanmış siyasət yürüdülməyə başlanmışdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri ilə tanış olması, soydaşlarımızı Azərbaycanda investisiya layihələrində iştirak etməyə dəvət etməsi bu istiqamətdə göstərilən diqqətin bariz nümunəsidir. Diaspor nümayəndələri ilə görüşmək, onların Azərbaycana gəlməsini təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət başçımız ulu öndər Heydər Əliyev olmuşdu. Prezident seçildikdən üç ay sonra (1994-cü ilin yanvarında) Ümummilli lider Heydər Əliyev Almaniyada yaşayan soydaşlarımızın bir qrupunu qəbul etməklə böyük bir ənənənin əsasını qoymuşdu. Bu görüşün Avropadakı soydaşlarımızın milliictimai fəaliyyətinə təsiri böyük olmuşdu və dövlət-diaspor əlaqələrində yeni mərhələ başlamışdı.

Ümummilli lider Heydər Əliyevin hər il dünya azərbaycanlılarına göndərdiyi tarixi müraciətlərindən mühüm bir cəhət kimi xaricdə yaşayan soydaşlarımız arasında həmrəylik və milli birlik ideyalarının möhkəmlənməsi xüsusi vurğulanırdı. Heydər Əliyev özünəməxsus uzaqgörənliklə qloballaşan, köklü transformasiya dövrünü yaşayan dünyadanın tələblərini öncədən görür və bu səbəbdən xaricdə yaşayan soydaşlarımız arasında möhkəm həmrəyliyi həyati məsələ kimi ortaya qoyurdu. Xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ideyalarının gücləndirilməsi məsələsi dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş birinci qurultayında da Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdu. Qurultayda proqram xarakterli nitq söyləyən dünya azərbaycanlılarının lideri Heydər Əliyev haqlı olaraq bu tədbirin təşkil edilməsini müstəqil dövlətçiliyimizin böyük tarixi nailiyyəti hesab etdiyini bildirmişdi. Tarixdə ilk dəfə olaraq, dünya azərbaycanlılarının vətənimizin paytaxtı Bakı şəhərində belə bir mötəbər qurultaya toplanması məhz ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqələndirilməlidir. Belə ki, 2001-ci il mayın 23-də xüsusi sərəncam imzalayan Ümummilli lider Heydər Əliyev belə bir qurultayın Bakı şəhərində keçirilməsini zəruri hesab etmişdi. Dünya azərbaycanlılarının, xalqımızın həyatında möhtəşəm tarixi hadisə hesab olunan bu qurulatayda 35 xarici dövlətdə yaşayan həmvətənlərimizin birləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil edən 403 nümayəndə və 63 qonaq iştirak etmiş, çıxış edən soydaşlarımız bu mühüm tədbiri ümumxalq bayramı kimi qiymətləndirmişdilər.

Diasporumuzun inkişafına təsir edən mühüm amillərdən biri də aidiyyatı təşkilatların işinin vahid bir mərkəzdən - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən əlaqələndirilməsi olub. Ümummilli lider Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlalarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün ideya-nəzəri və təşkilati şəraitin hazırlanması işi başa çatdı. Bu tədbirlər yetərincə hazırlıqlı olan milyonlarla soydaşımızı “Vahid Azərbaycan dövləti və Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşdirdi.

Eyni zamanda, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu diaspor ilə iş istiqamətində fəaliyyətin düzgün qurulması məqsədinə xidmət edir. Bütün göstərilən fəaliyyətinə görə Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevi haqlı olaraq müstəqil dövlətimizin diaspor quruculuğu siyasətinin banisi hesab edir.

Artıq bütün dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevi xalqımızın Ümummilli lideri hesab edir. Ümummilli liderimizin diasporumuzun qarşısında qoyduğu vəzifələri yerinə yetirirlər. Bununla yanaşı, sevindirici hal ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsində apardığı uzaqgörən siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Prezident İlham Əliyev bu ilin noyabrayında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalamaqla bir daha dövlətin diaspora siyasətinin gücləndirilməsində maraqlı olduğuna işarə edib. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, “Dünya azərbaycanlılarının ancaq bir vətəni, müstəqil dövləti var, bu, Azərbaycan Respublikasıdır. Biz hamımız da onun ətrafında birləşməliyik”.

Əvəz Qocayev
“Avtomobil Yollarının istismarı və Reklam” MMC-nin rəisi

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama