Modern.az

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - IV HİSSƏ

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - IV HİSSƏ

Reportaj

8 May 2013, 17:25

Serebrenitsa qətliamının 70 yaşlı günahkarı 18 il sonra məhkəmə qarşısına çıxarılıb


Bosniya müharibəsinin ən qanlı səhifəsi 1995-ci ilin iyulunda Serebrenitsada baş verən kütləvi qətliamdı. 20-ci əsrin sonlarında Avropanın göbəyində baş vermiş bu vəhşi qətliam faktı bütün dünyanı sarsıtmışdı. İyulun 6-dan etibarən cəmi beş günün içində Ratko Mladiçin rəhbərlik etdiyi Bosniya serblərinin ordusu 8 mindən çox müsəlmanı qətlə yetirmişdi...

***

Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasına aid olan Serebrenitsa qəsəbəsi mədənlərilə məşhur idi. Burada yaşayanların çoxu da mədən işçisiydi. 1991-ci ilin siyahıyaalmasına görə, Serebrenitsanın təqribən 37minlik əhalisinin 78 faizini müsəlmanlar təşkil edirdi. Müharibə başlayandan sonra isə serblərin əhatəsində qalan bu ərazi bir növ müsəlmanların anklavına çevrilmişdi.

1993-cü ilin mayında BMT qətnaməsilə Serebrenitsa BMT-nin müdafiəsi altında olan demilitarizasiya ərazisi elan edildi. Amma bu, onları xilas etmədi. Kütləvi şəkildə qətlə yetirilən kişilərdən başqa 30 min qadın və uşaq qəsəbədən deportasiya olundu...

“Deyton sazişi imzalanandan sonra düz 5 il ancaq müsəlmanların öz evlərinə geri qaytarılmasına sərf olundu. Onlar can güvənliklərinə əmin olmaq üçün polisin müşayiətilə geri qayıdırdılar. Əslində ilk qayıdışlar spontan baş verirdi. Federasiya hakimiyyəti bu prosesi təkmilləşdirdi və stimullaşdırdı. Bəziləri öz arzuları, bəziləri qalmağa başqa yerləri olmadığı üçün qayıdırdı. Bəziləri isə indən belə də qayıtmağı düşünmür”, - Serebrenitsanın meri Çamıl Durakovıç deyir.

Hazırda Serebrenitsanın əhalisi cəmin 7 min nəfərdən ibarətdi ki, onların da təqribən 4 min nəfəri müsəlmanlardı. Cavanlar demək olar ki, yoxdu, onlar ya müharibədə həlak olub, ya da başqa ölkələrə köç ediblər. Odu ki, əhali əsasən yaşlı və qocalardan ibarətdi.  Onların da 43 faizi işsizdi. Halbuki, müharibədən əvvəl Serebrenitsada işsizlər 0 faiz təşkil edirdi. Merin sözlərinə görə, kənd təsərrüfatı yerli insanların tək dolanışıq vasitəsidi.

***


Serebrenitsadakı soyqırım qurbanlarının dəfn edildiyi xiyabanı gəzib daşların üzərinə həkk olunmuş 8372 müsəlmanın adlarını, doğum tarixlərini gözdən keçirdik. İçlərində ən kiçiyi 1983-cü il təvəllüdlü idi. Qətlə yetiriləndə cəmi 12 yaşı vardı yəni...

Hərçənd serblər soyqırım qurbanlarının sayının şişirdildiyini iddia edirlər. Onlar hesab edirlər ki, xiyabanda dəfn olunanların ən azı yarısı hərbi əməliyyatlar zamanı həyatını itirən döyüşçülərdi. Sayları çox olsun deyə onları da soyqırım qurbanlarının sırasına qatıblar.

Ali Nümayəndə İnçkonun dediyinə görə, hərbi cinayətlərə qurban getmiş insanların meyitlərinin tapılması uzun və ağrılı prosesdi. Məsələ burasındadı ki, izi itirmək üçün kütləvi məzarlıqların yerini dəfələrlə dəyişdiriblər. Buldozerlərlə qazıb, meyitləri bir çuxurdan başqasına daşıyıblar. Buna görə də, meyitlər parçalanıb və onlar fraqmentlərlə aşkarlanır. Aşkarlanan meyit fraqmentlərinin dərhal basdırılmasına icazə verilmir. Onlar əvvəlcə xüsusi saxlanma anbarlarına yerləşdirilirlər. Aparılan DNK analizlərinin köməyilə meyitin 60 faizi tapılandan sonra isə dəfnə icazə verilir:

“18 il ötüb, amma müharibə zamanı həlak olanların meyitləri hələ də axtarılır, hələ də kütləvi məzarlıqlar aşkar edilir.Yəqin ki, bu proses hələ bir 18 il də sürəcək...“, - o deyir.

***

 “Serebrenitsanın dostları” Assosiasiyası müharibədən sonra qəsəbənin normal həyata qayıtması üçün xeyli iş görüb. Assosiasiyanın sədri Draqana Yovanovıçin sözlərinə görə, onlar bura qayıdanda infrastruktur tamamən məhv olmuşdu:

“İşimizə infrastrukturubərpa etməklə başladıq.LokalKİV yox idi. Serblərlə müsəlmanların birgə çalışdığı radionu təsis etdik. Bundan başqa 14 TV ilə müqavilə bağlayıb onlara ayda 40 xəbər göndərir, 5 müəllif verilişi hazırlayırıq”.

Draqana Yovanovıç deyir ki, əslində Serebrenitsa heç kimin vecinə deyil. Bura hər kəs vicdanını rahatlatmağa gəlir. Siyasilər yalançı vədlər verərək serebrenitsalıların faciəsindən özlərinə xal toplamaq üçün istifadə edirlər.

***


Yerli insanların bütün yaşanan dəhşətlərdən sonra bir-biri ilə necə ünsiyyət qurduqlarına gəlincə assosiasiya rəhbəri onlar arasında normal münasibətlər olduğunu deyir:

“Çünki əhalinin uzunmüddətli birgəyaşam təcrübəsi var. Nifrət demək olar ki, yoxdu, amma qorxu hələ də qalır. Siyasilər də bu qorxu üzərindən manipulyasiya edirlər”.

Mer isə deyir ki, qanlı-qadalı günləri geridə qoyub, ağrını, nifrəti içlərində basdırıb birgə gələcək qura bilmələrinin səbəbi xüsusi genlərə malik olmalarıyla bağlıdı:

“Genetik fenomenik biz. Amerikada bir pişiyi ölən ömür boyu yas saxlayır. Biz isə doğmalarımızı faciəvi şəkildə itirsək də, ağrılarımızı içimizə gömüb birlikdə yaşamağa davam edirik. 3 oğlunu, ərini itirən boşnak qadın serb qonşusu ilə normal ünsiyyət qura bilir. Keçmişə toxunmadıqca hər şey normal gedir”.

Serb Respublikasında yerləşən, vaxtilə əhalisinin böyük əksəriyyəti müsəlman olan və kütləvi qırğınlara şahid olmuş daha bir şəhər Priyedordu. Bu şəhərdən olanbir müsəlman qadının bu haqda dedikləri mənə daha inandırıcı gəldi:

“Müharibə haqda danışmaq istəmirəm, çünki çox ağrılı şeylər yaşamışam. Odu ki, müharibə haqda söhbətləri gələcəyə, mütləq sülh əldə ediləndən sonraya saxlamışam. Hələ ki, bu yaralar sağalmayıb, müharibə mövzusunu arxa plana atıb bu günlə yaşamağa məcburuq. O zaman bu mövzuya qayıtmaq olar ki, yaralar qaysaq bağlamış olsun. Hələliksə gələcəyimizin təminatı olan övladlarımıza fokuslamışıq diqqətimizi. Onlar üçün əmin, etibarlı, təhlükəsiz, nifrətdən uzaq gələcək qura bilmək çox önəmlidi. Heç bir ana övladının həyatını risqə atmaq istəməz...”.

***

Amma hər kəs soyqırım və digər hərbi cinayətləri törədənlərin cəzalandırılmasını arzulayır.

“Əlbəttə ki, hər bir qurban üçün canilərin cəzalandırılması önəmlidi. Heç də bütün canilər cəzalandırılmayıb və düşünürəm ki, onlardan çoxu cəzasız qalacaq. Caninin azadlıqda qalması çox ağır bir şeydi. Hər kəsin özünü güvəndə hiss etməsi üçün hüquq-mühafizə sisteminin işlədiyini bilmək önəmlidi...”, - müsəlman qadın deyir.

“Dinc əhaliyə qarşı bu cinayəti törədənlərin bir qismi cəzalandırılsa da, böyük əksəriyyəti məhkəmə qarşısına çıxarılmayıb, heç çıxarılmayacaq da. Məsələ burasındadı ki, ancaq əmr verənlər əməllərinə görə cavab verirlər, icraçıları isə məsuliyyətə cəlb edən yoxdu. Genosid qurbanlarının ailələri üçün də heç bir kompensasiya nəzərdə tutulmayıb. Tək təsəllimiz səbəbkarların, yəni kütləvi qırğın əmrini verənlərin cəza çəkməsidi”, - bu isə mer Çamıl Durakovıçın sözləridi.


Politologiya professoru Miloş Şolaya isə hesab edir ki, əsl canilər əmr verən görəvlilər və situasiyanı yaradan siyasilərdi: “Onlar mütləq cəzalarına çatmalıdılar. Amma pozisiyada durub, əmr alan sılravilərin ağır cəzalara layiq görülməsi doğru deyil. Haaqa Məhkəməsində aparılan araşdırmalar siyasi xarakter daşıyır. Bu məhkəmə araşdırmaları caniləri cəzalandırmaqdan daha çox gələcəkdə eyni hadisələrin təkrarlanmasının qarşısını almağa yönəlib. Əhali, xüsusən serblər  məhkəmələrin ədalətli qərar verəcəyinə inanmır. Və bu araşdırmaların nəticəsinin həqiqi tarixi deyil, siyasi maraqları ifadə edəcəyindən ehtiyatlanırlar”.

AB-nin Bosniya üzrə nümayəndəsinin müavini Endi Makqaffi də deyir ki, hərbi cinayətlər törətmiş canilərin cəzalandırılması tərəflərin barışığı üçün çox vacibdi. Bu baxımdan məhkəmənin ədalətinə sığınmaq lazımdı. Amma məhkəmə araşdırmalarının nəticəsindən narazı qalan tərəflər ola bilər və bu təbiidi.

***

Serebrenitsa qətliamının əsas günahkarı general Ratko Mladiç uzun zaman ədalətdən gizlənə bildi. 1996-cı ildə ona qarşı soyqırım da daxil olmaqla bir çox hərbi cinayətlərlə bağlı ittiham irəli sürüləndən sonra o Serbiyaya qaçdı. Serbiyanın AB-yə qəbul edilməsi üçün Mladiçin Haaqa Tribunalına təhvil verilməsi əsas şərt kimi irəli sürülsə də, Slobodan Miloşeviçin rəhbərlik etdiyi rəsmi Belqrad bunu eləməkdən boyun qaçırdı. 2000-ci ildə Miloşeviç hakiyyəti devriləndən sonra isə Mladiç qaçıb gizlənə bildi.

Yeni Serbiya hakimiyyəti Mladiçin tapılması üçün 1 milyon EUR həcmində mükafat elan etdi. 2010-cu ildə isə bu məbləgi 10 milyona qədər artırdı.

2011-ci il mayın 26-da Ratko Mladiç Belqrad yaxınlığında Lazarevo kəndində ələ keçirildi və bir müddət sonra Haaqaya təhvil verildi.

Belqrad və Banya Luka da daxil olmaqla bir çox şəhərlərdə Mladiçin həbsinə kütləvi etirazlar səsləndi.  

2012-ci ilin mayında 69 yaşlı Mladiç nəhayət, məhkəmə qarşısına çıxdı. Onu soyqırım və insanlığa qarşı törədilmiş cinayətlər də daxil olmaqla 11 maddə üzrə ittiham edirlər. Məhkəmə araşdırması davam edir.

Son olaraq qeyd edim ki, hazırda Ratko Mladiç 70 yaşındadı...


Samirə Əhmədbəyli


***

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - I HİSSƏ
//modern.az/articles/38230/1/

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - II HİSSƏ
//modern.az/articles/38311/1/

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - III HİSSƏ
//modern.az/articles/38416/1/

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI