AZAL və gəmiçilik idarəsinin rəhbərləri nəqliyyat nazirliyinə hesabat vermirlər
Azərbaycanın Nəqliyyat Nazirliyinin Əsasnaməsinə görə, nazirlik dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır.
Lakin nədənsə bu nazirliyin gördüyü işlər barədə rəsmi hesabat verilərkən ancaq dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları sahəsində həyata keçirilən tədbirlərdən söz açılır. Nəqliyyat Nazirliyinin açıqlamalarında heç vaxt su və mülki hava nəqliyyatı sahələrindəki işlərdən bəhs olunmur.
Rəsmi sənədlərdə hava və su nəqliyyatının nazirliyə tabe olduğu açıq-aşkar öz əksini tapsa da, nədənsə Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Hava Yolları QSC-nin rəhbərləri Nəqliyyat Nazirliyinin kollegiya iclaslarına qatılmırlar.
Bunu Modern.az-a Nəqliyyat Nazirliyindəki mənbə də təsdiqləyib. Saytımıza verilən məlumata görə, hər iki qurumun rəhbərləri nəqliyyat naziri Ziya Məmmədova tabe olmaqdan imtina edirlər. Yəni nə Aydın Bəşirov, nə də Cahangir Əsgərov nazirin iştirakı ilə təşkil olunan kollegiya iclaslarına qatılır.
Halbuki, Əsasnaməyə görə, Nəqliyyat Nazirliyinin kollegiya iclaslarında quruma daxil olan digər strukturlar kimi, Xəzər Dəniz Gəmiçiliyi və «Azərbaycan Hava Yolları» Aviaşirkətinin rəhbərləri Aydın Bəşirovla Cahangir Əsgərov da iştirak etməlidirlər.
Modern.az saytı məsələni aydınlaşdırmaq üçün hər iki qurumun mətbuat xidməti ilə əlaqə saxlayıb.
Azərbaycan Hava Yolları QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bu qurumdan heç kəsin Nəqliyyat Nazirliyinin kollegiya iclaslarına qatılmadığını təsdiqlədi. Nazirliyin kollegiya iclaslarına qatılmama səbəblərini öyrənmək istədikdə isə Məhərrəm Səfərli bildirdi ki, iclaslara qatılmamaqda heç bir səbəb yoxdur. Və əlavə məlumat vermədi...
Xəzər Dəniz Gəmiçiliyinin informasiya və mətbuat şöbəsinin rəisi Vüqar Sadıqov isə bildirdi ki, Nəqliyyat Nazirliyin bütün dövlət əhəmiyyətli tədbirlərinə rəhbərlik iştirak edir:
“Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi nazirliyin bütün dövlət əhəmiyyətli tədbirlərinə qatılır. Amma deyə bilmərəm ki, nə iclası olur”.
Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə bildirdi ki, hər iki qurum nazirliyin kollegiya iclasların qatılır: “Hansısa halda kollegiya üzvü Bakıda olmazsa, onda başqa bir kollegiya nümayəndəsi iştirak edir. Yəni bir nəfər iştirak etməyəndə problem olmur”.
Nazirliyin son kollegiya iclasının fevral ayında olduğunu deyən nazirlik rəsmisinin sözlərinə görə, hər iki qurumdan kollegiya iclasına qatılıblar. Amma dolayısı ilə təsdiqləndi ki, kollegiya iclasına qatılan şəxslər Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov və Azərbaycan Hava Yolları QSC-nin baş direktoru Cahangir Əsgərov deyil. Bağmayaraq ki, həm Aydın Bəşirov, həm də Cahangir Əsgərov Nəqliyyat Nazirliyinin Nazirlər Kabineti tərəfindən 6 yanvar 2005-ci il tarixdə təsdiqlənmiş qərarla 13 nəfərlik kollegiyanın tərkibinə daxildirlər.
Maraqlıdır ki, bu vaxtadək nəqliyyat naziri Ziya Məmmədovun da adları çəkilən qurumların fəaliyyəti barədə hər hansı açıqlamasına rast gəlinməyib. Bütün bunlar Cahangir Əsgərov və Aydın Bəşirovun Ziya Məmmədovla hesablaşmadıqları barədə xəbərləri təsdiqləyir.
Gültəkin ƏLƏSGƏR