Modern.az

Deputat “Siyasi partiyalar haqqında” yeni qanunu ŞƏRH ETDİ

Deputat “Siyasi partiyalar haqqında” yeni qanunu ŞƏRH ETDİ

19 Dekabr 2022, 11:34

Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə, Azərbaycanda siyasi partiyalarla münasibəti tənzimləyən, iqtidar-müxalifət dialoqunu yeni müstəviyə daşıyan hüquqi-normativ aktın bazası daha da gücləndirildi.


Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir və Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.


“Məlum olduğu kimi, hazırkı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi.

Dünyada cərəyan edən proseslər, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını labüd edirdi.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün parlamentin sədrinə müraciət etdilər.


Beləliklə, qanun layihəsinin hazırlanması prosesinə demokratik və şəffaf şəkildə başlanıldı. İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirildi. Oktyabrın 24-də isə Milli Məclisdə partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə geniş dinləmə keçirildi, bir sıra irad və tənqidlər bildirildi”.


Ceyhun Məmmədov qeyd edib ki, keçirilən bütün ictimai dinləmə və diskussiyalar Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi.


“Siyasi plüralizmin hökm sürdüyü dinləmədə tədbir iştirakçıları layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı qazandı. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə münasibət bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflər səsləndirmələri üçün geniş şərait yaradıldı”. 


Millət vəkili xatırladıb ki, noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri və üzvləri olan deputatlar iştirak edərək qanun layihəsinə edilən dəyişikləri yüksək qiymətləndiriblər:


“Heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi, irad və təkliflərin nəzərə alınması çox müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür.


Onu da qeyd lazımdır ki, əvvəlki müzakirələrdəki tənqidlərin bir çoxu yeni layihədə artıq çıxarılıb.  Bir çox irad və təkliflər nəzərə alınıb. Sənədin yenilənməsi zamanı layihədə çox ciddi dəyişikliklər edilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib.

Proseslərin təhlili göstərir ki, bizi qarşıda yeni çağırışlar gözləyir. Bu prosesə biz dövlətçiliyimizin daha da güclənməsi, müstəqilliyimizin daha da möhkəmlənməsi naminə indidən hazır olmalıyıq.

Sonda qeyd etmək lazımdır ki, yeni qanun layihəsi cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi