Milli Məclis ölkəmizdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatını qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə məsələ parlamentin dekabrın 20-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Deputatlar rəy və təkliflərini bildirdikdən sonra Bahar Muradova onları maraqlandıran sualları cavablandırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatı səsvermədən sonra qəbul edilib.
***
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında illik hesabat verir.
Modern.az xəbər verir ki, komitə sədri gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edib.
Bahar Muradova ölkədə il ərzində gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər haqqında danışıb. O bildirib ki, il ərzində rayonlarda təlimlər keçirilib, əhali təlimlərə və tədbirlərə cəlb edilib.
Eyni zamanda təhsildən yayınma hallarının qarşısının alınması barədə məlumat verilib. Bununla yanaşı, komitə sədri bildirib ki, qanunvericilikdə gender ekspertizasının aparılması qaydası müəyyən edilməlidir.
“2021-ci ildə respublikada qadınlara qarşı zorakılıqla müşayiət olunan 2197 cinayət qeydə alınıb. Ötən il verilən mühafizə orderlərinin sayı da artıb, 10 600 qısqanclıq zəminində cinayətin qarşısı alınıb. Təsəvvür edin, bunun qarşısı alınmasaydı, nə qədər cinayət qeydə alına bilərdi”,- deyə komitə sədri bildirib.