Bu gün saat 14 radələrindən etibarən Bakının mərkəzi hissələrində sərnişindaşıma xidməti göstərən 65 saylı marşrut xəttinə məxsus avtobuslar “Sovetski” adalanan ərazidə qalıblar.
Modern.az xəbər verir ki, bu barədə xətt üzrə daşıyıcı şirkət məlumat yayıb.
Bildirilib ki, Murtuza Muxtarov küçəsində avtomobillərin səliqəsiz parkinq edilməsi səbəbindən 65 saylı marşrut xətti üzrə çoxsaylı iritutumlu avtobuslar qeyd edilən istiqamətdə qalıblar və hərəkət bir saata yaxındır ki, tamamilə dayanıb.
Rəsmi məlumata görə, bu kimi hallar marşrut xətti üzrə avtobusların hərəkət müntəzəmliyinin pozulmasına, ictimai nəqliyyata olan inamın azalmasına və maddi itki ilə yanaşı, stresə səbəb olur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə Əlaqələr şöbəsinin baş inspektoru Araz Əsgərli məsələ ilə bağlı Modern.az-a açıqlama verib.
A.Əsgərli bunu məsuliyyətsizliklə əlaqələndirib:
“Bəziləri dayanma-durma qaydalarını yolun hərəkət hissəsini zəbt etməklə pozurlar. Bu isə paytaxtda süni sıxlığın yaranmasına səbəb olur. Təəssüf ki, bəzi insanlar məsuliyyətli yaşamağın nə olduğunu qəbul etmək istəmirlər, avtomobillərini eqoistcəsinə harada gəldi, necə gəldi saxlayırlar. Daxili İşlər Nazirliyindən çox yol hərəkəti qaydaları barədə maarifləndirici, məlumatlandırıcı tədbirlər görən yoxdur. Lakin yenə də bir qrup məsuliyyətsiz sürücülər həm bizim, həm də vətandaşlarımızın işini çətinləşdirməkdən əl çəkmir".
DİN rəsmisi qeyd edib ki, bu cür sürücülər üçün dayanma-durma qaydalarını pozmağa görə yazılan 20 manatlıq cərimə faciə deyil, ona görə də harada, necə gəldi, maşınlarını park edirlər:
"Təbii ki, ona cərimə yazılıb, amma düşünmürəm ki, bu cür hərəkət edən şəxs növbəti dəfə eyni hərəkəti etməyəcək. Bu, sırf vətəndaş məsuliyyətilə bağlı məsələdir".