Naxçıvan Muxtar Respublikasında nəşr edilən “Şərqin qapısı” (11 may 2013-cü il) “Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi üzrə 2013-cü ilin aprel ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat” dərc edilib.
Modern.az xəbər verir ki, məlumatlardakı rəqəmlərdən belə anlaşılır ki, Naxçıvandakı ödəmələrdə yenə də “analoqu olmayan rekordlar” qeydə alınıb. Belə ki, elektrik enerjisi ödəmələri ilə bağlı faiz göstəricisi 100,4-dür. Məlumatda qeyd olunur ki, aprel ayında texniki itki nəzərə alınmaqla, daxil olan 32 milyon 33 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 921 min 900 manat olub, enerji istehlakına görəsə 1 milyon 930 min 500 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,4 faizini təşkil edir. Məntiqlə belə çıxır ki, Naxçıvan MR-də yaşayan vətəndaşlardan qanunla tələb edildiyindən çox vəsait toplanır. Naxçıvan rəsmilərinin buna hansı izah verəcəkləri bilinməsə də, mərkəzi hökumətin, yəni rəsmi Bakının elektrik ödənişlərindəki bu “rekorda” diqqət yetirməsi” çox vacibdir.
Modern.az