Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası keçirilib. İclasda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa qərarını elan edib. 27 il Naxçıvana rəhbərlik edən Talıbovun istefası ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib.
Naxçıvanlılar onun istefasını necə qarşıladılar? Gözlənilməz gedişi ilə hər kəsi təəccübləndirən Vasif Talıbov xatirələrdə necə qalacaq?
Naxçıvanlı jurnalist Heydər Oğuz Modern.az-a bildirib ki, Vasif Talıbovun istefası ilə kifayətlənmək olmaz, onu cəzalandırmaq lazımdır:
“O, Naxçıvan camaatının başına gətirdiyi oyunlara görə cavab verməlidir. Mənim fikrimcə, onun əməllərində ən azı 3 epizodda vətənə xəyanət əlamətləri var. Bunlardan biri Naxçıvan əhalisinə sistemli zülm edərək, onları öz yurd-yuvalarından didərgin salmaq, digəri 2020-ci ilin 8 noyabrında Rusiya helikopterini vurduraraq rus ordusunun Qarabağa girməsinə zəmin hazırlamaq və nəhayət, Naxçıvanı Azərbaycandan ayırmağa cəhd göstərməkdir. Hesab edirəm, Azərbaycanın hüquq-mühafizə sistemi onun bu əməllərini araşdırıb hüquqi qiymət verməlidir. Milli dövlətçiliyin maraqları naminə Vasif Talıbov kimi açıq şəkildə dövlətə xəyanət edənlər ən ağır cəzanı almalıdır. Əks halda Vasif Talıbovun sadəcə işdən çıxarılmaqla cəzalandırılması perspektivi indiki və gələcək nəsillərimiz üçün müsbət nümunə təşkil etməyəcək".
Naxçıvandan olan digər jurnalist Məhəmmədəli Qəribli isə hesab edir ki, V.Talıbovun dövründə Naxçıvanda bir sıra lüzumsuz qadağalar tətbiq edilib:
“Elə qadağalar tətbiq olunub ki, onları Vasif Talıbovdan xəbərsiz etmək mümkün deyildi. Məsələn, Bakı və ya Sumqayıt nömrəsində olan maşınları orada cəmi bir ay saxlamaq olurdu. Elə bil ki, hansısa başqa dövlətə getmisən. Digər yandan buradan aldığımız telefon, kompüter və digər elektronik vasitələr üçün rüsum ödəməli olurduq. Bu, olduqca absurd qayda idi. Azərbaycanın hüdudları çərçivəsində belə gömrük sistemi tənzimlənə bilməz, bu, ancaq Azərbaycanla xarici dövlət arasında baş verə bilər. Əhalinin asudə vaxtını keçirmək üçün çox az məkanlar var idi. Bu məkanlar da ya Talıbovun özünə, ya da onun məmurlarına məxsusdur. Naxçıvanda Türkiyə və İranla sərhəddə gömrüklər fəaliyyət göstərir. Orada yersiz qadağalar və əhalinin incildilməsi halları olurdu. Məsələn, İrandan və Türkiyədən ucuz ərzağın gətirilməsi ilə bağlı qadağalar qoyulmuşdu. Ancaq həmin ərzaqları öz firmaları vasitəsilə gətirib Naxçıvan camaatına baha qiymətə satırlar. Bununla bağlı ciddi araşdırma aparılmalıdır”.
Jurnalist Məmməd Gülməmmədov isə Vasif Talıbova görə uzun müddət Naxçıvana gedə bilmədiyini söyləyib:
"Heç vaxt hansısa yüksək vəzifəli biri vəzifəsindən azad ediləndə publik şəkildə nəsə yazmamışam. Ancaq Vasif Talıbovun gedişi bütün naxçıvanlılar üçün xeyirli olsun deyirəm. Çünki ordakı vəziyyət həqiqətən artıq iyrənc həddə gəlmişdi. Hətta 7 ildən çoxdur buna görə Naxçıvana getmirdim. Bu minvalla bütün naxçıvanlıları təbrik edirəm!".
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.