Türkiyə Daxili İşlər Nazirliyi İstanbul şəhər bələdiyyəsi ilə bağlı şəhər prokurorluğuna müraciət edib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazirlik İstanbul bələdiyyəsi ilə bağlı hazırladığı raportu prokurorluq orqanlarına göndərib.
Bildirilib ki, DİN-in baş müfəttişliyi tərəfindən hazırlanan raportda İstanbul bələdiyyəsi və onun tabeliyində fəaliyyət göstərən qurumlarda çalışan əməkdaşların işə götürülmə prosesi ilə bağlı bəzi məlumatlar əks olunub.
Məlumata görə, sözügedən raport artıq İstanbul Prokurorluğunun məmur və xüsusi istintaq bürosuna təqdim edilib.
Prokurorluğun araşdırmasından sonra hüquqi addımların atılacağı qeyd olunub.
Xatırladaq ki, Əkrəm İmamoğlu haqqında Ali Seçki Komissiyasının üzvlərini təhqir etmək iddiası ilə (iddiaya görə, İmamoğlu onları “axmaq” adlandırıb) qaldırılan cinayət işi üzrə bir neçə gün əvvəl keçirilən məhkəmə prosesində onun 2 il 7 ay 15 gün həbs və siyasi fəaliyyətlə məşğul olmasının qadağan edilməsi barədə qərar çıxarılıb. Yüksək instansiya məhkəməsinin təsdiqindən sonra qərarın icrası gözlənilir. Müxalifət qüvvələri qərara etiraz olaraq İstanbulun Saraçhane meydanında ardıcıl və genişmiqyaslı aksiyalar keçirib.