Modern.az

Parisdəki “Azərbaycan Evi”nin rəhbəri: “Tədbirlərimizdə ermənilər də iştirak edir” - MÜSAHiBƏ

Parisdəki “Azərbaycan Evi”nin rəhbəri: “Tədbirlərimizdə ermənilər də iştirak edir” - MÜSAHiBƏ

13 May 2013, 11:23

Fransa Milli Assambleyasında Azərbaycan həqiqətlərini ermənilərə çatdırarkən təhdid və fiziki zorakılığa məruz qalmış Parisdəki “Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva Modern.az-ın qonağı olub və suallarımızı cavablandırıb.

– Öncə Fransadakı fəaliyyətiniz barədə danışaq, necə oldu Fransaya getdiniz və Azərbaycan diasporunun fəal nümayəndələrindən biri oldunuz?

– Fransaya 2002-ci ildə təhsilimlə əlaqədar getmişdim. Azərbaycanda Dillər Universitetinin Tərcüməçilik fakültəsini bitirmişəm. Daha sonra “fransız dili xaricilər üçün” bölməsində təhsil almaq qərarına gəldim və bununla əlaqədar Fransaya getdim. 2003-cü ildə təhsilimlə yanaşı, Azərbaycan-Fransa Gənclər Təşkilatını təsis etdik, təsisçilərindən biri də mən oldum. Əsasən gəncləri ətrafında toplayan təşkilat çərçivəsində bir çox layihələr keçirdik və 2004-cü ildən 2008-ci ilə qədər bu təşkilata rəhbərlik etdim. Bu dövrdə konsertlər, sərgilər, 20 yanvar, Xocalı, 28 may, ümumiyyətlə vacib tarixləri qeyd edirdik. 2008-ci ildə isə təşkilata Vüsalə Məmmədzadə rəhbərlik etməyə başladı. “Fransız dili xaricilər üçün” təhsilimdən əlavə avropaşünaslıq və beynəlxalq münasibətlər fakültəsini daxil olmuşam. Eyni zamanda 2008-ci ildə ailə həyatı qurub Leon şəhərinə köçdüm. 4 il orada yaşadıqdan sonra Paris şəhərinə qayıtdım və 2012-ci ildə 1992-ci ildə təsis edilmiş “Azərbaycan Evi”ni yenidən canlandırmaq qərarına gəldik. Çünki bu təşkilat fəaliyyətini tam dayandırmışdı. 2012-ci ilin sentyabrın ayında seçkilər keçirdik və təşkilata sədr seçildim, oktyabr ayında rəsmi olaraq qeydiyyatdan keçmiş təşkilat rəsmi fəaliyyətə başladıq.

– “Azərbaycan Evi”nin sədri kimi fəaliyyətiniz barədə bir az danışaq. Əsas məqsədləriniz nədir?

– Məqsədimiz çoxdur, bu məqsədlərdən ən mühümü Fransada yaşayan azərbaycanlıları vahid təşkilat altında birləşdirmək və “Azərbaycan Evi”nin qollarını Fransanın müxtəlif böyük şəhərlərdə yaratmaq və bununla Fransada olan Azərbaycan diasporunu bir struktur ətrafında birləşdirməkdir. Artıq bir çox şeylərə nail olunub, bir sıra şəhərlərdə Azərbaycan diasporu ilə görüşlər keçirilib. Digər məqsədlərdən biri də Azərbaycanı tanıdılması, Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasıdır. Bu yöndə bir çox tədbirlər keçirməyi nəzərdə tutmuşuq, bəzilərini həyata keçirmişik. Qısa müddət ərzində olsa da biz artıq 6-7 tədbir keçirmişik, bəziləri kiçik, bəziləri də böyük miqyasda olan tədbirlərdir. 2013-2014-cü illər nəzərdə tutduğumuz layihələr də məhz Azərbaycanın tanıdılması və həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasıdır. Leon şəhərində Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və “Azərbaycan Evi”nin birgə layihəsi olan muğam konserti təşkil etdik.

Vacib layihələrimizdən biri isə Azərbaycanın Fransadakı səfirliyinin nəzdində olan Azərbaycan Mərkəzində Azərbaycan dili kurslarının açılması idi. Burada məqsədimiz Fransada məskunlaşan azərbaycanlı ailələrin uşaqlarına dil öyrətməklə yanaşı, milli atributlar, Azərbaycan mədəniyyəti, tarixi haqqında qısa məlumat verməkdir.

Aylıq keçirdiyimiz tədbirlərdən biri də çay süfrəsidir. Bu layihədə məqsəd “Azərbaycan Evi”nə üzv olmuş və olan insanları bir araya gətirməkdir. Səmimi söhbət əsnasında Azərbaycan haqqında, azərbaycanlıların öz problemləri, qarşılaşdıqları hər hansı çətinlikləri danışırıq. Daha bir layihəmiz müxtəlif fransız təşkilatları ilə görüşlər keçirməyimizdir. Bu layihə çərçivəsində Azərbaycan mətbəxini, onların necə hazırlanmasını fransızlara nümayiş etdiririk. Məqsəd Azərbaycan mətbəxi ilə yanaşı, onları Azərbaycan haqqında məlumatlandırmaqdır. Qısa müddət ərzində Fransa cəmiyyətində bu qədər iş görmək də asan deyil.

– Sizin jurnalınız da nəşr olunur, deyilmi?

– Azərbaycan-Fransa Gənclər Təşkilatının jurnalı olub və onun iki buraxılışını etmişdik. Jurnal nəşri gələcəkdə nəzərdə tutulub, hazırda belə fikir yoxdur.

– Fransaya təhsil almağa dövlət xətti ilə getmisiniz?

– Xeyr, öz təşəbbüsümlə.

– Bəs Fransada qalmağa necə qərar verdiniz?

– Əslində 2008-ci ildə təhsilimi bitirib qayıtmalı idim. Amma elə oldu ki, 2005-ci ildə gələcək ərimlə tanış oldum və Fransada qalmalı oldum.

– Əriniz fransızdır?

– Bəli, orada doğulub, müsəlmandır. Bir tərəfi də azərbaycanlıdır, amma orada doğulub böyüyüb. Onun insanlığı varsa, mənim adət-nənələrimi başa düşürsə, məni olduğum kimi qəbul edirsə, onun hansı millət və dindən olmasının fərqi yoxdur.

– Bir çox layihələr həyata keçirmisiniz, bununla bağlı sizə yardım olunurmu?

– Diasporla İş üzrə Dövlət Komitəsi əlaqələrimiz var, onlar bizə bu işdə dəstək olurlar. Amma onlar da çox təşkilatlarla çalışırlar. Ona görə çalışırıq özümüz nəsə edək, əlbəttə çətindir. Dövlət Komitəsi cüzi də olsa bizi dəstəkləyir, amma hələ istədiyimiz hələ almamışıq. “Azərbaycan Evi”ndə təmənnasız çalışırıq, özüm Azərbaycan-Fransa Ticarət Palatasında yarımştat çalışıram. Öz vaxtımızı “Azərbaycan evi”ndə bu işləri görmək üçün sərf edirik.

Əsasən şəxsi şirkətlərdən, vətənpərvər ruhlu insanlardan dəstək gözləyirik. İnanırıq ki, onlar bizə irəliyə getməkdə kömək edəcəklər. Hazırda saytımız üzərində iş gedir, bu yaxınlarda işıq üzü görəcək. Bundan əlavə çalışırıq ki, əsasən fransızlarla çalışaq, məsələn festivallarda iştirak etmək istəyirik. Hər hansı bir festivalda iştirak etmək üçün bir-iki il öncədən bu işlərə qoşulmaq lazımdır, bunun üçün isə maliyyə laızmdır.

– Ermənilərlə baş verən məlum hadisəyə gələk. Son açıqlamanızda vəkillərin prokurorla görüşü olacağını bildirmişdiniz. İndi məsələ nə yerdədir?

– Bu haqda bizə hələ də məlumat verilməyib. 3 ay müddətində istintaq getməli və bu istintaq nəticəsində işin prokurorluğa verilib-verilməyəcəyi məlum olmalıdır. Bu da mayın sonuna kimi bəlli olmalıdır, çünki 3 ay müddəti tamam olmaqdadır. Bundan sonra işə prokurorluq baxacaqsa, bizim vəkillərin istintaqa girişi olacaq və onda daha aydın bu haqda məlumatımız olacaq. Amma hazırkı vəziyyət barədə məlumatımız yoxdur.

– Bu cür hadisələri əvvəl yaşamısınız?

– Xeyr, indiyə qədər olmayıb.

– Bəs görüşlər?

–Yox, olmayıb sadəcə tədbirlər zamanı görümüşük və yaxud onlar bizim tədbirə gəlib suallar veriblər, biz onlara heç nə deməmişik necə gəliblərsə elə də qayıdıblar. Amma bu dərəcədə heç vaxt olmayıb.

– Bu konfransda iştirak etməyi necə qərar verdiniz?

– Eşidəndə ki, belə tədbir olacaq, telefonla bu tədbirə yazıldım və mənə təsdiq e-maili gəldi. Sadəcə maraqlı idi ki, Qarabağ problemi haqqında qarşı tərəfin fikri nədir və Fransa ictimaiyyətinə nə deyir. Ona görə bu tədbirə getdim. Ora gedəndə məlum oldu ki, bu konfrans deyil, tamam başqa formatda olan tədbirdir. Əlbəttə, bilsəydim ki, oradakılar Daşnaksütyun Partiyasındandır və onların hansı vəhşilikləri qadir olduqları tarix boyu məlumdur, o tədbirə getməzdim. Suallar da hazırlamışdım və imkan olsaydı onları vermək istərdim. Əlbəttə, bu suallar heç bir təxribat daşıyıcı suallar deyildi.

– Bəs Dağlıq Qarabağla bağlı azərbaycanlıların keçirdiyi tədbirlərə ermənilər gəlir?

– Əlbəttə, iştirak edirlər, səfirliyin təşkil etdiyi tədbirlərdə də iştirak edirlər, amma onlar belə təcavüzə uğramırlar. Parlamentdə öz hisslərini saxlaya bilməyən insanlar təsəvvür edin küçədə nə cür olurlar. Biz onlara qarşı bu günə qədər olan tədbirlərdə güc tətbiq etməmişik. Sual veriblər, çox normal və sivil qaydada münasibət görüblər.

– Fransa ictimaiyyəti tərəfindən bu hadisə necə qarşılandı?

– Bəziləri şübhə ilə yanaşdılar ki. Biz ora təxribat üçün getmişik, amma çoxlu fransız mənə telefon açdı və bu işi çox pislədilər. Hər iki reaksiyanın şahidi olduq. Amma mətbuatla bağlı, indiyə qədər Xocalı faciəsi haqqında heç zaman danışmayan məşhur fransız qəzetləri bu haqda yazdı. Tərəfsiz, neytral şəkildə yanaşdılar. Amma istəməzdim ki, biz bu cür hadisə ilə ortalığa çıxaq. Onlar öz vəhşiliklərini parlamentə qədər gətirdilər, parlamentdə belə özlərini saxlaya bilmədilər. Bu da onların sözügedən məsələdə yanlış olduğunun sübutudur.

– Bu gün Azərbaycan diasporunun fəaliyyəti Fransada erməni diasporunun fəaliyyəti ilə müqayisədə çox zəif görünür. Qeyd etdiyiniz kimi sizin haqqınızda yalnız məlum hadisədən sonra məşhur fransız qəzetlərində yazılar getdi. Bu barədə fikirlərinizi almaq istərdim.

–Əlbəttə, əgər erməni diasporu ilə müqayisə etsək zəifdir, amma bu o demək deyil ki, heç fəaliyyət yoxdur. 10 il bundan əvvəllə müqayisədə diasporumuz nisbətən çox fəallaşıb. Amma hələ görüləsi işlədir çoxdur. Fransada hazırda bir sıra təşkilatlar fəaliyyət göstərir. Bəzi təşkilatların isə adı var, fəaliyyəti yoxdur. Strasburqda fəaliyyət göstərən “Azərbaycan Evi”, Parisdə yeni yaradılan “Ulduz” təşkilatlarını misal göstərmək olar.

Fəaliyyətimiz ona görə zəif görünür ki, biz bu təşkilatlarda təmənnasız olaraq çalışırıq. Və işçi qrupunun da hər birinin çalışdığı yeri var. Yəni təşkilata maddi dəstək lazımdır ki, tərtib etdiyimiz layihələri həyata keçirək.

Diasporla İş üzrə Dövlət Komitəsi öz dəstəyini göstərir, amma fəaliyyətimizin uğurlu nəticə verməsi üçün mütəmadi dəstək lazımdır. Biz hər zaman erməni diasporu ilə özümüzü müqayisə edirik, amma fikrimcə müqayisə etmək və əks cavablandırma siyasəti işlətməməliyik. Tarix üçün gənc dövlətik, diasporumuz da gəncdir, amma gənc olmasına baxmayaraq sürətlə inkişaf edir.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!