Modern.az

Naxçıvan üzrə səlahiyyətli nümayəndədən gözləntilər NƏLƏRDİR...

Naxçıvan üzrə səlahiyyətli nümayəndədən gözləntilər NƏLƏRDİR...

Ölkə

24 Dekabr 2022, 11:14

Naxçıvanda yeni dönəm başlayır. 27 il Naxçıvana rəhbərlik etmiş Vasif Talıbovun gedişindən sonra Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik təsis etdi. Ölkə başçısının sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi təyin olundu.

 

Ötən gün Naxçıvan ictimaiyyətinə təqdim olunan Fuad Nəcəflidən gözləntilər müsbətdir. Onun Vasif Talıbovun dövründən yığılıb qalmış problemləri həll edəcəyi, Muxtar Respublikanın inkişafına yönəlik islahatlara imza atacağına ümid edilir.   

 

Ümumilikdə Naxçıvanda nələr dəyişdirilməlidir? “Xanlıqdan” müasir siyasi idarəetmə sisteminə keçid edən Muxtar Respublikada hansı yeniliklərə şahid olacağıq?

 

Azərbaycan Demokrat Partiyasının sədri, Naxçıvandan olan Sərdar Cəlaloğlu Modern.az-a bildirib ki, əsas problem idarəetmədən çox fərdlərlə bağlı idi:

 

“Otto fon Bismarkın gözəl sözü var. Deyir ki, “əgər qanunlar pis, məmurlar yaxşıdırsa, dövlət yaxşı idarə olunur. Əksinə qanunlar yaxşı, məmurlar pisdirsə, dövlət pis idarə olunur”. Naxçıvanda da belə idi. Orada idarəetməni Ali Məclisin sədri, yaxud səlahiyyətli nümayəndə həyata keçirir, bunun fərqi yoxdur. Əsas şəxsiyyət faktoru nəzərə alınmalıdır. Hər şey şəxsin Vətənə, millətə nə qədər bağlı olmasından, istiqlalçı olub-olmamasından, milli maraqları nə qədər düzgün dərk edib-etməməsindən asılıdır. Bəzən biz görürük ki, yeni məmurlar kemiş məmurların mənfi adətlərindən əl çəkmir. Məsələn, mədəniyyət naziri Anar Kərimov gənc və yeni kadr idi. Ona yeni müavinlər təyin olunmuşdu. Elə bəh-bəhlə təbliğ olunurdular ki, elə bil dünyada onlar qədər yaxşı adam yoxdur. Ancaq tez bir zamanda cinayətlərinin üstü açıldı”.

 

Sərdar Cəlaloğlu naxçıvanlı olsa da, Fuad Nəcəfli ilə şəxsi tanışlığının olmadığını söyləyib:

 

“Onu şəxsən tanımıram. Ancaq müsbət addımların atılacağına ümid etmək olar. Çünki bu şəxs Prezidentin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərəcək. Prezident ona birbaşa nəzarət edəcək. Görək, necə olur?”.

 

Naxçıvanın inkişafına gəlincə, ekspert Natiq Cəfərli vurğulayıb ki, yeni səlahiyyətli nümayəndənin fəaliyyətinin necə olacağını bir müddət keçdikdən sonra tam qiymətləndirmək  mümkündür:

 

“Hər halda yeni təyin olunmuş səlahiyyətli nümayəndə bir sıra müsbət addımlara yönələcək. Məncə, Fuad Nəcəfli regionun statusu və idarəetmə formasının dəyişdirilməsində yeni hazırlıq mərhələsinin başlamasına səbəb olacaq”.

 

Natiq Cəfərlinin fikrincə, Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyin təsis edilməsinin məntiqi nəticəsi konstitusiya islahatları ola bilər:

 

“Naxçıvan Muxtar Respublikasında baş verən hadisələrin məntiqi nəticəsi kimi konstitusiya islahatları olmalı və bu zaman Prezidentin iki il əvvəl yaratdığı 14 iqtisadi rayon 14 inzibati ərazi vahidinə çevrilməlidir. Prezidentin şəxsi nümayəndəlikləri Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla 14 inzibati rayona təyin olunduqdan və onların səlahiyyətləri konstitusiya ilə müəyyənləşdikdən sonra yerli özünüidarəetmə sistemləri də güclənə bilər. Bu baxımdan Prezidentin sərəncamını müsbət qiymətləndirmək olar”.

 

“Naxçıvanda baş verən hadisələr onu göstərir ki, unitar dövlət olan Azərbaycana muxtar qurumlar lazım deyil. Konstitusiya islahatlarında çox güman ki, bu məsələ də öz əksini tapacaq. Sözügedən islahatlar aparıldığı təqdirdə respublikada unikal şərait yaranacaq. Beləliklə, hakimiyyətin elan edəcəyi konstitusiya dəyişiklikləri respublikada böyük əksəriyyət, o cümlədən müxalifət partiyaları tərəfindən dəstəklənəcək. İdarəetmənin dəyişdirilməsi ilə bağlı təkliflər olacaqsa, onları təbliğ edib, dəstəkləyəcəyik. Çünki konstitusion islahatlar bir çox problemlərin həllində açar rol oynaya bilər”,- tənqidçi ekspert əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama