Tanınmış jurnalist və publisist Arif Əliyevin “Son çağrı” adlı kitabı nəşr olunub. Roman-reportaj janrında yazılan, “Altun kitab” nəşriyyatında çap olunan kitabda real obrazlarla (Elçibəy, Ərdoğan, Elif Şafak, Nəcəf Nəcəfov, İsaxan Aşurov və s.) bağlı oxucuya bəlli olmayan səhnələr, tarixi hadisələr dəqiqliklə əks etdirilir.
“Son çağrı”nın annotasiyası:
Bu tarixçədə keçmiş bugünə, bəlkə, daha çox gələcəyə qarışıb; gerçəklik – əlçatmaz görünən, son nəticədə isə ondan da güclü reallığa çevrilən arzuya; məntiq – hadisələrin ağlasığmaz axınına, az qala mistikaya; məhəbbət – ikraha, bəzən hətta nifrətə. Həyatda da belədir, onun dadı-duzu büsbütün bu həlməşiyin qatqıları arasındakı nisbətdən asılıdır. Maraqlı və dinamik süjetin qəhrəmanları hamının dəfələrlə üzləşdiyi suallara cavab axtarırlar:
Niyə biz uşaqlıqda tez böyümək, böyük olanda uşaqlığımıza qayıtmaq istəyirik? Zaman nədir? Sonsuzluğa varan düz xətmi, hüdudları olmayan okeanmı? Onu necə adlamaq, ya geriyə qaytarmaq mümkündür? Media niyə həmişə “ən yaxşı xəbər – ən pis xəbərdir” deyir? Hərənin həyata öz baxışı var: biri özünü qurban deyir, o biri qurban tələb edir; biri əqidə yolunda təhqirlərə dözür, o biri şəxsiyyətini qoruyur; biri qışqırır, o biri “susmaqla fəryad edir”, biri vuruşur, o biri başını götürüb gedir… Kim haqlıdır?

Modern.az