Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Fəaliyyəti dövründə Azərbaycanın sürətli inkişafı, ölkəmizin bölgənin qüdrətli liderinə çevrilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş İlham Əliyev ən böyük arzusunu reallaşdıraraq Qarabağı 30 illik işğaldan azad etməklə, adını dünyanın hərb tarixinə Müzəffər Ali Baş Komandan kimi yazdırmağı bacardı. Bu gün onun sayəsində Azərbaycanın adı dünyada nüfuz qazanmış dövlətlər sırasında çəkilir.
Azərbaycan dövlətinin və xalqının maraqlarını daim üstün tutan dövlət başçısını doğum günü münasibətilə təbrik edənlər sırasında Milli Qəhrəmanlar da var.
Ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücayətlər sərgiləmiş Milli Qəhrəmanlar Modern.az saytı vasitəsilə Ali Baş Komandana doğum günü təbriklərini çatdırıblar.
Milli Qəhrəman Ehtiram Əliyev:
“Hörmətli Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Respublikasının siyasi və iqtisadi inkişafında mühüm uğurlar qazanmış, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolunda qətiyyətlə irəliləmişdir. Məhz bu uğurların nəticəsidir ki, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımız 30 illik işğandan azad edildi. Ali Baş Komandan xalqımıza qələbə sevincini yaşatdı. Bu müdrik siyasətin davamı olaraq, Prezidentimiz hazırda Zəngəzur dəhlizinin açılması yolunda böyük işlər görür. Biz də Azərbaycan xalqı olaraq Prezidentimizi dəstəkləyir və onun ətrafında sıx birləşirik.
Bu gün Prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə mən də öz növbəmdə dövlət başçısını ürəkdən təbrik edir, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə fəaliyyətində ona uğurlar arzulayıram. Allah Ali Baş Komandanımıza uzun ömür, cansağlığı versin!
Milli Qəhrəman İbad Hüseynov:
- Cənab Prezident bu gün milyonlarla insandan təbrik alır. O, ən gözəl təbriklərə layiqdir. İlham Əliyev hər günü tarixə yazılan Prezidentdir. Böyük qürur və fəxarət hissi ilə demək istəyirəm ki, möhtərəm Prezident İlham Əliyev xalqımızın sonsuz məhəbbətini qazanmış əvəzsiz liderdir. İlham Əliyev müasir Azərbaycanın memarı və qurucusu, qiyamətədək borclu olduğumuz Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır.
Əgər Ulu Öndər müstəqil Azərbaycanın yaradıcısıdırsa, bütün potensialını dövlət strukturlarının yaradılmasına və möhkəmləndirilməsinə həsr etmişdisə, İlham Əliyev bu estafeti qəbul edərək, Azərbycanı dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarmaq kimi fundamental layihələrin reallaşdırılmasının təminatçısıdır.
Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son onillərin ən şərəfli mərhələsini yaşayır. Prezidentimizin fəlsəfəsi konkret hədəflərə nail olmaq, ən əsası hər bir azərbaycanlı ailəsinin rifahını və təhlükəsizliyini təmin etməyi özündə ehtiva edir. Bu iki fundamental faktorun təmin edilməsi özlüyündə dövlət həyatının bütün spektrini əhatə edir. Buraya düzgün daxili və dəyişən xarici siyasət, sosial ədalət, vətəndaş cəmiyyətinin formalaşması, demokratik ənənələrin daha da dərinləşməsi, zamana uyğun islahatlar aparması, durmadan inkişaf edən iqtisadiyyat və s. daxildir.
İlham ƏLiyevin dövlətimizin daha da çiçəklənməsi istiqamətində atdığı səmərəli addımlar, əldə etdiyi nəticələr və qazandığı şəxsi uğurlara hətta qısa statistik nəzər salsaq, nəhəng bir siyahı əmələ gələr.
Dünya tarixinə nəzər salsaq, xalqların və dövlətlərin taleyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin xüsusi çəkisi var. Ədalətsizliyin və ikili standartların tüğyan etdiyi müasir dünyamızda qüvvələr nisbətini düzgün dəyərləndirib, olduqca çətin situasiyalardan çıxmaq bacarığı, soyuqqanlılıq, təmkin, yüksək səbr nümayiş etdirmək bacarığı hər liderə qismət olmur. İlham Əliyevin şəxsi və insani keyfiyyətlərini sadalamaqla, təkrara ehtiyac yoxdur.
Ümidvaram ki, onun bu komplimentlərə ehtiyacı da yoxdur. Amma inanıram ki, Cənab Prezident onun şərəfinə deyilən epitetlərdən birinə etiraz etməzdi: Müzəffər Ali Baş Komandan.
O, işğal edilmiş torpaqlarımızı geri aldı. 44 günlük müharibənin qalibiyyətli olması üçün nə dərəcədə unikal şəxsi kefiyyətlərə malik olmaq lazım imiş? O, mümkün olmayan bir işin öhdəsindən gəldi. Əldə olunan möhtəşəm qələbə, xüsusi ilə alınmaz qala - Şuşanın azad edilməsi dünya hərb tarixinə yenilik gətirdi və bu, uzun zaman dünyanın ən güclü orduları üçün tədqiqat obyekti olaraq qalacaq.
Müasir dunya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider, müzəffər Ali Baş Komandan kimi tarixə qızıl hərflərlə yazılan İlham Əliyev dünya durduqca, qədirbilən xalqımız tərəfinən sonsuz sevgi və ehtiramla xatırlanacaq.
Cənab Prezident! Bu gün sizə ünvanlanan təbriklərdə təkrar olunan uzun ömür və cansağlığı həm də ona görə mühümdür ki, Azərbaycanımızın gələcəyi yenə də həmin güclü əllərə həvalə edilsin.
Doğum gününüz mübarək olsun, Cənab Prezident!