Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Dövlət başçısı 61 yaşını qeyd edir.
Doğum günü münasibətilə Prezidentə həm ölkə daxilindən, həm də xaricdən çoxsaylı təbriklər gəlməkdədir. Özəl günündə ölkə liderini təbrik edənlər arasında Azərbaycanın müxalifət partiyalarının rəhbərləri də var.
Siyasi meydanda müxalif düşərgəni təmsil edən partiyalardan bəziləri Modern.az saytı vasitəsilə Ali Baş Komandana doğum günü təbriklərini çatdırıblar.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı həm öz adından, həm də partiyası adından İlham Əliyevi təbrik edib:
“Ötən gün Milli Məclisdə Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanladıq. Ancaq düşünürəm ki, hər birimiz ayrı-ayrılıqda doğum günü münasibətilə öz ürək sözlərimizi deməliyik. İlham Əliyev ölkənin bütün iqtisadi, siyasi, sosial və digər məsələlərinin yükünü çiynində daşıyır. Beynəlxalq münasibətlər sistemində də əlaqələri nizama salan yeganə şəxs Prezidentdir. O, 30 il işğal altında qalmış əraziləri hərbi yolla azad edib. İndi həmin dağıdılmış yurdları bərpa etmək çox çətindir. Belə bir yükü pozitiv enerji ilə, sadəliklə, hər bir insana hörmət qoyaraq daşıyan Prezident şübhəsiz böyük hörmətə layiqdir.
Mən onu ad günü münasibətilə təbrik edir, Azərbaycanla, ailəsi ilə birlikdə xoşbəxtlik arzulayıram. Eyni zamanda Partiya adından da təbrik yayacağıq”.
Ağ Partiyanın başqanı Tural Abbaslı da təbriklərə qoşulub:
“Ağ Partiya olaraq Prezidenti doğum günü münasibətilə təbrik edirik. Ona uzun ömür, cansağlığı və xoşbəxtlik arzu edirik. Dualarının qəbulunu Allahdan niyaz edirik”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə təbrikində vurğulayıb:
“İlham Əliyev Azərbaycanın Prezidenti, Ordunun Ali Baş Komandanıdır. Hamımızın intizarında olduğu Qarabağı işğaldan azad etdi. Ona uzun ömür, cansağlığı arzu edirik. Azərbaycanı müasir sivilizasiyanın aparıcı dövlətlərindən birinə çevirmək istiqamətində yorulmadan fəaliyyət göstərməsini arzu edirik!”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident İlham Əliyevə gələcək fəaliyyətində böyük uğurlar arzuladığını söyləyib:
“Mən cənab Prezidentə cansağlığı, uzun ömür arzu edirəm. Cənab Prezidentin bu illər ərzində gördüyü işləri çox yüksək qiymətləndiririk. İlham Əliyev Azərbaycan xalqının rifah səviyyəsinin yüksəlməsində böyük rol oynayıb. Bundan sonra da uğurlu fəaliyyətinin davamını arzu edirəm.
Partiyamızın üzvləri adından da onu təbrik edirəm. Biz həmişə cənab Prezidenti dəstəkləyən, onun yanında olan insanlarıq”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də Prezident İlham Əliyevə ünvanlanan doğum günü təbriklərinə qoşulduğunu qeyd edib.