Film çəkilişlərindəki maliyyə qalmaqalları vulkan kimi püskürmə həddindədir
Bu il aprel ayının 4-də prezident İlham Əliyev milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə sərəncam imzaladı. Sənədə əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayrıldı. Qeyd edək ki, bu, yerli serial və filmlərin çəkilməsi ilə bağlı dövlətin verdiyi ilk dəstək deyil. Yəni ötən illərdə dəfələrlə bu kimi sənədlər imzalanıb.
Amma maraqlıdır ki, indiyə qədər bu pullardan hansı seriala nə qədər ayrıldığı, aktyorların nə qədər əməkhaqqı aldığı açıqlanmayıb. “Kommersiya sirri” adı altında gizlənən bu söhbətlər nəhayət ki, kiminsə, daha doğrusu kimlərinsə başında çatlamalı idi. Və deyəsən belə də olub. Belə ki, teleməkanda yetərincə tamaşaçısı olan, hətta açıqlanan rəqəmlərə görə reytinq baxımından ilk yeri tutan “Pərvanələrin rəqsi” serialının rejissoru ilə aktyorlar arasında narazılıq yaranıb. Buna isə rejissorun aktyorların pulunu “kəsməsi” səbəb olub. Necə deyərlər, pərvanələr axıra qədər bir yerdə rəqs edə bilməyiblər.
Modern.az-ın araşdırmasına görə, sözügedən serialın rejissoru Rövşən İsaxdan narazılıq ediblər:
“Serial başlayanda Rövşən İsax dedi ki, “müqavilə bağlamayaq. Onsuz da iyirmi ildir hamımız bir birimizi tanıyırıq”. Biz də inandıq. İcraçı prodüser də öz qardaşı idi-Rizvan Məmmədov. Bu adamın mədəniyyətə və incəsənətə aidiyyatı olmasa da, Rövşən İsax maliyyə məsələlərini qardaşıyla həll edirdi. Eşitdiyimizə görə, bizə göstərilməyən rəsmi sənədlərdə aktyorların əməkhaqqı 1200 manat göstərilib. Amma bu puldan ən yaxşı halda 500-600 manatı bizim əlimizə gəlib çatırdı. Bəziləri isə 300 manat alırdılar. Bu fırıldağın əsası ötən ilin may ayında qoyulmuşdu. Əvvəlcə may ayının məvaciblərini vermədi. Dedi ki, rəhbərlik dəyişdiyindən, həmin ayın pulu sonda veriləcək. Oktyabr ayında isə yarım ayın pulunu kəsdi və buna da bir ssenari uydurdu. Bizdə maaş sistemi idi. Təsəvvvür edin heç bir rəsmi sənəd olmaya-olmaya hələ bir vergi də tuturdu. Belə şeylərə görə serialın kastinq rəhbəri Mehman Məmmədov, aktrisalar Fidan Axunova, Mətanət Əhmədova və başqaları serialdan uzaqlaşdılar”.
Səsləndirilən ittihamlarla bağlı Rövşən İsaxla əlaqə saxladıq. Rejissor ittihamlardan yalnız biri ilə qismən razılaşdı:
”Ötən ilin may ayında serialın aktyor heyətinin əməkhaqları gecikib. Bu da məndən asılı deyildi. Hamının bildiyi kimi, ATV-də rəhbərlik dəyişmişdi. Orda məni dəfələrlərlə incidən aktyorlar olub. Yığıb iclas eləmişəm, demişəm ki, kim işləmək istəmirsə, açıq şəkildə desin. Hamısı dedilər ki, işləmək istəyirlər. Çünki bəziləri çəkiliş vaxtı bərbərə, saç ustasına gedirdi, başqa işləri olurdu”.
Rövşən İsax hesab edir ki, əslində bu ittihamların başqa səbəbi var:
”Hardansa eşidiblər ki, Rövşən İsax yeni serial çəkir və onların adı kastinqdə yoxdur. Ona görə də mənə şər atırlar”.
Belə olan halda, bir neçə sual meydana gəlir. Maraqlıdır, serial çəkən rejissorlar aktyorlarla müqavilə imzalayırlarmı? Ümumiyyətlə bu məsələdə rəsmiyyətsizliyin olmasına kim maraqlıdır və nəyə görə?
“Qarabağnamə” serialının rejiissorlarından biri, əməkdar incəsənət xadimi Bəhram Osmanov bildirdi ki, onların çəkdiyi bu filmin bütün rəsmi sənədlərilə ekran işinin sifarişçisi olan İctimai Televiziya məşğul olub:
”Nə mən, nə də digər rejissor Cavid Təvəkkül sənəd işi ilə məşğul olmuşuq. Bütün rəsmi sənədləri İctimai Televiziyanın rəhbərliyi imzalatdırır. Ötən il aktyorlar kimi mən də onlarla rəsmi müqavilə bağlamışam”.
“Qaynana” serialının rejissoru Rüfət Şahbazov da deyir ki, işə başlamazdan öncə bütün heyətlə müqavilə imzalanıb:
”Serialın çəkillişlərinə başlamazdan öncə aktyordan tutmuş, assistententlərə, hətta aşpaza qədər hamısı ilə müqavilə imzalanıb. Amma aktyorlarımın konkret nə qədər əməkhaqqı aldığını bilmirəm. Dəqiq deyə bilərəm ki, çəkilən serallar içərisində ən yüksək əməkhaqqı bizdədir”.
Sözügedən serialın “Püstə nənə”si, əməkdar artist Xanım Qafarova da rejissor Rüfət Şahbazovun dediklərini təsdiqlədi:
”Seriala çəkildiyim ilk gündən rəsmi müqavilə imzalamışam. Heç vaxt da pulumuz gecikdirilməyib. Deyim ki, Azərbaycanda ən yüksək əməkhaqqını da bizim serialın aktyorları alırlar”.
Bir müddət öncə “Lider” telekanalının yayımlanan “Muradına çatan günəş” serialının əsas rol ifaçılarından olan xalq artisti Tariyel Qasımov isə bəlkə də çoxlarının söyləməyə cəsarət etməyəcəyi faktların üstünü açdı:
”Heç bir müqavilə imzalamamışdım. Hər çəkiliş günümüzə 100 manat verirdilər. Çəkiliş bitəndən sonra çıxarıb pulumuzu nağd şəkildə özümüzə verirdilər”.
Maraqlıdır ki, xalq artisti pulunun verilməyəcəyindən narahat olmayıb:
”Çünki rejissor Asif Abramov çox mədəni insandır. Əvvəla o kimi çəkdiyini bilirdi. Mən xalq artistiyəm, sənətkaram. İkincisi də, inanmıram ki, Asif kimi oğlan belə bir şey eləsin”.
“Muradına çatan günəş” serialının rejissoru Asif Abramov da faktı təsdiqlədi:
”Aktyorlarla müqavilə bağlamırdıq. Hər çəkiliş günü pullarını verirdik. Amma nə qədər məbləğ verdiyimizi deyə bilmərəm. Çünki hər prodakşnın öz sirri olur”.
“Bu serial dövlətin pulu ilə çəkilirsə, hansı sirdən söhbət gedir. Bəs belə olan halda vergidən də yayındığınızdan xəbəriniz varmı” sualından sonra rejissor az öncə dediklərini dandı:
”Yox e, müqaviləmiz var idi, vergini də ödəyirdik. Məsələn, mən indi də bir serial çəkirəm. Orda hər şey qaydasındadır.
Bu da real mənzərə. Yazdıqlarımız və əlimizdə olan faktlar baş verənlərin bir qismidir. Deməli, dövlət ölkədə bu sahəni inkişaf etdirmək üçün vəsait ayırır. Əslində isə həmin vəsait hansısa rəhbərin, rejissorun, icraçı prodüserin qeyri-rəsmmi yollarla “inkişafına” yönəldilir.
İntiqam Valehoğlu