Milli Məclisin bu gün keçirillən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. Məcəllənin 38.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək (hazırda on beş günədək nəzərdə tutulub) müddətə inzibati həbs tətbiq olunacaq.
Dəyişikliyə əsasən, avtoxuliqanlığa görə nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək (hazırda beş gündən on günədək) inzibati həbs tətbiq olunacaq.
Plenar iclasda həmçinin Cinayət Məcəlləsinin “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrinə dəyişiklik edib.
Qeyd edək ki, dəyişikliyə əsasən, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya (təhqirə) görə 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Modern.az