Modern.az

Ermənistan Rusiyaya qarşı - Süni gərginliyin səbəbi nədir...

Ermənistan Rusiyaya qarşı - Süni gərginliyin səbəbi nədir...

Analitika

28 Dekabr 2022, 15:17

Son vaxtlar Rusiya və Ermənistan arasında soyuqluq müşahidə olunur. Bunu həm yürüdülən siyasətdə, həm də ayrı-ayrı rəsmilərin dilindən olan açıqlamalarda müşahidə etmək mümkündür. Uzun illər Rusiyanın himayəsi və dəstəyi ilə Cənubi Qafqazda işğalçılıq və təcavüz siyasəti yürüdən, iqtisadi təcrid şəraitində ayaqda qalmağı bacaran Ermənistan tədricən Rusiyadan uzaqlaşmağa meyl edir.

Doğrudur, bu proses 2018-ci ildə baş verən məxməri inqilabla Nikol Paşinyanın hakimiyyətə gəlməsindən başlayıb. Lakin II Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti, daha çox isə Ukraynada müharibənin başlaması bu prosesi daha da sürətləndirdi. Xüsusən, Rusiyanın müharibədəki uğursuzluqları və dünyadan təcrid olunması, iqtisadi və hərbi baxımdan zəifləməsi Ermənistanı daha da Qərbə doğru sürüklədi.

Qərbyönümlü Paşinyan hakimiyyətinin bu vaxta kimi olan siyasəti təqribən bundan ibarət idi: ABŞ-dan və Avropa ölkələrindən iqtisadi və siyasi baxımdan dəstək almaq prioritet istiqamət idi, lakin hərbi-təhlükəsizlik baxımından Rusiyanın himayəsini də əldən buraxmaq arzulanmırdı.

Lakin son vaxtlar rəsmi İrəvan istədiyinə nail ola bilmir. Belə ki, siyasi oriyentasiyasını Qərbə yönəldən Ermənistana Rusiya daha "təhlükəsizlik yastığı" olmaq niyyətində deyil. Buna görə də münasibətlərdə müəyyən gərginlik əmələ gəlib.

 

 

Məsələn, Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Laçın dəhlizindəki vəziyyətə toxunaraq Rusiya sülhməramlılarının öhdəliklərini tam olaraq yerinə yetirmədiyini açıqlamışdı. Təbii ki, bu, həm də daxili siyasət baxımından Paşinyana lazım idi. Çünki 44 günlük müharibədəki uğursuzluqdan sonra tənələrə rəğmən hakimiyyətini qoruyub saxlamağı və yenidən seçkilərdə qalib gəlməyi bacaran Paşinyan son vaxtlar Qarabağla bağlı yenə tənqidlər eşitməyə başlayıb. Ermənistan baş naziri bu açıqlama ilə həm özünə yönələn ittihamları boynundan ataraq günahın müttəfiq Rusiyada olduğunu izah etməyə çalışır, həm də müxalifətdəki rusyönümlü siyasi qüvvələrin arqumentasiyasını zəiflətməyə və neytrallaşdırmağa, bu dairələri ictimai dəstəkdən məhrum qoymağa nail olmağa can atır. Həm də batan gəmidə yer almadığını – Rusiyadan müstəqil hərəkət etdiyini və lazım gələndə Moskvadan gileylənməyi də bacardığını Qərbə nümayiş etdirməyə çalışır.

 

 

Kremlin cavabı özünü gözlətmədi. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov İrəvanın könlünü almağa çalışdı. Peskov ölkəsinin imzalanan müvafiq sənədlərə uyğun şəkildə fəaliyyət göstərdiyini, Rusiyanın Ermənistanla sülhməramlıların fəaliyyətini müzakirə etməyə davam edəcəyini bildirdi: "Sülhməramlılar ərazidə qayda-qanunu təmin etmək məqsədilə əlindən gələni edir". Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Paşinyanın açıqlamasına daha sərt reaksiya verdi. Moskva “kökə və dəyənək” siyasətinə sadiq qalaraq əvvəlcə yumşaq, sonra isə sərt cavabını ortaya qoydu.

"Mən bütün bunların əksini deyə bilərəm. Rusiya sülhməramlıları stabilliyi təmin etməkdən ötrü işlər görür. Onlar bu istiqamətdə fəaliyyət göstərir. Əgər kimsə, bunu yadından çıxarıbsa, mən yadına sala bilərəm. Ona görə də bizim sülhməramlılarımıza qarşı bu cür fikirlər qəbuledilməzdir", - Zaxarovanın açıqlamasında deyilirdi.

 

Bundan sonra Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşündən İrəvanın imtina etməsi Rusiya-Ermənistan münasibətlərindəki soyuqluğu bir daha ortalığa qoydu. Rusiyanın mediatorluğu ilə təşkil olunan görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak etməməsi İrəvanın Moskvadan narazılığının növbəti ifadəsi idi. Lavrovun Ermənistanın bu fürsəti itirdiyini söyləməsi və imtina barədə məlumatı diplomatik kanallardan yox, mətbuatdan eşitməsi barədə açıqlaması soyuqluğun hansı səviyyədə olduğunu göstərirdi.

 

Ermənistan XİN başçısı isə rusiyalı həmkarını yalançı çıxararaq görüşün ləğv edilməsi barədə məlumatın həm Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatına, həm də Rusiyanın Ermənistandakı səfirliyinə çatdırıldığını bəyan etdi. Ermənistanın israrla vasitəçiliyini istədiyi ATƏT-in Minsk qrupunu “dəfn olunmuş” adlandıran Moskvanın təkbaşına vasitəçiliyinə İrəvan tərəfindən beləcə torpaq atıldı.

 

Bundan sonra MDB dövlət başçılarının qeyri-rəsmi sammitində Paşinyan-Putin görüşünün münasibətlərdəki buzları müəyyən qədər əridəcəyi gözlənilirdi ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması odun üstünə benzin tökdü. Qriqoryan Rusiyanı Ermənistana təzyiq göstərməkdə ittiham etdi və İrəvanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edildiyini bildirdi.

 

“Strateji müttəfiqimiz Rusiya Ermənistanı formalaşmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir”, - Qriqoryan bildirdi. Qriqoryan dedi ki, Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır. Təhlükəsizlik Şurasının katibi Konstitusiyaya görə Ermənistanın suveren dövlət olduğunu və belə də qalacağını, suverenliyin qorunmasının hazırkı Ermənistan hökumətinin missiyası olduğunu vurğulayıb.

 

 

Kremlin cavabı yenə də gecikmədi. Putinin sözçüsü Dmitri Peskov Qriqoryanı təxribatçı adlandırmaqdan çəkinmədi. O qeyd edib ki, Qriqoryanın açıqlaması təxribat xarakteri daşıyır: "Rusiya rəsmilərindən heç kim bu barədə açıqlama verməyib. Ermənistana bu məsələ ilə bağlı heç nə çatdırılmayıb".

 

Görünür İrəvanın Qərbə yönələrək Qarabağdakı erməni əhalisinin məsuliyyətini Rusiyaya yükləmək siyasəti iflasa uğrayıb. Rusiya Ermənistanın təhlükəsizliyini havayı təmin edəcək qədər sadəlövh deyil. Əgər Moskvanın yaratdığı imkanlardan yenə yararlanmaq istəyirsə, İrəvan olan-qalan suverenliyindən bir az da qurban verməlidir. Ya da Makronun quru bəyanatları və Qərbin mənəvi dəstəyi ilə kifayətlənməyi bacarmalıdır. Ən doğru yol isə Azərbaycanın şərtlərini qəbul edərək sülhə nail olmaq, təxribatçı siyasətdən əl çəkərək nə Rusiyanın, nə də Qərbin dəstəyinə möhtac qalmadan Türkiyə, Azərbaycan kimi qonşuları ilə normal münasibətlər qurmaq və müstəqil, normal dövlətə çevrilməkdir.

 

Modern Təhlil Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır