“Gündəmdə Feysbuk yaxud Tvitterin qadağan olunması ilə bağlı məsələ yoxdur və ola da bilməz”. Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu günkü iclasında deputat Fuad Muradov Baş Prokurorluq tərəfindən parlamentə daxil olmuş “Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında”qanun layihəsinin müzakirəsi zamanı bildirib. Millət vəkilinin sözlərinə görə, internetdə küçə söyüşləri və biədəb şəkildə montaj olunaraq şəkillərin yayılması ciddi suallar yaradıb.
“Bununla bağlı tədbirlər Avropada çoxdan qanunlaşdırılıb. Biz hələ gecikmişik”-deyən F.Muradov bir sıra ölkələrin təcrübəsini nümunə göstərib. Deputat qeyd edib ki, ABŞ-da, İngiltərədə təhqir və böhtana görə Andlılar məhkəməsi qərar verir. “İsveçrədə 3 il, Çexiyada 1 il, Danimarkada 6 ay həbs cəzası nəzərdə tutulub”.
Deputatın sözlərinə görə, sosial şəbəkələrdə normal fikir ifadə etmək və öz mövqeyini qanunauyğun çəkildə ifadə etmək əvəzinə bir sıra hallarda söyüş və təqhirlərdən istifadə edilir. Bu isə yolverilməzdir“.
Deputat həmçinin bildirib ki, məmurlar və deputatlar da öz fikirlərini ifadə edərkən diqqətli olmalıdırlar. “Bu məsələdə jurnalistləri qınamaq da düz deyil. Biri çıxır deyir “tutuquşuyam”, o biri deyir “ölü görürəm”.
F. Muradov həmçinin kibercinayətkarlığa qarşı mübarizə haqqında qanunun qəbul edilməsini təklif edib.
Deputat həmçinin narkomanların cinayət məsuliyyətinə cəlb olunması müddətinin artırılması ilə bağlı təkilfə münasibət bildirirəkən ölkədə müalicə dispanserlərinin sayının artırılmasını təklif edib. “Diqqət daha çox bu narkomanların sağaldılmasına yönəldilməlidir”-deyə deputat vurğulayıb.
Modern.az