Azərbaycan dövləti Qarabağdakı işğalı və terrorçu qrupları maliyyələşdirən Ermənistanın rəsmi qurumlarına, xüsusilə də maliyyə təşkilatlarına sanksiyalar tətbiq edilməsinə çalışmalıdır.
Modern.az xəbər verir ki, bunu siyasi ekspert Nazim Cəfərsoy bildirib. Onun sözlərinə görə, rəsmi Bakı bununla bağlı lazımi beynəlxalq təşkilatlara müraciət etməlidir.
“Ermənistandan və eləcə də dünyadan Xankəndiyə pul köçürmələrini həyata keçirən bütün bankların beynəlxalq köçürmə sistemlərinin və varsa SWIFT sisteminin bloklanması üçün Azərbaycanın əlaqədar rəsmi qurumları lazımi tədbirlər görməlidir!”, - N.Cəfərsoy bildirib.
Xatırladaq ki, Ermənistan hakimiyyəti bu il ərzində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki ermənilərə 410 milyon dollar yardım ayırıb. Ermənistanın baş naziri Nikol Paşinyan dünən daha 10 milyon dollar ayırdıqlarını söyləyib.
“Hayastan” ümumerməni fondu isə təkcə dünən keçirdiyi bir tədbirlə Qarabağdakı separatçılara 500 min dollar toplayıb.