Peru şamanları Rusiya və Ukrayna arasında münaqişənin 2023-cü ilin avqustuna qədər bitəcəyini proqnozlaşdırıblar.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” Agentliyi yazıb.
Peruda şamanlar hər il dekabrın sonunda təmizlənmə mərasimi keçirirlər. Yeni il ritualı Perunun paytaxtı Limanın San-Kristobal təpəsində keçirilir. Bu dəfə mərasimdə şamanlar buxurdan, çiçəklərdən, ilandan, Rusiya və Ukrayna prezidentlərinin fotoşəkillərindən istifadə ediblər.
“Hər şey sakitləşəcək. Sülh və əmin-amanlıq gələcək. Gördüyümüz budur”, - şaman Kleof Sedano “Reuters”ə bildirib. O, sülh müqaviləsinin avqusta qədər imzalanacağını proqnozlaşdırıb.
“Reuters” qeyd edir ki, perulu şamanlar gələn il üçün çoxsaylı təbii fəlakətlər də proqnozlaşdırıblar.
Onların proqnozlarına görə, Şimali Amerikada zəlzələ baş verə bilər.
“Ria Novosti” Agentliyi isə rusiyalı astroloq Tamara Qlobadan 2023-cü il üçün ətraflı proqnoz istəyib.
Tamara Qloba silahlı qarşıdurmaların gələn il dayanacağı fikri ilə razılaşmır. Onun sözlərinə görə, münaqişə 2024-cü ilə qədər davam edəcək, lakin əvvəlcə kəskin qarşıdurma, sonra isə danışıqlarla yekunlaşacaq.
“Və pandemiya qəfil bitdiyi kimi, hərbi hadisələr də birdən-birə yekunlaşa bilər. Sonra isə yeni dövr gələcək”, - astroloq bildirib.
O, həmçinin hesab edir ki, “Rusiya və dünya üçün dönüş nöqtəsi 2023-cü ilin ortaları olacaq”.
"Oktyabrın sonunda, son səkkiz il ərzində hazırlanmış bir çox müqavilələr ləğv olunacaq", - Tamara Qloba deyib.
O, proqnozunun "təxminən 85-95 faizinin gerçəkləşdiyini" iddia edir.
Tamara Qloba genişmiqyaslı nüvə müharibəsinin olmayacağına əmin edib.
“Nüvə sızması ola bilər, bu mümkündür, amma” hamı bir-birinə bomba atacaq” kimi şeylər olmayacaq. Görürəm ki, gələn il həyat var”, - deyə astroloq bildirib.
Rusiya televiziyasına dəvət olunmuş astroloqlar da gələn il üçün proqnozlar veriblər.
“Yanvarda təzyiq aradan qalxacaq. Fevralda isə yenə gələcək. Mart son dərəcə dönüş nöqtəsi olacaq: bir tərəfdən razılaşmalar üçün müxtəlif variantlar təklif olunacaq. Digər tərəfdən, onların tərkibində təxribat xarakterli şeylər olacaq və bizim onlara getməməyimiz vacibdir. Tarixi səhifə sözün əsl mənasında çevrilir”, - deyə astroloq Svetlana Draqan efirdə bildirib.
Falçı 2023-cü ilin yazında “NATO-nun dağılmasının başlanacağını” və ABŞ-ın parçalanacağını da proqnozlaşdırıb.
İtalyan falçı Giovanni Pelosini də Rusiya və Ukrayna ilə bağlı proqnoz verib. O, 2023-cü ilin martını “bütün dünya üçün vacib dövr” adlandırıb.
“Ukraynanın astroloji gələcəyinə baxanda görürəm ki, onun üçün tarixi dövrün sonu çox gec - 2029-cu ilin avqustunda baş verəcək. Ukrayna çətin günlərdən keçəcək və özünə gələcək”, - italyan falçı deyib.