İsmayıl Tanrıverdi
BDU-nun
Erməni araşdırmalarının ETL-nin böyük elmi işçisi
İş günüm yenicə başlamışdı. İşimlə əlaqədar olaraq saytlara baxmağa başladım. News.am erməni saytında maraqlı bir məqaləyə rast gəldim. Türkiyənin “Hürriyyət” qəzetindən götürülmüş, mən yazdığım kimi eyni bir məqalə idi. Məzmunu isə aşağıdakı kimi: Türkiyənin Trabzon vilayətinin Ofi rayonunda yaşayan erməni əsilli Ermina Dalmazyan “İlin anası” elan edilib. Bir neçə il bundan əvvəl E.Dalmazyan bacısı ilə görüşmək üçün Türkiyəyə gəlir və burada 9 il öncə həyat yoldaşını itirmiş Məhəmməd Əli Şimşəklə tanış olur. M.Ə.Şimşək ona evlənmək təklifi edir və müsbət cavab alır. Evləndikdən sonra Ermina ərinin familyasını götürür və Şimşəyin vəfat etmiş həyat yoldaşından olan 4 uşağına da öz balası kimi baxır. Sonradan isə özünün də 2 uşağı dünyaya gəlir.
Ofi rayon bələdiyyə başçısı Ərən Arslan 6 uşağın nümunəvi tərbiyəsinə görə erməni əsilli Erminanın ailəsinə şəxsən baş çəkərək, ona minnətdarlığını bildirib və onu “İlin anası” edib.
Burada maraqlı məqam ondan ibarətdir ki, ancaq yuxarıda deyilənlərlə kifayətlənən erməni mətbuatı videoda Erminanın öz dilindən eşidəcəyiniz bir çox məqamları oxuculardan gizli saxlayır. Məsələn, onun tək soyadının yox, həm də adının dəyişdirilərək Aişə qoymasıı, müsəlmanlığı qəbul etməsi, Türkiyə dövlətinə təşəkkür etməsi, Ermənistanda olsaydı belə bir şəraitdə yaşaya bilməyəcəyi, heç bir yardımın olmayacağı və.s vacib məsələlərin əksəriyyəti haqqında məlumatları videodan öyrənmək olar.
Sonda Aişə (Ermina) erməni xalqına da müraciət edərək sözdə soyqırımı məsələsinə son qoymalarını kin-küdurəti və savaşı dayandırmalarını qardaş olmalarını istəyib.
Mənim bildiyimə görə, erməni saytlarında məlumat və məqalələrlə bağlı şərhlərə o qədər də yer verilmir, yəni buna elə maraq da yoxdur. Lakin “Hürriyyət” qəzetində dərc edilən və sonradan erməni KİV-lərində yayımlanan bu məqalə demək olar ki, bütün Ermənistanda əks-sədaya səbəb olub. Məqaləyə şərh yazan ermənilərin fikirləri də maraqlıdır:
Onlardan biri S.Avanesyan yazır: “Ermənistanda erməni ermənini öldürür və ya nəfəs almağa belə, imkan vermir, buna vətənpərvər kimi baxırsınız. Özünüzə bir sual verin: əgər Ermənistanda yaşayış səviyyəsi yaxşı olsaydı, o qadın yəqin ki, Türkiyəyə getməzdi. Görün ki, o qadın nə qədər yorulub, bezib ki, gedib türklə evlənib.
N.Arabyan yazır: “Ən başlıcası odur ki, o qadın xoşbəxtdir”.
M.Antonyan yazır: “Ermənistanda erməniyə qiymət verməyəndə Türkiyədə qiymət verirlər. Qoy hakimiyyətdəkilər görsün ki, Ermənistanı tərk etmək məcburiyyətində qalanlar heç vaxt geri qayıtmırlar”.
Başqa bir erməni yazar T.Tiqran yazır: “Xarici ölkələrdə sadə ermənilərə necə baxmaları hamıya bəllidir. Seçkilərin də necə keçdiyini gördük, biabırçı müxalifət, biabırçı hakimiyyət. Axırı da belə olmalıydı”.
Şərhlərin çoxunda erməni qadına müxtəlif təhqiramiz sözlər deyənlər, onu erməni xalqının üz qarası adlandıranlar da olub.
Beləliklə bütün Ermənistanda sensasiya yaradan bu məqalənin nəticlərini analiz edərkən ermənilərin özlərinin bir kəlamı yada düşür. “Vordeğ hay, endeğ vay” (harada hay, orada vay).