Modern.az

Pelenin həyatındakı ÜÇLƏR - Kasıb oğlan necə əfsanəyə çevrildi...

Pelenin həyatındakı ÜÇLƏR - Kasıb oğlan necə əfsanəyə çevrildi...

30 Dekabr 2022, 14:08

Braziliya millisinin sabiq üzvü, üçqat dünya çempionu Pele ötən gün dünyasını dəyişib. 82 yaşlı futbol əfsanəsinin ölümü milyonlarla insanı yasa qərq edib. 

 

Pelenin futbol kariyerası olduqca məhsuldar olub. O, futbol üzrə yeganə üçqat dünya çempionu olub. Dünya futbolunun kralı hesab olunan Pele Braziliya yığmasının heyətində 92 görüş keçirib, 77 qol vurub. O, XX əsrin ən yaxşı futbolçusu elan edilib, eyni zamanda karyerası ərzində 1279 qolla Ginnesin rekordlar kitabına düşüb.

 

Modern.az Pelenin həyatı və kariyerası ilə bağlı maraqlı məlumatları təqdim edir.

 

Edson Arantis du Nasimentu (Pele) 1940-cı ilin 23 oktyabr tarixində Braziliyanın Minas-Jerays ştatının Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Pele kiçik yaşalarında futbola böyük maraq göstərib. Futbol həmişə onun üçün sevimli əyləncələrdən biri olub. Atası Dondino da sabiq futbolçu idi. Buna görə də, onun ilk müəllimi məhz atası olub. Atası Peleyə futbolun sirlərini öyrədib. Pele 7 yaşında ikən yerli uşaq komandasında çıxış etməyə başlayıb. Burada hücumçu kimi məhsuldar və möhtəşəm oyunu ilə fərqlənməyi bacarıb.

 

 

Pele professional futbol kariyerasına 1955-ci ildə "Santos" komandasında başlayıb. Karyerasının böyük hissəsini məhz bu komandanda keçirib və iyirmi beş kubok qazanıb. 1962-ci ildə klub tarixində ilk dəfə Libertadores kubokuna sahib olub. Pele 1958-ci ildə Braziliya millisinin tərkibində Dünya Kuboku üzrə matça çıxıb. Dünya Kubokunun final matçında vurduğu qolla o, adını tarixə yazdırıb. Belə ki, Pele bununla Dünya Kubokunun finalında qol vuran ən gənc oyunçu kimi tarixə düşüb.

 

Milli komandadakı 14 illik karyerasında o, üç dəfə (1958, 1962, 1970) dünya çempionu olub. Futbol tarixində bu bir ilkdir. 

 

Pele karyerasının son iki ilini “New York Cosmos”da keçirib. Daha sonra yaşıl meydanları tərk edib.

 

 

Pele 1956-cı ildən 1977-ci ilə qədər 1363 oyunda 1279 qol vurub. O, FİFA tərəfindən ən yaxşı futbolçu adına layiq görülüb. Pelenin karyerasında ən parlaq nəticə 1959-cu ildə – 126 qol ilə yadda qalıb. O, 30 matçın hər birində azı 4 qol, 6 görüşdə isə 6 ardıcıl qol vurmaqla dünya tarixində iz qoyub. Futbol kralının daha bir uğuru 1964-cü ildə keçirilən oyunda "Botafoqo" klubuna 8 qol vurması olub.

 

O, 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən "Əsrin idmançısı" seçilib. Tale elə gətirib ki, Pele 20-ci əsrin 100 ən əhəmiyyətli adamı sırasına daxil olub. 

 

Pele təqaüdə çıxdıqdan sonra futbol səfiri kimi fəaliyyəti ilə yanaşı, UNICEF-də də çalışıb. Yoxsulluğun azaldılması və imkansız uşaqların təhsil alması üçün öz fondunu quran Pele 1995-1998-ci illərdə Braziliyanın idman naziri vəzifəsində çalışıb. 2000-ci ildə Dieqo Maradona ilə birlikdə FİFA-nın "Əsrin oyunçusu" mükafatına layiq görülüb.

 

Pelenin peşəkarlığının sirri fenomenal bacarıq və əməksevərliyində idi. Məlumdur ki, o, idman karyerasının pik vaxtlarında 100 metrlik məsafəni 11 saniyəyə qaçaraq az fərqlə peşəkar atletlərdən geridə qalırdı. Öz dövründə aparılan araşdırmalara əsasən Pele proseslərə çox geniş bucaq altında baxa bilirdi. Bu da tez-tez dəyişən vəziyyəti qiymətləndirmək və optimal qərar vermək baxımından ona kömək edirdi.

 

 

Pele uzun müddət futbol texnikasının ayrı-ayrı komponentlərinə vaxt ayıraraq hər iki ayağı ilə qol vurmaq bacarığına malik olub. Pele, həmçinin qolu hiss etmə qabiliyyəti, müstəsna intuisiya və oyunu iti anlama bacarığı ilə fərqlənirdi. Yüksək individual fərdi oyununa baxmayaraq, Pele hər zaman komanda oyununun tərəfdarı idi. O, "ümumi səy olmadan futbolda qələbə mümkün deyil", futbol komanda və kollektiv deməkdir, bir-iki ulduz oyunçu demək deyil", - deyirdi.

 

Pele, həmçinin qolun qrossmeysteri kimi məşhur idi. Onun komanda yoldaşlarına atdığı paslar dəqiq və vaxtında olurdu. Beləliklə, o, tez-tez rəqib komandasını gözlənilməz və standart olmayan epizodlarla məysu etməyi bacarırdı.

 

Ekspertlərin fikrincə, Pelenin futbol texnikasında hər hansı boşluq və zəiflik yox idi. O, həmdə meydançada möcüzələr yaratmağı bacaran nadir futbolçulardan olub. Futbol kralının 1961-ci ildə "Fluminenze" komandasına vurduğu qol əsrin qolu adlandırılaraq əbədiləşdirib və qolun şərəfinə Marakana stadionunda xatirə işarəsi qoyulub.

 

Şəxsi həyatına gəlincə, Pele 1966-cı ildə Rozemeri dos Reys Şolbi ilə ailə həyatı qurub. Pelenin bu evlilikdən 3 övladı - Kelli Kristina, Edson və Jennifer dünyaya gəlib. 1982-ci ildə dünya şöhrətli futbolçunun ailəsi dağılıb və o, yeni bir həyata qədəm qoyub. 

 

1994-cü ildə Pele ikinci dəfə evlənib. Onun ikinci seçimi Assiriya Lemos Seyşas adlı xanım olub. Cütlüyün əkiz övladları dünyaya gəlib. Lakin bu evlilik də uzun çəkməyib və 2008-ci ildə cütlük ayrılmaq qərarına gəlib.

 

2016-cı ilin iyul ayında Pele 3-cü dəfə  ailə qurub. 50 yaşlı Marsii Sibeli Aoki ilə evlənən Pelenin üçüncü evliliyindən övladı olmayıb. 

 

3 il öncə ölüm xəbəri yayılan Pele ötən gün gözlərini əbədoi yumaraq, həyatla vidalaşdı. Beləliklə, onun sonuncu evliliyi də yarımçıq qaldı...

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi