Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdi. Artıq yeni ilə keçməklə bərabər ölkəmizdə “Heydər Əliyev İli”də başlamış sayılır.
2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi vətəndaşlar, ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. Bu il görüləcək işlər, layihələr ictimaiyyət tərəfindən maraqla gözlənilir.
Ölkə Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 müddəadan ibarət «Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər planı təsdiqlənib.
Milli Məclisin deputatları da “Heydər Əliyev İli” haqqında düşüncələrini bölüşüblər.
Deputat Eldar İbrahimov sərəncamla əlaqədar ölkə başçısına təşəkkür edib:
“Bu il ulu öndərin 100 illiyi tamam olur. Heydər Əliyev Azərbaycan xalqının ürəyində, Azərbaycan dövlətçiliyində xüsusi iz buraxan şəxsiyyətdir. O, Azərbaycanı ən qabaqcıl ölkələrdən birinə çevirib. 1991-ci ildə Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra burada dirçəlişə çalışdı və Naxçıvanın ermənilər tərəfindən işğal olunmasının qarşını aldı. Biz Heydər Əliyevin hesabına Naxçıvanı əldə saxladıq, qonşu ölkələrdən - İrandan və Türkiyədən gələn yardım hesabına ayaqda qaldıq. Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasətini davam etdirir. Xüsusilə, Qarabağ və Şuşa ilə əlaqədar ulu öndərin vəsiyyətini, arzusunu məhz Prezident İlham Əliyev həyata keçirdi.
Keçmiş sovet məkanında Heydər Əliyevi sevirlər. Mən əminəm ki, bizim keçirəcəyimiz tədbirlərə maraq böyük olacaq. İstənilən halda, çox vacib məsələdir ki, 2023-cü ildə Heydər Əliyev irsi bütün dünyaya çatdırılacaq. Bir daha sübut olunacaq ki, Azərbaycan xalqı necə böyük xalqdır, dünyada tanınmış siyasi xadim yetişdirib".
Deputat Məlahət İbrahimqızı da bu illə bağlı fikirlərini bildirib:
“Bu qərar hər kəsin ürəyindən xəbər verirdi. Ulu öndər hələ sovet dönəmində rəhbərlik etdiyi gündən Azərbaycanın müstəqil olacağını, azərbaycanlıların öz istiqlaliyyətinə qovuşacağını bilirdi. Ümumilli lider Heydər Əliyev istər Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olanda, istər Azərbaycan SSR-in birinci katibi olanda, Moskvada Siyasi Büronun üzvü olanda bilirdi ki, xalqımız mütləq öz istiqlaliyyətinə qovuşacaq. Çünki Azərbaycan xalqı tarix boyu heç vaxt kölə kimi yaşayan xalqlardan olmayıb. Tarix boyu, Azərbaycan xalqının, türk xalqının mövcud olduğundan bəri bu xalq istiqbalı və istiqlalı ilə hür yaşayıb. Ona görə də, Sovet sistemində çalışanda, yüksək rəhbər vəzifələr tutanda gördüyü işlərlə gələcək müstəqil Azərbaycana töhfələr verib. Müstəqilliyin təməl daşlarını qoyub. O çalışıb ki, Azərbaycan nə vaxtsa, müstəqil olanda, bununla bağlı problem yaşanmasın”.
M. İbrahimqızı vurğulayıb ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında həmişə yaşayacaq:
“Ona görə də, bu qələbənin təməllərini hələ o vaxtdan atırdı. Biz ötən 30 il müddətində gördük ki, ulu öndər Heydər Əliyevin siyasəti nə qədər müdrik və uzaqgörəndir. Biz onu bir çox hallarda dərk etməmişik. Yetərincə, layiqincə qiymətləndirə bilməmişik. Çünki onu qiymətləndirmək üçün Heydər Əliyev kimi mütəxəssis olmaq lazımdır. Alim olmaq lazımdır. Hər keçən gün Heydər Əliyevin dahiliyi, Azərbaycan xalqına bağlılığının bir daha şahidi oluruq. Heydər Əliyev irsi əbədiyaşar, tükənməz bir irsdir, xəzinədir. O xəzinədən istifadə edəndə biz Şuşa zəfəri kimi bir zəfər qazanmağa nail oluruq. 2003-cü ildən ümumilli liderin siyasi kursunu davam etdirən, onun ən dəyərli, siyasi varisi olan İlham Əliyevin timsalında bir daha onun dahiliyinin şahidi olduq. Azərbaycan xalqı həmişə o irsdən faydalanacaq. Faydalandıqca zəfər və uğur qazanacaq. Son olaraq onu demək istəyirəm ki, Heydər Əliyev Azərbaycanın özüdür. Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Ulu öndərin bir sözü var, deyir ki, Azərbaycan durduqca mən var olacam. Azərbaycan əbədiyyən var olacaq və həmişə Azərbaycan xalqının yaddaşında Heydər Əliyev yaşayacaq”.
Modern.az xəbər verir ki, Tədbirlər Planına əsasən, 2023-cü ildə görüləcək işləri xatırladır:
- Heydər Əliyev İli” ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi;
- Yerli və xarici mediada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibə və məqalələrin dərc edilməsi;
- Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilməsi;
- Azərbaycan Respublikasının şəhər və rayonlarında “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrin, sərgi, festival və düşərgələrin, konsert və tamaşaların təşkili;
- Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirilməsi; Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəblərində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçirilməsi;
- Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlərin təşkili;
- “Heydər Əliyev İli” çərçivəsində idman yarışlarının və beynəlxalq turnirlərin təşkili, “Heydər Əliyev İli” ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi;
- Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri;
- Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi;
- Təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi; «Heydər Əliyev İli» çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi; Azərbaycan Respublikasının şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması;
- Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi;
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması; Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələrin hazırlanması, Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi.
«Heydər Əliyev İli»nin təsis edilməsi, həmçinin Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Artıq fəaliyyət planının təsdiqlənməsi ilə hər bir azərbaycanlı bu işlərə yüksək səviyyədə cəlb olunur.
Onu da qeyd edək ki, Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür.
Sonda isə bildiririk ki, Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Qalib Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycan kimi sözünün imzası qədər əhəmiyyətini təkmil inkişaf modeli ilə bir daha təsdiqləyəcək.