Modern.az

“Niyə ermənilərə Qazaxdan keçib Xankəndiyə getməyi təklif etmirik?” - Tofiq Zülfüqarov

“Niyə ermənilərə Qazaxdan keçib Xankəndiyə getməyi təklif etmirik?” - Tofiq Zülfüqarov

4 Yanvar 2023, 09:08

“Nə üçün Qarabağla bağlı ekoloji nəzarət mövzusu BMT-də müzakirə predmetinə çevrildi, amma Naxçıvanın Ermənistan tərəfindən tam blokadaya alınması yox?
Nə üçün ermənilər Naxçıvana başqa yollardan keçməyə icazə verdiklərini, Zəngəzurdan keçən yolun isə eksteritorial statusa malik olmayacağını deyəndə, biz onlara Qazaxdakı nəzarət-buraxılış məntəqəsindən keçib Xankəndiyə getməyi təklif etmirik? İl yenidir, amma suallar köhnə”.

Modern.az-ın məlumatına görə, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ermənilərin Laçın yolu ilə bağlı beynəlxal aləmdə hay-küy salmalarına münasibət bildirərkən deyib.

“Nə üçün Ermənistan ərazi bütövlüyümüzü yalnız çoxtərəfli sənədlərə istinad çərçivəsində tanımağı mümkün hesab edir və bunu ikitərəfli öhdəliklər çərçivəsində birbaşa və hüquqi cəhətdən məcburi tanınma kimi qəbul etmir?

Nə üçün Ermənistan və onun havadarları Azərbaycan ərazisindəki erməni əhalinin hüquq və təhlükəsizliyinin nəzərə alınmasının vacibliyində təkid edir, Zəngəzur və Göyçəyə qayıdıb yaşamaq istəyən azərbaycanlıların hüquq və təhlükəsizliyinin nəzərə alınmasının vacibliyini isə yox?

Ermənistan qoşunları Qazaxın işğal olunmuş 7 və Naxçıvanın Kərki kəndindən niyə çıxarılmayıb?

Niyə erməni silahlı birləşmələri Qarabağdakı Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasından çıxarılmayıb?”, - deyə T.Zülfüqarov bu suallara cavab verilməsinin vacibliyini qeyd edib.

Eks-nazir bildirib ki, bu suallar 2023-cü il üçün diplomatiya və təbliğatımız baxımından təklif olunan gündəliyin yalnız bir hissəsidir:

“Mən bu ilin diplomatiyamız üçün gərgin olacağını gözləyirəm. Əlbəttə, çox işlər görülüb, amma çox iş də qalıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI