Füzuli rayon İcra Hakimiyyəti son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində icra başçısı Alı Alıyevlə bağlı dərc edilən məlumatlara etirazını bildirib. Rayon İcra Hakimiyyətindən Modern.az saytına bildirilib ki, bəzi KİV-lər heç bir fakta söykənməyən, əsasız, qərəzli və böhtan xarakterli yazılar dərc etməklə Alı Alıyevin nüfuzuna zərbə vurmağa çalışırlar.
”Jurnalist əxlaqına sığmayan tamamilə yalan və böhtan xarakterli yazıların rayonun hazırki rəhbərliyi ilə heç bir aidiyyatı yoxdur, əks təqdirdə yerində gəlib araşdırma aparılmasını cızmaqaraçı jurnalistlərin öhdəsinə buraxırıq.
Bildiririk ki, Prezident İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Azərbaycanın hər yerində olduğu kimi, Füzuli rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Azərbaycanın hər guşəsi kimi, Horadiz şəhəri də sürətlə inkişaf edir, yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, müasir dizaynda yeni parklar, bağlar salınır, magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülür, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılır.
Görülən işlərin hamısını kiçik bir yazıda sadalamaq qeyri-mümkündür. Amma, sağlam düşüncəli insan üçün bu yazı da kifayət edir ki, bütün bu işlərin insanlar üçün, vətəndaşların xoş güzəranı üçün edildiyini görsün və anlasın”-deyə Rayon İcra Hakimiyyəti bəyan edib.
Qeyd edilib ki, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda qurucukluq işləri ardıcılıqla aparılır və bütün bunlar sakinlərin rahatlığı üçün edilir.
”Hər bir füzulili bu işlərlə fəxr edib qürur hissi keçirir. KİV-lərdə böhtan yazanlar. və onların arxasında duranlar isə bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırlar” - Füzuli RİH bildirib.
Modern.az