Modern.az

Ötən ildən qalan problemlər - Siyasi təlatümlər hələ davam edəcək?

Ötən ildən qalan problemlər - Siyasi təlatümlər hələ davam edəcək?

5 Yanvar 2023, 15:12

Geridə qalan 2022-ci il Rusiya-Ukrayna müharibəsindən tutmuş, qlobal iqtisadi, ekoloji, sosial problemlərə qədər böyük siyasi burulğanlarla müşayiət olundu.

 

"Foreign Policy" nəşri ötən ildəki əsas beynəlxalq problemlər və Rusiya-Ukrayna müharibəsinin dünyaya təsirini dəyərləndirən analitik material hazırlayıb.

 

Modern.az sözügedən materialın oxucular üçün maraqlı olacağını nəzərə alaraq, tərcümə variantını təqdim edir:

 

O edəcək, ya etməyəcək? Keçən ilin bu vaxtı sual bu cür qoyulmuşdu. Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədlərinə təxminən 200 min əsgər yığmışdı. ABŞ kəşfiyyatı Rusiyanın hərtərəfli müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq etmişdi. Bütün əlamətlər hücuma işarə edirdi. Bu, ağlasığmaz görünürdü. Düzdür, Rusiya 2014-cü ildə Ukraynaya hücum etmişdi və 2021-ci ilin yazında da işğala hazırlıq görmüş, sərhəddə qüvvələr toplamışdı. Kiyevin onun iradəsinə boyun əyməkdən imtina etməsinə Putin getdikcə daha çox qəzəblənirdi. O, Ukraynanın milli kimliyinə və suverenliyinə açıq şəkildə istehza edirdi. Yenə də 2022-ci ildə nüvə silahına malik bir dövlətin səbəb olmadan təcavüzkarlıqla qonşusunu “fəth etməyə” çalışacağı şok effekti yaratmışdı.

 

Ukraynanı özünə tabe etdirməli, Qərbi zəiflətməli və Kremli gücləndirməli olan hücum indiyə qədər bunun əksini edib. Bu, Ukrayna millətçiliyini gücləndirdi və Kiyevi Avropaya yaxınlaşdırdı. NATO-ya yeni məqsəd yaratdı. Finlandiya və İsveçin alyansa qoşulmasını şərtləndirdi. Bu amil Şimali Avropada qüvvələr balansını kəskin şəkildə dəyişəcək və Rusiyanın NATO dövlətləri ilə sərhədlərinin uzunluğunu iki dəfədən çox artıracaq. Lakin müharibə Rusiya ordusunda Suriyada (2015) və Ukraynada (2014 və 2015) əməliyyatların gizlətdiyi zəiflikləri ortaya qoydu. Bu, Əfqanıstan, İraq və Liviyadakı fiaskolarını ört-basdır edən Qərbdə qətiyyət və səriştəliliyi ezə çıxarmağa fürsət verdi.

 

Bununla belə, müharibə hələ bitməyib. Rusiya iqtisadiyyatı Qərbin böyük sanksiyalarına uyğunlaşıb. Kreml Rusiyanın əvvəlki gücündə qaldığına əmin görünür. Moskva hələ də başqa yerlərdə təcavüz üçün narahatedici presedent yarada bilər. Digər tərəfdən, əgər Putin Ukraynanın irəliləyişləri və ya digər səbəblər üzündən özünü həqiqətən təhlükə altında hiss edərsə, onun nüvə silahından istifadəsi mümkündür. Əslində mümkün deyil, amma tamamilə istisna etmək çətindir.

 

Rusiya-Ukrayna müharibəsinin beynəlxalq və regional aktorlara təsiri

 

Çin üçün müharibə əsasən başağrısı olub. İki ölkə arasında ticarətin davam etməsinə baxmayaraq, Pekinin maddi dəstəyi zəifdir. Si Tsinpin Rusiyaya silah göndərməyib. Çin lideri narahat görünür. Lakin o, işğala dəstək verməklə Qərb paytaxtlarını təhrik etmək istəmir. Çin ABŞ-ın Asiyadakı müttəfiqlərinin müdafiəni gücləndirməsini ehtiyatla izləyir. Müharibə Çinin Tayvana hücumu qorxusunu artırıb. Rusiyaya qarşı tətbiq edilən irimiqyaslı sanksiyalar Çindən də yan keçməyib.

 

ABŞ və Çin arasında gələcək onilliklərdə proqnozlaşdırılan münasibətlərə gəlincə, Rusiya-Ukrayna müharibəsi bu məsələdə əsasları dəyişməyib. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana avqustda baş tutan səfəri Pekini çaşdırdı, ancaq üç ay sonra ABŞ prezidenti Co Bayden və Si Tsinpin arasında keçirilən görüş dialoqun bərpasına ümid yaratdı. Bununla belə, iki ölkənin xarici siyasətində rəqabət hələ də davam edir.

 

 

NATO üzvlüyü və Moskva ilə əlaqələri arasında uzun müddətdir ki, gedib-gələn Türkiyə BMT-nin də iştirakı ilə Ukrayna taxılını Qara dəniz vasitəsilə qlobal bazarlara çıxarmaq üçün razılaşma əldə edilməsinə müvəffəq oldu. Təşəbbüs Liviya və Cənubi Qafqazda döyüş meydanında balansı dəyişmək və pilotsuz təyyarələrin satışını genişləndirmək də daxil olmaqla, Türkiyənin çoxillik xəttinə uyğundur.

 

Səudiyyə Ərəbistanı üçün Rusiya neftinin qəfil bazardan çıxarılması sanki göydəndüşmə nemət idi. Bu, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmana münasibətdə məsafəli siyasət yürüdəcəyini vəd edərək hakimiyyətə gələn Baydeni Ər-Riyadı ziyarət etməyə məcbur etdi. Ər-Riyad digər neft istehsalçıları ilə birlikdə qiymətləri yüksək saxlamaq qərarına gəldi ki, bu da Vaşinqtonun qəzəbinə səbəb oldu.

 

ABŞ-ın təhlükəsizlik üzrə tərəfdaşı və Rusiya silahlarının əsas alıcısı olan Hindistan isə həm Rusiyadan neft alıb, həm də Putini qınayıb.

 

Qeyri-Qərb paytaxtlarının əksəriyyəti BMT Baş Assambleyasında Rusiyanın təcavüzünün əleyhinə səs verib. Lakin çox az adam Putini açıq şəkildə qınayıb və ya sanksiyalar tətbiq edib. Bir çoxlarının Moskva ilə əlaqəsini kəsməmək üçün əsası – ticarət, həm də tarixi əlaqələri var. Bunda istər COVID-19 vaksini, istər miqrasiya siyasəti, istərsə də iqlim ədalətsizliyi ilə bağlı Qərblə məyusluq da rol oynayır.

 

Həqiqətən də, Avropadan kənarda müharibənin ən böyük nəticələri iqtisadidir. İşğalın və sanksiyaların elan edilməsinin səbəb olduğu maliyyə çaşqınlığı, COVID-19-un artıq bir dəfə sarsıtdığı bazarları yenidən sarsıtdı. Ərzaq və yanacaq məhsullarının qiymətləri yüksəldi, bu da yaşayış böhranına gətirib çıxardı. O vaxtdan qiymətlər aşağı düşsə də, inflyasiya tüğyan edir və borc problemlərini artırır. Pandemiya və iqtisadi böhran həssas ölkələrə təsir edən, iğtişaşları artıra bilən, xüsusən də iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi daxil olmaqla, bir-birini gücləndirən bir neçə təhdiddəndir.

 

2022-ci il 2023-lə bağlı nikbinlik üçün hər hansı bir səbəb verdimi?

 

Ukraynanın iztirablarını nəzərə alsaq, müharibədə hər hansı faydalı tərəf axtarmaq pis görünə bilər. Lakin Kiyev daha az mübarizə aparsaydı, Qərb Baydenin rəhbərliyi altında olduğundan daha az birləşsəydi və Rusiya qalib gəlsəydi, Avropa və bəlkə də dünya daha təhlükəli yerdə olardı. Putin ilini pis keçirən yeganə güclü adam deyildi. Son vaxtlar bir neçə populist siyasətçi də uduzdu. Bolsonaro Braziliyada məğlub oldu. ABŞ-ın keçmiş prezidenti Donald Tramp hələ ki zəif görünür. Marin Le Pen Fransa prezidentliyini qazana bilməydi.

 

Kəskin fikir ayrılıqlarına baxmayaraq, Çin, Rusiya və Qərb gücləri hələlik BMT Təhlükəsizlik Şurasını Ukraynadan kənarda böhranları idarə etmək üçün bir məkan kimi görürlər. Efiopiyanın dəhşətli müharibəsi və gərgin Kolumbiya-Venesuela əlaqələri göstərir ki, Avropadakı münaqişələrə baxmayaraq, başqa yerlərdə bu missiya davam edə bilər.

 

Ümumilikdə isə pandemiya dünyanın çox hissəsini alt-üst etdi. Belə ki, qəzəbli kütlə ABŞ-ın Kapitoli binasına basqın etdi, bir neçə yoxsul ölkə borc böhranı, aclıq və ekstremal hava şəraiti ilə üzləşdi. Bu hadisələrin heç biri xəbərdarlıq etmədən baş vermədi və ayaq səsləri illər əvvəldən eşidilirdi.

 

İndi isə sual olunur: 2023-cü ildə böyük dövlətlər müharibəyə girəcəkmi? Təxminən 80 illik nüvə tabusu pozulacaqmı? Siyasi böhranlar, iqtisadi çətinliklər və iqlim böhranı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütün dünyada sosial çöküşə səbəb olacaqmı?

 

Təəssüf ki, bu sualların cavabı hələlik açıq qalır...

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir