Modern.az

Qan ocaqları - Bu ölkələrdə hər an müharibə ola bilər

Qan ocaqları - Bu ölkələrdə hər an müharibə ola bilər

6 Yanvar 2023, 09:28

2023-cü ildə dünyanın müxtəlif regionlarında hərbi eskalasiya ehtimalı özünü büruzə verir. Həm hazırda aktiv fazada olan münaqişə ocaqlarında davam edən müharibələrin gedişatı, həm də hər an alovlanmaq potensialına malik olan konfliktlərin qaynar nöqtələrindəki vəziyyət geniş müzakirə olunur.

 

Modern.az “Foreign Policy” nəşrinin bu mövzuda hazırladığı icmalı təqdim edir.

 

Ukrayna

 

 

İndiyədək ukraynalıların şücaəti və Qərbin köməyi sayəsində Rusiyanın hücumuna müqavimət göstərilib. Ancaq təxminən bir il davam edən döyüşdən sonra artıq son görünmür. Fevral ayında Kreml işğala başlayanda, Ukrayna hökumətini darmadağın edəcəyini və daha mülayim rejim quracağını gözləyirdi. Hesablama səhv idi. Rusiyanın planı uğursuz, Ukraynanın müqaviməti güclü oldu. Yazda Kiyev ətrafından geri çəkilən Moskva şərqdə və cənubda qüvvələri cəmləşdirdi. Yayın sonunda Qərbin verdiyi daha güclü silahlarla möhkəmlənən Ukrayna qoşunları bu istiqamətdə də irəliləməyə başladılar.

 

Moskva daha 300 min çağırışçını səfərbər etdi. Eyni zamanda xeyli sayda rusiyalı ölkəsindən ayrıldı. Kadr və avadanlıq çatışmazlığı hələ də ordunu narahat edir. Kreml, həmçinin Ukraynanın bəzi hissələrinin, o cümlədən nəzarət etmədiyi ərazilərin ilhaqını açıqlayıb. Bundan əlavə, Rusiya Ukrayna infrastrukturuna hava hücumları kampaniyasına başlayıb. Nəticədə elektrik enerjisinin kəsilməsi bir çox əraziləri demək olar ki, yaşayış üçün yararsız hala salıb. Son bir il ərzində hər üç ukraynalıdan biri öz evindən didərgin düşüb. Hələ ki Kiyev və ya Moskvanın geri çəkiləcəyi ehtimalı azdır.

 

Ukraynalılar hər yeni hücumu və Rusiyanın addımlarını (o cümlədən, edamlar və cinsi zorakılığın) mübarizə üçün əlavə səbəb kimi görürlər. Rusiyada təbliğat və təzyiq müxalifəti çəkindirir. Tərəflərdən heç biri sülh danışıqlarına həqiqi həvəs göstərmir.

 

Moskva diplomatiyaya açıq olduğunu desə də, yenə Kiyevdən təslim olmağı tələb edir. Hər bir uğursuzluqdan sonra gərginləşən prezident Vladimir Putin daha da qəzəblənir. Durğunluq yaranır. Belarusun mərkəzi Ukraynaya yeni hücumu müvəffəqiyyət şansının aşağı olması səbəbindən mümkünsüz görünür. Moskva ümid edir ki, qışın soyuğu və Qərbin Rusiya karbohidrogenlərini boykot etməsi nəticəsində yaranan yüksək qaz qiymətləri avropalıları Ukraynanı dəstəkləməkdən bezdirəcək. Lakin Avropa paytaxtları hesab edir ki, Ukraynanın məğlubiyyəti Moskvanı cəsarətləndirərək, onları təhlükə altına salacaq. Ukrayna prezidenti Volodimir Zelenskinin 2022-ci ilin sonunda Vaşinqtona səfəri ABŞ-ın dəstəyini bir daha təsdiqlədi.

 

Həqiqətən kataklizm ssenarisinə - "NATO və Rusiya arasında potensial nüvə eskalasiyası"na gəlincə, həm Moskva, həm də Qərb paytaxtları birbaşa toqquşmaların qarşısını almaq üçün xeyli səy göstərir. Bununla belə, Putin dəfələrlə Rusiyanın nüvə potensialına istinad edib. Görünür, Qərbi xəbərdar etmək məqsədi daşıyır. Nüvə zərbəsi çox az hərbi məqsədə xidmət edəcək və Moskvanın qaçmaq istədiyi NATO-nun birbaşa iştirakına səbəb olacaq. Yenə də Putin hakimiyyətin zəiflədiyini hiss edərsə, bu ehtimalı rədd etmək olmaz. Bu müharibə, yəqin ki, 60 ildə ən yüksək nüvə qarşıdurması riskini yaradıb.

 

Bu, həm də Ukraynada baş verənlərdən asılı olmayaraq, Avropanın getdikcə daha təhlükəli toqquşmalara hazır olduğu uzun bir qarşıdurma üçün zəmin yaradır. Şübhəsiz ki, Qərb liderləri nizamlanma üçün qapıları açıq saxlamalıdırlar. Hələlik müharibənin bütün dəhşətlərinə baxmayaraq, hətta bəzi nüvə eskalasiyası riski olsa belə, Ukraynanı dəstəkləmək Rusiyanın qəddar hərbi kampaniya və nüvə təhdidləri vasitəsilə üstünlük qazanmasına imkan verməkdən daha yaxşıdır.

 

İran

 

 

Kütləvi antirejim etirazları, İranın amansız repressiyaları və Rusiyaya silah tədarükü, nüvə proqramı ilə bağlı böhranın yarandığı bir vaxtda İslam Respublikasını son onilliklərdə olmadığı qədər təcrid etdi. Ölkəni silkələyən etirazlar 2009-cu ildə hadisələrdən bəri İran hakimiyyəti üçün ən davamlı və qətiyyətli təhlükədir. Bu vaxta qədər hakimiyyət qüvvələri tərəfindən yüzlərlə insan, o cümlədən onlarla uşaq öldürülüb. Minlərlə insan həbsdədir, bir çoxu dəhşətli işgəncələrə məruz qalır. İranın gənc etirazçıları üçün problem rejimin zorakılığından və ya radikal dəyişikliklərdən qorxan, lakin rəğbət bəsləyən yaşlı orta təbəqədən olan iranlıları qazanmaqdır. Onlardan daha çoxu kritik kütləyə çatmaq üçün etiraz aksiyalarına qatıla bilərdi. Lakin basqılar dərin ictimai qəzəbi yatıra bilməz.

 

Tehranın nüvə potensialı son bir neçə ildə sıçrayış həddinə çatıb. İranın uranı zənginləşdirmək qabiliyyəti genişlənib. Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən monitorinq ciddi şəkildə məhdudlaşdırılıb.

 

İslam Respublikasının ölkə daxilində repressiyalarından qıcıqlanan, onun Rusiyaya silah tədarükündən hiddətlənən Qərb paytaxtları işə birbaşa qarışmağın rejimi xilas edə biləcəyindən narahatdır. Bugünkü münasibətləri nəzərə alsaq, nüvə böhranını aradan qaldırmaq üçün danışıqlar perspektivləri zəif görünür. Az ehtimal verilsə də, İran ətrafındakı həlqənin getdikcə daraldığı proqnozları mövcuddur.

 

Yəmən

 

 

Yəmən hələ də bərbad vəziyyətdədir. Husi üsyançıları ilə, əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən dəstəklənən ölkənin beynəlxalq səviyyədə tanınan hökuməti arasında aprel ayında imzalanan atəşkəs oktyabr ayında qüvvədən düşüb. Genişmiqyaslı döyüşlər bərpa olunmayıb, lakin hər iki tərəf müharibəyə qayıtmağa hazırlaşır.

 

BMT-nin vasitəçiliyi ilə əldə olunan atəşkəs 8 il davam edən münaqişədə gözlənilməz oldu. 2021-ci ilin noyabrında Yəmənin şimal qərbinin çox hissəsinə nəzarət edən husilər qələbəyə yaxınlaşmış kimi görünürdü. Əgər Marib şəhərini və yaxınlıqdakı neft və qaz obyektlərini ələ keçirsəydilər, bu, onları şimal uğrunda müharibədə qazanan tərəfə çevirə bilərdi. Lakin onların hücumunun qarşısı alındı.

 

Sonra Ukrayna müharibəsi qlobal ərzaq və yanacaq qıtlığına səbəb oldu ki, bu da bütün tərəflərə yeni təzyiqlər yaratdı. Nəticədə yaranan durğunluq vasitəçilik üçün şanslar formalaşdırdı. Hazırda yenidən müharibə riski narahatedici dərəcədə yüksəkdir.

 

Efiopiya

 

 

Efiopiyanın Tiqray bölgəsində və ətrafında 2022-ci ilin ən ölümcül müharibələrindən biri hələlik dayanıb. Əsas döyüşən tərəflər – Efiopiyanın baş naziri Abiy Əhmədin hökuməti və Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) noyabrın 2-də Pretoriyada müqavilə imzaladılar.

 

Ancaq sakitlik kövrəkdir. Əsas suallar xüsusən də Tiqrayın qüvvələrinin tərk-silah olub-olmayacağı ilə bağlıdır. Bu il yenidən gərginlik arta bilər.

 

Tayvan

 

 

Vaşinqton regionda üstünlüyünü qorumağa çalışdığı və Pekin adanı özünə birləşdirməyə can atdığı üçün ABŞ və Çin arasında problemə səbəb olan Tayvanda vəziyyət qeyri-sabit görünür. Pekin birləşmənin sülh yolu ilə baş verəcəyinə ümid etdiyini, lakin güc tətbiqini istisna etməyəcəyini deyir. Vaşinqtonun qiymətləndirməsinə görə, ölkə lideri Si Tsinpin Çin ordusunun Tayvanı ələ keçirə biləcəyi tarix kimi 2027-ci ili nəzərdə tutub.

 

Keçən yay ABŞ Nümayəndələr Palatasının səlahiyyət müddətini başa vurmuş sabiq spikeri Nensi Pelosi Tayvanın paytaxtı Taypeyə səfər edəndə vəziyyət daha da gərginləşdi. Pekin buna cavab olaraq, Tayvan ətrafında misli görünməmiş hərbi təlimlər keçirdi. Bu regionda da vəziyyətin hərbi eskalasiyaya doğru getməsi kifayət qədər real görünür.

 

Digər

 

Bundan başqa, Afrikanın müxtəlif ölkələrində - Konqo Demokratik Respublikasında, Burkina Fasoda, Latın Amerikasında isə Haitidə, həmçinin Asiyanın ənənəvi münaqişə ocaqlarında 2023-cü ildə alovlanma riski mövcuddur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var