Modern.az

Putin ölsə, müharibənin taleyi necə OLACAQ...

Putin ölsə, müharibənin taleyi necə OLACAQ...

Analitika

5 Yanvar 2023, 18:30

Qərb ölkələrinin və Ukraynanın kəşfiyyat strukturları tez-tez belə xəbərlər yayırlar ki, Rusiya prezidenti Vladimir Putin ağır xəstəliyə düçar olub və yaxın müddətdə həyatla vidalaşacaq. Əlbəttə, belə xəbərlərin yayılması işğalçı dövlətin hakim strukturları içərisində təfriqə yaratmaq məqsədilə psixoloji savaşın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Ancaq hesab edək ki, yayılan xəbərlər həqiqətə uyğundur, bu halda hadisələr necə inkişaf edəcək, kobud şəkildə desək, Rusiya prezidenti vəfat edərsə, bunun Ukraynadakı müharibəyə hər hansı təsiri olacaqmı?

 

Modern.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Putinin ağır xəstəliyə düçar olması və yaxın zamanlarda öləcəyi barədə Qərb mətbuatında yayılan xəbərlərə münasibət bildirib. 

 

Onun fikrincə, Putin səhhəti ilə bağlı ciddi problemlərin olduğunu anlayarsa, özünə varis seçməyə tələsəcək:

 

"O elə varis seçmək istəyəcək ki, Ukrayna ilə müharibəni davam etdirsin. Ancaq Putinin problemi ondadır ki, o, Ukraynaya qarşı işğalçı müharibəni şəxsi intiqam hissi ilə başlayıb. Rusiya hakimiyyətindəki ən mühafizəkar siyasətçilərdən biri belə Putinin yerinə keçərsə, onun qədər müharibəni əzmlə davam etdirə bilməyəcək. Çünki Rusiya cəmiyyətinin böyük hissəsi Putinin müharibəsinə dəstəyini davam etdirirsə, bu o demək deyil ki, yeni Kreml sahibinin də müharibə strategiyasını dəstəkləyəcək. Həmin şəxs Rusiya cəmiyyətində Putin qədər məşhur olmayacaq.

 

Digər tərəfdən Kremldəki məcburi yerdəyişmə Ukrayna ordusunu daha böyük əks-hücumlara həvəsləndirəcək. Ona görə də böyük ehtimalla Putinin yerinə gələn istənilən şəxs bir müddətdən sonra Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Ancaq Ukrayna üçün bu azdır, Kremlin yeni sahibindən işğal edilən torpaqlardan, o cümlədən Krımdan çıxmaq tələb ediləcək".

 

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya prezidenti Vladimir Putinin qəfil ölə biləcəyini bildirib. Budanov “ABC News”a müsahibəsində Putinin ölümünün hətta müharibə bitmədən baş verə biləcəyini deyib. Onun fikrincə, müharibə Putinin ölümünə qədər bitməlidir.

Bu xəbər ilə bağlı
Putin tezliklə ölə bilər - Ukrayna kəşfiyyatının rəhbəri
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?