Modern.az

Atəşkəs Ukraynaya yox, Rusiyaya lazımdır - ŞƏRH

Atəşkəs Ukraynaya yox, Rusiyaya lazımdır - ŞƏRH

Analitika

5 Yanvar 2023, 23:48

Qərb Ukraynanın silahlandırılmasında növbəti mərhələyə start verib.

 

Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. Onun fikrincə, bu dəfə hücum xarakterli hərbi texnikanın Ukraynaya göndərilməsinə başlanılır:

 

"ABŞ Ukrayna ordusuna "M2 Bradley", Almaniya "Marder" PDM-ləri, Fransa isə "təkərli tank" adlandırılan "AMX-10 RC" zirehli texnikası verəcək. Britaniya xarici işlər naziri də bildirib ki, Ukraynaya təqdim edəcəkləri növbəti hərbi yardım paketinə tanklar da daxil ola bilər.

 

Daha bir önəmli qərar odur ki, ABŞ-dan sonra Almaniya hökuməti də Ukraynaya "Patriot" raket kompleksi göndərəcək. Bu barədə az öncə prezident Bayden və federal kansler Şolts arasındakı telefon danışığında razılıq əldə olunub".

 

Siyasi şərhçi hesab edir ki, hazırda Ukrayna komandanlığı genişmiqyaslı, strateji hücum əməliyyatı planlaşdırır: 

 

"Müharibənin 2023-cü ildə başa çatıb-çatmayacağını deyə bilmərəm, amma bu il Krım da daxil olmaqla, işğal altındakı ərazilərin böyük hissəsinin azad olunması ehtimalı yüksəkdir. Krımı döyüşsüz almaq ehtimalı var. Blokadaya alırsan və bitdi.".

 

Bundan əlavə, Şahin Cəfərli Türkiyənin Ukraynada müvəqqəti atəşkəs təklifinə də münasibət bildirib və Ankaranın bu addımını dəstəkləməyib:

 

"Belə bir məqamda Türkiyə prezidentinin atəşkəs təklifi ilə çıxış etməsi heç yerinə düşmür. Atəşkəs Ukraynaya yox, Rusiyaya lazımdır və onun maraqlarına uyğundur. İstənilən atəşkəs təklifi Putin rejimini xilas etmək cəhdindən başqa bir şey deyil. Ukrayna yalnız Rusiya qoşunlarının bütün ölkə ərazisini tərk etməsi şərti ilə atəşkəsə gedə bilər".

 

Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

 

Ukrayna tərəfi Rusiyanın atəşkəs təklifini rədd edərək, bunu ikiüzlülük kimi qiymətləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!