Modern.az

Kiyev atəşkəsdən niyə imtina edir? - Azərbaycan nümunəsi...

Kiyev atəşkəsdən niyə imtina edir? - Azərbaycan nümunəsi...

Analitika

6 Yanvar 2023, 00:03

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

 

Ukrayna tərəfi Rusiyanın atəşkəs təklifini rədd edərək, bunu ikiüzlülük kimi qiymətləndirib. Bildirilib ki, Rusiya qoşunları Ukraynadan geri çəkilməyincə, Moskva ilə hər hansı danışıqlar aparılmayacaq.

 

"Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. Rusiya Federasiyası işğal etdiyi əraziləri tərk etməlidir. Yalnız bundan sonra müvəqqəti barışıq başlayacaq. İkiüzlülüyü özünüzə saxlayın...", - Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyaya cavabında deyib.

 

Bəs, Putin Kiyevin qəti mövqeyini bildiyi halda, niyə atəşkəs elan edib?

 

Modern.az-ın məlumatına görə, Rusiya liderinin "Milad atəşkəsi" barədə qərarını şərh edən politoloq Elxan Şahinoğlu müharibənin artıq Moskva üçün yorucu olduğunu söyləyib.

 

O, fikirlərini belə əsaslandırıb: "Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinə, bu gün isə Ukrayna Prezidenti Volodomir Zelenskiyə zəng edib. Ərdoğan müharibənin dayandırılması üçün var gücüylə çalışır, Putinə də təklif edib ki, birtərəfli qaydada atəşkəs elan etsin. Putin müharibənin ölkəsi üçün yorucu hala gəldiyini anlayaraq Ərdoğanın çağırışına müsbət reaksiya verərək atəşkəsə və Kiyevlə dialoqa meyllidir.

 

Ancaq Putin eyni zamanda Kiyevin Krımın və Ukraynanın 4 bölgəsinin Rusiyaya “birləşməsi reallığını” qəbul etməsini istəyir. Belə olan halda nə atəşkəs, nə də dialoq faydalı olacaq. Kiyev işğalı uzadacaq atəşkəsin Ukraynanın ərazi bütövlüyü üçün təhlükə yaradacağından ehtiyat edir. Çünki uzun atəşkəsdən sonra yenidən Rusiya ilə müharibəyə başlamaq çətin olacaq, atəşkəs dövründə isə Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənəcək. Azərbaycan nümunəsində də gördük ki, 26 illik atəşkəs işğalın uzanmasına şərait yaratdı".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı