Modern.az

Nazirlikdən Parlament Jurnalistlərinin təşəbbüsünə dəstək - 14 nəfərə ev veriləcək

Nazirlikdən Parlament Jurnalistlərinin təşəbbüsünə dəstək - 14 nəfərə ev veriləcək

Ölkə

17 May 2013, 09:47


Bir müddət öncə Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşaq (indi onların ən kiçiyinin 21 yaşı var-red) bir araya gətirilmişdi. O zaman məlum olmuşdu ki, 21 il ərzində eyni tale acısını yaşayan bu insanlar bir dəfə də olsun toplanmayıblar. Müzakirələr zamanı o da üzə çıxmışdı ki, Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşağın böyük əksəriyyəti (indi onların ən kiçiyinin 21 yaşı var-red) sosial problemlərlə üz-üzədirlər. Qarabağ İcmasında baş tutan görüşdə icmanın rəhbəri Bayram Səfərov bu uşaqların sosial problemlərinin həllinə bütün gücü ilə dəstək olacağını qeyd etmişdi. Deputat Rövşən Rzayev, Fuad Muradov və Qənirə Paşayeva da həmin tədbirdə iştirak etmişdilər. Onlar da məsələnin həlli üçün səlahiyyətləri daxilində bütün güclərini ortaya qoyacaqlarını bildirmişdilər.

Bundan sonra Modern.az olaraq məsələni hər gün izləməyi qərarlaşdırdıq. Öncə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində onlarla görüş keçirildi.

Həmin görüşdə nazir Füzuli Ələkbərov bir Qarabağ əlilinə mənzil verdi. 25 uşağa isə birdəfəlik yardım edildi.

Nazirlik rəsmi açıqlamasımda Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşağın (indi onların ən kiçiyinin 21 yaşı var-red) sosial problemlərinin həll olunacağını bildirdi.

Bu məsələ ilə bağlı Xocalı Rayon İcra Hakimiyyətindən Modern.az saytına sevindirici xəbər daxil olub. İcra Hakimiyyətindən bildiriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qaçqınkom”a siyahı göndərilib.
Həmin siyahıda adı keçənlərə mənzil veriləcək.

Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşaqdan (indi onların ən kiçiyinin 21 yaşı var-red) “Niyə 14-nə ev verilir, qalanına yox” məsələsinə də aydınlıq gətirilib.
İcra Hakimiyyətindən bildirilib ki, hər iki valideyinlərini itirmişlərin iki nəfərinin Xocalıdan çıxan zaman yaşları çox olduğundan “25” lərin içərisində adları qeyd olunmayıb. Buna baxmayaraq, onlara da nazirlik tərəfindən ev veriləcək. İki nəfər isə hazırda Gürcüstanda yaşadıqlarına görə onlar evlə təmin edilməyəcək. Həmidov Mübariz, Əliyev Mehdi və Orucov Anar isə “Qaçqınkom” tərəfindən evlə təmin ediliblər.

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlə təmin olunmaları üçün “Qaçqınkom”a təqdim olunan siyahıda adları olanlar Novruzov Nigar Sabir qızı, Hüseynov Ədalət Hüseyn oğlu, Hüseynov Yaşar Hüseyn oğlu, Hüseynova Tahirə Hüseyn qızı, Hüseynov Bəhlul Hüseyn oğlu, Hüseynov Murad Tofiq oğlu, Hüseynova Yasəmən Tofiq qızı, Hüseynova Əfsanə Tofiq qızı, Xəlilova Həmail Tahir qızı, Əmirova Xəzəngül Təvəkkül qızı, Məhərrəmov Natiq Vaqif oğlu, Məhərrəmov Namiq Vaqif oğlu, Məhərrəmova Vüsalə Vaqif qızı, Kərimova Gülnar Ziyafət qızıdır.

Təqdim olunan siyahıya adları düşməyənlər- Əmirov Vüsal Təvəkkül oğlu, Əmirova Nigar Təvəkkül qızı, Orucova Kübra Telman qızı, Məhərrəmova Vəsilə Vaqif qızı və Məhərrəmova Səbinə Vaqif qızıdır.

P.S. Mövzu diqqətimizdə olacaq.

Pərvin ARZUQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!