Modern.az

Ukraynanı kimlər silahlandırır - TƏHLİL

Ukraynanı kimlər silahlandırır - TƏHLİL

9 Yanvar 2023, 11:48

Bir neçə həftə əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı “Economist” nəşrinə müsahibəsində ölkəsinin Rusiyanın yaxınlaşan hücumunu dəf etmək üçün tanklara və digər zirehli texnikalara ehtiyac olduğunu bildirib. O deyib ki, Ukrayna Rusiyanın hücumunun qarşısını ala bilər, ancaq bunun üçün 300 tank, 600-700 piyadaların döyüş maşını, 500 artilleriya qurğusu lazımdır. Ukrayna Prezidenti Volodimir Zelenskinin də ABŞ-a səfəri zamanı zirehli texnika tədarükü barədə danışıqlar apardığı bildirilir.

 

Modern.az bildirir ki, ümumilikdə Kiyevin tələbləri Qərb paytaxtlarında qismən nəzərə alınıb. Belə ki, ABŞ, Almaniya və Fransa başda olmaq bir neçə Qərb ölkəsi Ukraynaya zirehli texnika göndərəcəyini elan edib. Ukraynaya göndəriləcək hərbi texnikalar aşağıdakı kimidir:

 

Göndərən ölkə

Zirehli texnikanın adı

Təyinatı

Sayı

İstehsal ili

ABŞ

M2A2 Bradley

piyadaların döyüş maşını

50

1988

Almaniya

Marder

piyadaların döyüş maşını

40

1969–1975

Fransa

AMX-10RC

Yüngül tank (piyadaların döyüş maşını)

Bilinmir

1981

 

Piyadaların döyüş maşınları döyüş tankları və zirehli personal daşıyıcıları arasında yer tutur. Onlar içəridəki hərbçilərə orta səviyyədə zirehli müdafiə təmin edir və əhəmiyyətli silahlar daşıyırlar. Piyadaların döyüş maşınları bir çox rus tanklarını, xüsusən də köhnə modelləri məhv edə bilər. Beləliklə, bu zirehli texnikalar Ukraynanın döyüş meydanında manevr etmək qabiliyyətini nəzərəçarpacaq dərəcədə gücləndirəcək.

 

Qərb analitikləri hesab edirlər ki, piyadaların döyüş maşınları Kiyev, Xarkov və Xersonda olduğu kimi, Ukraynaya Rusiya xəttlərinə nüfuz etməyə kömək edəcəklər.

 

Qərb ölkələri hələlik Ukraynaya ağır tanklar verməyə tələsmir. Almaniyada hazırda “Leopard” tanklarının göndərilməsi müzakirə olunur. Ölkənin iqtisadiyyat naziri Robert Habek bildirib ki, Almaniya hökuməti gələcəkdə Ukraynaya “Leopard” tankları tədarük edəcəyini istisna etmir. Hələ ötən ilin aprel ayında Almaniyanın “Rheinmetall” şirkəti Ukraynaya 88 ədəd “Leopard-1A5” tankı, eləcə də yüzə yaxın “Marder” piyada döyüş maşınının təhvil verilməsi təklifi ilə hökumətə müraciət etmişdi. Ancaq rəsmi Berlin bundan imtina etmişdi və bunu müharibədə eskalasiyaya səbəb olacağı ilə əlaqələndirirdi.

 

Polşa da hələlik Ukraynaya “Leopard 2” tanklarını tədarük etməyəcəyini və bununla bağlı müzakirələrin aparıldığını bildirib. ABŞ isə Ukraynanın “Abrams” döyüş tankları barədə tələbini cavabsız qoyub. Ağ Evdəki yüksək vəzifəli rəsmilər tankların göndərilməməsinə səbəb kimi onların həddindən artıq ağır olmasını göstərirlər. Məlumata görə, tankların çəkisi 55 tondur və əhəmiyyətli miqdarda yanacaq tələb edən turbin mühərriki ilə işləyir.

 

Eyni zamanda, ABŞ rəsmiləri bildiriblər ki, “Abrams” tankları xarab olmağa meyillidir və ciddi texniki təcrübə tələb edir. Onlar “Bradley” və digər zirehli maşınların daha faydalı olacağını düşünür.

 

Ukraynaya hərbi yardım mövzusunda tez-tez tənqid edilən Fransa Prezidenti Emmanuel Makron digər Qərb ölkələrini qabaqlayaraq Kiyevə AMX-10RC zirehli texnikalarını göndərəcəyini açıqlayıb. Fransa bu zirehli texnikaları “yüngül döyüş tankı” adlandırır. Bəzi hərbi ekspertlər bu adlandırmanı düzgün hesab etmir. AMX-10RC döyüş tankları kimi tırtıllı deyil, təkərli texnikadır. Maşın kəşfiyyat və piyadaların atəş dəstəyi üçün nəzərdə tutulub. Ancaq 1980-ci illərdə istehsal edilən zirehli texnika Sovet istehsalı tankları məhv etmək üçün güclü 105 mm çaplı silaha malikdir. 1991-ci ildə Körfəz müharibəsində İraqın Sovet istehsalı olan tanklarına qarşı yaxşı performans nümayiş etdirib. AMX-10RC tanklardan daha sürətlidir, hərəkət edərkən daha az səs çıxarır. Ukraynanın palçıqlı torpaqlarında yüksək manevr edə bilməsə də, bu “yüngül tanklar” Rusiya ordusunun Sovet dövründən qalma tanklarını məhv etmək iqtidarındadır.

 

Fransa, həmçinin Ukraynaya “Bastion” zirehli personal daşıyıcıları göndərəcəyini elan edib. Afrikada fəaliyyət göstərən Fransa xüsusi təyinatlıları üçün nəzərdə tutulan zirehli maşınlar 8 nəfəri daşıyır. Avtomobilin zirehləri ekipajı güllələrdən və qəlpələrdən qorumağa imkan verir.

 

Onu da bildirək ki, ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığından sonra Amerika və Almaniya Ukraynaya müvafiq olaraq “Bradley” və “Marder” döyüş maşınları göndərəcəklərini açıqlayıblar. Bir neçə gün əvvəl ABŞ 50 ədəd “M2A2 Bradley” piyadaların döyüş maşını, minaya davamlı maşınlar, “Humvee” hərbi nəqliyyat vasitələri, özüyeriyən və yedəkdə daşınan artilleriya və digər silah və texnikadan ibarət 3 milyard dollarlıq hərbi yardım paketini elan edib.

 

Amerika ordusunun İkinci Dünya müharibəsindəki generalı Ömər Bredlinin adını daşıyan “Bradley” zirehli texnikaları Fransa maşınları ilə müqayisədə daha kiçik 25 mm-lik silaha malikdir, lakin o da 1991-ci ildə baş verən birinci Körfəz müharibəsində Sovet istehsalı olan T-72 tanklarına qarşı yüksək effektivlik nümayiş etdirib. Gecə döyüşlərində istifadə etmək üçün maşında termal nişangahlar var. Zirehli texnikaya hava hücumundan müdafiə vasitələri və tank əleyhinə raketlər quraşdırmaq mümkündür.

 

“Marder” isə digər iki zirehli maşınlarla müqayisədə daha “yaşlıdır”, ancaq maşınlar bir neçə dəfə modernzasiya edilib. Tırtıllı maşınlar uzun illərdir Almaniya ordusunun zirehli texnika parkında əsas yeri tutur. Əfqanıstanda “Taliban”a qarşı və Kosovoda NATO qüvvələri tərəfindən istifadə edilən zirehli texnika yüngül zirehli maşınları vura biləcək silahları daşıyır. Ukrayna hərbçiləri bu maşınlardan istifadə etmək üçün Almaniyada 8 həftəlik təlim keçəcəklər.

 

Ümumilikdə, zirehli texnika tədarükü əvvəllər Ukrayna Silahlı Qüvvələrinə hücum texnikası, xüsusən də tanklar verməkdən qorxan Qərb ölkələrinin taktikasının dəyişdiyini göstərir. Qərb artıq Ukraynaya hərbi yardımla bağlı tabularını qırır. ABŞ-ın “Patritot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərəcəyini açıqlaması bu dəyişikliyin ən bariz nümunəsidir. Tezliklə Ukraynaya Qərb mənəşli tankların göndəriləcəyi də yüksək ehtimal olaraq qalır.

 

Amerikanın “Abarms” tankları ağır və texniki baxışı çətin olsa da, Almaniya istehsalı “Leopard”lar daha yüksək manevr qabiliyyətinə malikdir və bir çox Avropa ölkəsi bu tanklardan istifadə edir. Ukrayna potensial olaraq əhəmiyyətli miqdarda Qərb zirehli texnikası ala bilər, bu texnikalar Ukraynanın irimiqyaslı hücumlar keçirmək qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir