Modern.az-a Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin mayın 28-də elan olunması nəzərdə tuutlan Milli Şuraya qoşulacağı ilə bağlı məlumat daxil olub. Məlumata görə, eks-nazirə bununla bağlı təklif olunub və ilkin müzakirə aparılıb.
Rəhim Qazıyev Modern.az-a açıqlamasında Milli Şurada təmsil olunacağı haqda dolaşan xəbərlərə aydınlıq gətirib.
“Bu barədə heç fikirləşməmişəm. Allah eləsin Milli Şura yaransın. Amma nə qədər təşkilat yaradarlar? O qədər boş-boş təşkilatar var ki... Bunlar sadəcə vaxt itirməkdən ötrü olan şeylərdir. Mənə təklif olunmayıb, olunsa belə, təklifə qoşulmayacam”-deyə R.Qazıyev bildirib.
Xatırladaq ki, kinodramaturq Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyasına münasibətlərin birmənalı olmadığı göz önündədir. Ölkənin aparıcı siyasi partiyaları - AXCP və Müsavat bu ideyanın gerçəkləşməsində maraqlı görünsə də, digər birliklər bu təklifə heç də müsbət yanaşmır.
Mayın 28-də təqdimatı planlaşdırılan Milli Şuranın tərkibi hələ açıqlanmasa da, bir çoxları indidən qurumdan imtina edib.
Anar RÜSTƏMOV