Modern.az

ATƏT Bakı Ofisinin statusunun dəyişdirilməsi təklifini qəbul etmədi - RƏSMİ AÇIQLAMA

ATƏT Bakı Ofisinin statusunun dəyişdirilməsi təklifini qəbul etmədi - RƏSMİ AÇIQLAMA

Ölkə

17 May 2013, 11:52

ABŞ-ın ATƏT-dəki səfiri Yan Kelli təşkilatın Bakı ofisinin statusunun layihələr üzərində müşahidəçi səviyyəsinədək aşağı salınması ilə bağlı Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun məktubuna cavab verib. 

Modern.az saytının xəbərinə görə, mayın 14-də Vyanada ATƏT-in Daimi Şurasında çıxış edən Kelli Bakının ideyasını tənqid edərək, təklifiqəbuledilməz kimi qiymətləndirib.

“Biz Azərbaycanı uğurlu, demokratik, çiçəklənən və suveren ölkə kimi görmək istərdik. Bu səbəbdən mənim hökumətim Azərbaycan hakimiyyətinin builki etiraz aksiyalarına reaksiyasından, müxalifət fəallarının, vətəndaş cəmiyyəti fəallarının həbsindən, Azad Fikir Universitetinin bağlanmasından narahatdır.

Qanunun aliliyinə və bütün əsas azadlıqlara - ifadə, toplaşma, birləşmə -  hörmətlə yanaşılması Azərbaycanın demokratik millət kimi irəliləməsindən xəbər verir.

2010-cu ildə Astanada ATƏT-in digər üzvləri kimi Azərbaycan və ABŞ da öz vətəndaşları qarşısında hesabatlı olduqlarını, ATƏT qarşısında götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinə məsuliyyət daşıdıqlarını bildiriblər”, - bəyanatda deyilir. 

Yan Kellininin bəyanatında daha sonra qeyd edilib:

“ATƏT-in Bakı ofisi Azərbaycanın demokratik inkişafına və hökumətlə vətəndaş cəmiyyəti arasında dialoqa, islahatların reallaşmasına mühüm dəstək verir. ABŞ ATƏT-in Bakıdakı hazırkı mandatını və ofisin işini tam dəstəkləyir. Ümid edirik ki, Azərbaycan ölkə cəmiyyətinin tam spektri cəlb olunmaqla bütün istiqamətlərdə iş üzrə ATƏT-in etibarlı iştirakını təmin edəcək.

Biz təkidlə Azərbaycanı Bakı tərəfindən qaldırılan məsələlərin həlli üçün ATƏT ilə konstruktiv dialoqa başlamağa çağırırıq”.

Kelli deyib ki, “biz 16 oktyabr prezident seçkilərində ATƏT-in müşahidəçi missiyası üçün Azərbaycanın dəvətini gözləyirik”. 

Xatırladaq ki, bu il martın 18-də E.Məmmədyarov ATƏT-ə müraciətində Bakı ofisinin statusunun aşağı salınmasını təklif edib. O, öz təklifini beynəlxalq şəraitin dəyişməsi və Azərbaycanın nailiyyətləri ilə izah edib. 

Qeyd edək ki, statusun dəyişdirilməsi ilə bağlı mühüm məqam o idi ki, layihələrin gələcək koordinatoru bütün layihələri Azərbaycan hakimiyyəti ilə razılaşdırmalı və onları yalnız rəsmi Bakının razılığı ilə reallaşdırmalıdır. 

X. SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama