Bu gün saat 14.00-dan 15.00-a kimi Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (keçmiş Salyanski kazarma) ötən gecə dünyasını dəyişmiş Azərbaycanın Milli Qəhrəmanı mərhum Eldar Ağayevlə vida mərasimi keçiriləcək. Bu barədə Modern.az saytına “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verib.
O, deyib ki, vida mərasimini Daxili Qoşunlarla Müdafiə Nazirliyi birgə təşkil edir. Mərasimdən sonra E.Ağayevin II Fəxri Xiyabanda dəfn olunması gözlənilir.Xatırladaq ki, Daxişi Qoşunlarda instruktur kimi çalışan E.Ağayev xidməti tapşırığını yerinə yetirmək üçün Lənkərana səfər edib. Ötən gecə ürək tutmasından orada dünyasını dəyişib.
Qeyd edək ki, Eldar Ağayev 1955-ci il 29 sentyabrda Gürcüstanın paytaxtı Tiflis şəhərində hərbçi ailəsində dünyaya gəlib. Daha sonra ailəsi Bakıya köçüb. Eldar Ağayev burada 20 və 134 saylı məktəblərdə təhsil alıb. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olub. 1976-cı ildə motoatıcı ixtisası ilə Qusev şəhərində hərbi xidmətə başlayb.
1984-86-cı illərdə Əfqanıstanda motoatıcı bölüyün kəşfiyyat rəisi, sonra isə komandiri olub. Bacarıqlı komandir olduğunu görən rəhbərlik onun əvvəlcə tank alayınının rəisi, sonra isə Drezden kəşfiyyat taboruna komandir təyin edir. Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdır. O, 1992-ci ildə Milli Ordunun tərkibində "N" saylı alayını yaradır. Daha sonra ikinci taboru yaradır və ona komandirlik edir. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılmış və onlarla erməni quldurunu məhv etmişdi.
Eldarın yaratdığı tabor 1995-ci il dövlət çevirilişinin qarşısının alınmasında da iştirak etmişdi. Bu taborun 18 əsgər və zabiti "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Politexnik İnstutunda hərbi kafedranın rəisi olub. 2000-2001-ci illərdə isə BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışıb.
Sovetlər birliyi zamanı "Qırmızı Ulduz", "İgidliyə görə" ordenləri ilə təltif olunub. Qarabağ döyüşlərində iştirak etdiyi üçün "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar Əsgər oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Elçin AĞAYEV