Azərbaycan türklərini yeni soyqırım təhlükəsi gözləyir...
Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevə açıq məktub ünvanlayıb. Modern.az onun məktubunu təqdim edir.
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan
cənab İlham Əliyevə
Azərbaycan Milli Demokrat Partiyasının sədri
Tufan Kərim tərəfindən
A Ç I Q M Ə K T U B
Möhtərəm cənab Prezident!
Azərbaycan Milli Demokrat Partiyası Siyasi Şurası dünyada və regionda baş verən son siyasi durumu təhlil edərək Respublikamızın və Millətimizin taleyi üçün narahatlıq doğuran nəticələrə gəlmişdir.
Suriya və İran ətrafında cərəyan edən hadisələr bölgədə geniş miqyaslı müharibəni və ya hərbi əməliyyatları istisna etmir. Hadisələrin bu yöndə gedişatı bölgə dövlətlərinin, həmçinin bölgədə maraqları olan fövqəlqüvvə mərkəzlərinin mümkün hərbi münaqişəyə birbaşa və dolayısı ilə qatılmasına gətirib çıxara bilər.
Bölgədə öz milli maraqlarını müdafiə etmək üçün Rusiya Federasiyası bütün Cənubi Qafqazda, xüsusilə, Azərbaycan Respublikası ərazisində hərbi və siyasi iştirakını təmin etmək qərarına gələ bilər. Tarixən Azərbaycan torpaqlarına erməniləri yerləşdirmiş, ermənilər tərəfindən azərbaycanlılara qarşı dövrü soyqırım və etnik təmizləmə siyasətinə rəvac və dəstək vermiş Rusiya siyasi dairələri mümkün gedişatda həmin “tarixi təcrübəni” təkrar edə bilər. Azərbaycan üzərindən İran yaylasına çıxışı təmin etmək üçün Rusiyanın siyasi dairələri tərəfindən ermənilərin əli ilə azərbaycanlıların növbəti yeni və indiyədək misli görünməmiş soyqırımı gerçəkləşdirməsi tam gözləniləndir. Xüsusi vurğulayaq ki, miqyasına və qəddarlığına görə indiyədək görünməmiş mümkün soyqırım nəinki Azərbaycan dövlətçiliyini, həmçinin bir insan populyasiyası kimi azərbaycanlıları da tarix səhnəsindən bütünlüklə silə bilər.
Bu cür mümkün faciə fonunda Azərbaycan xalqına kiminsə yardım etməsi qətiyyən inandırıcı görünmür. Qərb dünyasının tez-tez özünü büruzə verən ermənipərəst mövqeyi, beynəlxalq hüququn demoqoji tezisə çevrilməsi və arxasında anti-türk və islamafob mahiyyətli “xristianpərəstliyin”, “ari irqçiliyinin” gizləndiyi Qərbin ikili standartları, dünyanın bu hissəsindən azərbaycanlıların mümkün yeni və geniş miqyaslı soyqırımına qarşı əməli dirənişi istisna edir.
Hadisələrin bu cür gedişatında biz müstəqilliyimizin itirilməsi, işğalçılar tərəfindən ordumuzun müxtəlif adlarla, siyasi və hərbi yolla sıradan çıxarılmasını göz önünə almalıyıq.
Növbəti dəfə ermənilərin adına yazılacaq mümkün soyqırımın qarşısını almaq üçün Xalqımızın silahlanması və təşkilatlanması qaçılmaz bir şərtdir. Belə isə, aşağıdakı tədbirlərin gerçəkləşməsi tələbi ilə üzləşmiş oluruq:
Hərbi yararlı əhalinin dövrü olaraq hərbi toplantılara cəlb edilmə mexanizmi yaradılmalıdır. Bu tədbir hərbi xidmət dövründə qazanılmış hərbi biliklərin ən azından lazımi səviyyədə saxlanılmasını təmin edəcəkdir.
Mümkün işğal və soyqırım dövründə müqaviməti təşkil etmək üçün hər bir rayonda potensial partizan hərəkatı üçün birliklər sistemi yaradılmalıdır. Birliklər, başında təcrübəli hərbçilər duran 15-20 nəfərlik çevik silahlı qruplardan ibarət olmalıdır.
Artıq indidən bu sistemi təşkil edəcək qrupların heyətləri, işğal dövründə onların avtonom fəaliyyət göstərməsi üçün silah-sürsat, rabitə sistemləri, tibb ləvazimatı, ərzqaq saxlanğacları və konspirativ koordinasiya şəbəkələri təşkil edilməlidir.
Ordumuzun işğalçı qüvvələr tərəfindən müxtəlif yollarla zəiflədiləcəyi halda birliklər sistemi operativ olaraq işə başlamalı, qruplar avtonom surətdə lazımi hərbi sursatın, tibbi ləvazimatın və s. gizlədildiyi saxlanğaclara çıxış əldə edərək, məxfi əlaqələndirmə halında dirənişi təmin etməlidirlər.
Göründüyü kimi Dövlətimizin və Xalqımızın mövcudluğu üçün təhlükə anında Müqaviməti təşkil etmək üçün aidiyyatı olan dövlət orqanları indidən çoxversiyalı məxfi fəaliyyət planı hazırlamalıdırlar. Bildirək ki, analoji sistem İsraildə, Cənubi Koreyada, Pakistanda və d. ölklərdə çoxdan mövcuddur.
Dövlətimizin və Xalqımızın mövcudluğu üçün digər mühüm məsələ Güney Azərbaycan faktorudur. İranın gələcək perspektivlərindən asılı olmayaraq Güney Azərbaycan əhalisinin fiziki mövcudluğu Dövlətimizin və Xalqımızın gələcək mövcudluğunu təmin edən əsas amillərdən biridir.
Hal-hazırda Güney Azərbaycan ətrafında gedən proseslər ciddi narahatçılıq doğurur. İlk növbədə bu bölgənin mühacirətdə fəaliyyət göstərən siyasi fəalları içində müxtəlif dövlətlərin mənafelərini ifadə edən qruplar dominantlıq təşkil edir. Güney Azərbaycan problemini İrana təzyiq aləti kimi nəzərdən keçirən yad dövlətlərin siyasi mərkəzləri bilməlidirlər ki, rəsmi Bakının bu mövzudan kənarda qalması onların ambisiyalarına ciddi zərbə vura bilər. Bunun üçün mühacirətdə fəaliyyət göstərən güneylilərin siyasi meydanında yalnız Azərbaycanın milli maraqlarını ifadə edən siyasi qüvvənin maliyyə və təşkilati dəstəklənməsinə ən azından maneə törədilməməlidir. Bu baxımdan, Güney Azərbaycan mühacirətinin siyasi meydanında təmsil olunan qruplaşmaları içində siyasi xəttinə, həm təşkilatlanmaya, həm də Güneydə xüsusi əlaqələrinə görə Güney Azərbaycan İstiqlal Partiyası daha perspektivlidir.
Mövzu üzrə digər mühüm aspekt hadisələrin dramatik gedişatında Güney Azərbaycanda anti-Azərbaycan qüvvələri tərəfindən dinc soydaşlarımıza qarşı mümkün soyqırımın gerçəkləşməsi versiyasıdır. Bu versiyada Azərbaycan Respublikası nəinki dağıdıcı qaçqın kütləsilə, həmçinin, Güney istiqamətində Milli Maraqlarımızın bütünlükə zərbə altında qalması ilə üzləşə bilər. Hadisələrin bu cür gedişatına hazır olmaq üçün önləyici tədbirlərin görülməsi mütləqdir.
Yuxarıda şərh olunanları, mövcud gərgin geosiyasi durumda xarici və daxili anti-milli qüvvələrin ölkə daxilindəki pozucu oyunlarının Millətimiz və Dövlətimiz üçün təhlükəli məqamlarını, ölkəmizin faktiki müharibə vəziyyətində olmasını nəzərə alıb, prezident seçkilərinin 5 (beş) il müddətinə təxirə salınması, bizcə, daha məqsədəuyğun olar.
Bu məktub Millətimizin və Dövlətimizin gələcək taleyinə dair narahatlığımızdan doğub, Sizlərin məsələ ətrafında daha dərin və gerçək bilgi sahibi olduğunuzu şübhəyə alma anlamı daşımır.
Dərin hörmətlə, Azərbaycan Milli Demokrat Partiyasının
sədri Tufan Kərim