Modern.az

Tələbələrin köçürülməsində YENİLİK - Hansı dəyişikliklər olacaq...

Tələbələrin köçürülməsində YENİLİK - Hansı dəyişikliklər olacaq...

11 Yanvar 2023, 09:16

Bu il Azərbaycanda tələbələrin köçürülməsi həyata keçirilməyəcək. Elm və Təhsil Nazirliyindən bildirilib ki, buna səbəb hazırda tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər hazırlanmasıdır.

 

Məlumata görə, köçürülmə və bərpa proseslərinin sadələşdirilməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməkdədir. Bununla əlaqədar 2022-2023-cü tədris ilinin qış tətili müddətində "transfer.edu.az" portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək.

 

Hazırda tələbələri köçürülmə ilə bağlı yeni qaydaların nədən ibarət olacağı maraqlandırır.

 

Bəs qanunvericilikdə hansı dəyişikliklər olacaq?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, köçürmə ilə bağlı yeni qaydaların müəyyən edilməsi vacib idi. Onun sözlərinə görə, 2016-cı ilə qədər tələbə köçürmələri ilə bağlı bir sıra neqativ hallar mövcud olub:

 

"Tələbə köçürmələri ali təhsil müəssisələrinin razılığı ilə həyata keçirilirdi. 2016-cı ildən proses tamamilə şəffaflaşdırıldı. Bununla belə ki, qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Məlumat üçün bildirim ki, hazırda 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Bir qəbul ilində cəmi 48 min abituriyent bakalavr pilləsinə qəbul olunur. Mövcud qanunvericiliyə görə, ildə iki dəfə - qış və yaz sessiyasında tələbə köçürülməsinə icazə verilir. İndiyə kimi hər sessiyada ən azı 1500, 1600 tələbənin köçürülmə tələbinə müsbət baxılıb. Ancaq bundan sonra problemlər ortaya çıxırdı. Tələbələr köçürüləndən sonra ciddi şəkildə imtahan fərqləri ilə üz-üzə qalırdı. Tələbələr vaxtında təhsillərini başa vura bilmirdilər. Onların akademik göstəriciləri nəzərə alınmırdı. Məhz bütün bunlar yeni qaydaların müəyyənləşdirilməsini zəruri edir”.

 

Ekspertin fikrincə, tələbə köçürülməsində bir neçə nüansa diqqət yetirmək lazımdır:

 

“Bunlardan biri tələbələrin orta müvəffəqiyyət göstəricilərinin nəzərə alınmağı ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, tələbələr aşağı göstəricilərlə köçürmələr edirlər. İndiki şərtlərə əsasən, tələbə yalnız qəbul ilində topladığı bal digər universitetin həmin ixtisasının balına uyğun gəlirsə, köçürmə edə bilər. Təsəvvür edin, bir tələbə özəl ali təhsil müəssisəsinə qəbul olunur. Bundan sonra məlum olur ki, o, bu balla dövlət universitetinə köçürmə edə bilər.  Beləliklə, yeni qanunda ali təhsil müəssisələrinin qarşısında tələb qoyulmalıdır. Hər bir universitet tələbə köçürməsi üçün nə qədər yerə sahib olduğunu elan etməlidir. Çünki bəzən olur ki, ali təhsil müəssisəsinin qəbul planında 100 nəfər müəyyənləşdirilir, lakin köçürmədən sonra əlavə 50 tələbə gəlir. Bu da həmin tələbələr üçün əlavə qrupların açılmasına səbəb olur. Digər yandan tələbələrin akademik göstəriciləri nəzərə alınmalıdır. Onun orta müvəfəqiyyət göstəricisi zəifdirsə, dövlət universitetlərinə köçürülməsinə icazə verilməməlidir”.

 

K.Əsədov vurğulayıb ki, diqqət yetirilməli olan digər bir məsələ xarici ölkələrdə təhsil alan tələbələrin köçürülməsinə daha geniş şərait yaradılması ilə bağlıdır:

 

“Xaricdə oxuyan tələbələr həmin ölkələrin tələblərinə uyğun imtahan verirlər. YÖS, İELTS, TOEFL kimi imtahanlar buna misal ola bilər. Belə imtahanlardan keçib xaricdəki universitetlərə qəbul olmuş azərbaycanlı tələbələrin özəl universitetlərə köçürmə ilə bağlı qaydaları müəyyənləşdirilməlidir. Azərbaycandan kənarda təhsil alan 42 min tələbəni və özəl universitetlərdə plan yerlərinin tam dolmamasını nəzərə aldıqda, bu təklif məqsədəuyğun səslənir. Bəzən olur ki, tələbə köçürmə etdikdə özəl universitetdə həmin ixtisas üzrə yer olmur və o bir kurs aşağıdan başlamalı olur. Təhsil haqqı fərqi problem yarada bilir. Hesab edirəm ki, yeni müzakirələrdə bu və akademik göstəricilərin nəzərə alınması məsələləri müzakirə olunacaq”.

 

Qeyd edək ki, tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi, həmçinin tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2022-2023-cü tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?