Modern.az

Paşinyan 2025-ci ilə kimi sülh sazişi imzalamaq istəmir - Hərbi ŞƏRH

Paşinyan 2025-ci ilə kimi sülh sazişi imzalamaq istəmir - Hərbi ŞƏRH

11 Yanvar 2023, 16:50

“Postmüharibə dövrün məsələləri Azərbaycan tərəfindən siyasi-diplomatik, iqtisadi, informasiya və demoqrafik ekspansiya və bunlardan ibarət kompleks (hibrid) tədbirlərlə həll ediləcək. Dinc yollarla məsələlərin həlli daha çox zaman tələb edir. Ancaq tələsən yerimiz yoxdur - Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması, yaxud Qarabağın Ermənistanın tərkibinə qatılmasının qarşısı 2020-ci ildə hərbi yolla alındı”.

Modern.az-ın məlumatına görə, bunu hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram hazırkı hərbi vəziyyəti şərh edərkən bildirib.

“Hazırki dövrdə Qarabağda güc komponenti geniş miqyasda deyil, yalnız müəyyən mərələlərdə prosesi sürətləndirmək məqsədilə ən zəruri (qaçılmaz) hallarda məhdud hərbi - “cərrahi” və xüsusi polis əməliyatları şəklində istifadə olunacaq: Fərrux, Sarıbaba, Qırxqız əməliyatları kimi”, - N.Bayram deyib.

Birinci və İkinci Qarabağ döyüşlərinin iştirakçısı 2022-ci ilin martında gerşəkləşdirilən Fərrux və avqusta reallaşan Sarıbaba əməliyatı barədə fikirlərini də bölüşüb:
 

“Fərrux əməliyyatı nəticəsində tutulan yüksəkliklər gələcəkdə Sırxavənd sakinlərinin kəndə qayıtmasını, Ağdamdan təhlükəsiz gediş-gəlişi təmin edəcək. Azərbaycanlı əhalinin Sırxavəndə qayıtması nəticəsində Xankəndi ilə Ağdərənin hələlik işlək qalan yeganə yolu nəzarətimizə alınır və bununla, "Ağdərə burunu” Xankəndi və Əsgərandan kəsilir.

Sarıbaba əməliyatının hərbi əhəmiyətinə qısaca əlavə etmək istərdim ki, bu yüksəkliklərə nəzarət bizə yeni Xankəndi-Kornidzor yoluna Şuşa rayonunun qərb hissəsində (yerli adamlara Şirlan yolu kimi məlumdu) vizual və atəş nəzarəti imkanı verir. (1992-ci ildə Laçın dəhlizinin bağlanması əməliyatı zamanı rəhbərlik etdiyim hərbi hissə iki ay ərzində məhz bu yolla ermənilərin Xankəndidən bizim, dəhlizi bağlayan qruplaşmanın arxasına və sol cinahına mümkün zərbələrinin qarşısını almaq tapşırığını uğurla yerinə yetirmişdi).

Sarıbabaya və Qırxqıza nəzarət Xankəndi aqlomerasiyasını (Badara, Balıca və s.) qərbdən, Fərruxa nəzarəti isə şimaldan etibarlı şəkildə bağlayır. Sarıbaba əməliyatının yeni yol açılmazdan keçirilməsi hərbi komandanlığın düşünülmüş strategiyaya malik olmasını göstərir.

Beləliklə, silahlı separatçı dəstələr dar halqa içindədirlər və hərbi cəhətdən özlərindən heç bir perspektivli təhlükə kəsb etmirlər. Bir tərəfdən təzyiqimiz artdıqca, digər tərəfdən erməni əhalisi ilə post-münaqişə məsələləri həll olunduqca, onlar silahlı müqavimətin, dağlarda postlarda dayanmağın mənasızlığını daha aydın anlayıb, dinc həyatlarını qurmaq istəyəcəklər. Fərdi və kiçik qruplarla terrorçuluq və mina müharibəsi potensialı isə hələlik qalacaq və təbii ki, bunun profilaktikası ilə müvafiq strukturlarımız məşqul olacaqlar”.


Nazim Bayram bildirib ki, Qarabağ üzərində suverenliyimizin tam bərpası erməni əhalisinin gələcək taleyi ilə yanaşı, 10 noyabr razılaşmasının 7-ci bəndinə uyğun, “bütün məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmasını” nəzərdə tutan, kompleks yanaşma tələb edən çoxşaxəli məsələdir.


“Onsuz da mürəkkəb olan bu prosesi kənar oyunçuların regiondakı çəkişmələri daha da qəlizləşdirir və ləngidir.

Bir tərəfdə ermənilərin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Azərbaycanda hərbi mövcudluğunu saxlamaq istəyən Rusiya, digər tərəfdə erməniləri, özünüidarəetmə statusu alacaqlarına yardım edəcəkləri ilə ümidləndirən ABŞ. Əlbəttə, nə Rusiyanın, nə ABŞ-ın əsl qayəsi ermənilərin taleyi deyil.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi ilə bağlanması Moskvaya, Ukrayna ilə dağıdıcı müharibəsi fonunda, 100 illik düşmənçiliyə son qoymağa nail olan, sülh yaradan ölkə imici qazandıran, post-sovet məkanda hələ də həlledici oyunçu qalmasını təsdiq etmək üçün hava-su kimi lazımdır. Buna görə Rusiya onsuz da qalib və şərtləri diktə edən tərəf olan Azərbaycanı qıcıqlandırmamağa çalışır, hətta Lavrov Bakının ritorikasına uyğun, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətmir, bunu “sülh prosesi” ifadəsi ilə əvəzləyir.

Rusiya ilə əks tərəfdə dayanan ABŞ da sülhün əleyhinə deyil və region ölkələri tərəfindən enerji, nəqliyyat, qlobal təhlükəsizlik sahələrində təmin olunmayacaq hər hansı marağı yoxdur. Lakin Rusiya ilə geosiyasi qarşıdurmadan irəli gələn düşmənin planlarını pozmaq, xüsusən, Rusiyanın sülh yaradıcı imici qazanmaq kimi lahiyəyə mane olmaq, əngəlləmək kimi vəzifəsi var.

Məhz bu vəzifə ilə bağlı keçən ilin iyulunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Ermənistan və Azərbaycan XİN başçıları Mirzoyanla Bayramovun Tiflisdəki ilk görüşü ərəfəsində xəbərdarlıqsız İrəvana gəlmişdi, “Soros uşağı” sayılan və Ermənistanla Azərbaycan arasında münasibətlərə cavabdeh olan Armen Qriqoryan və Nikol Paşinyanla görüşüb qayıtmışdı. Əminliklə demək olar ki, Börns Ermənistan rəbərliyinə sülh danışıqlarında razılaşmalara getməyə tələsməməyi tövsiyə etmiş, sülh prosesinin ABŞ-ın patronajı ilə gedəcəkləri təqdirdə  razılaşmada Qarabağ ermənilərinə status vəd etmişdi. Bundan dərhal sonrakı hərəkətlənmə əminliyimi təsdiq edir. Börnsdən dərhal sonra İrəvana Rusiya Xarici Kəşfiyat xidmətinin başçısı Sergey Narışkinin gözlənilməz səfəri, Rusiyanın Azərbaycandakı səfirinin Şuşaya gedişi və s.

Təxminən iki həftə sonra isə avqustun 3-ü, Azərbaycan ordu bölmələri Sarıbaba və Qırxqız yüksəkliklərini nəzarətə aldılar. Tərəfləri ayırmalı kontingentin mövcudluğuna rəğmən, Rusiya çox guman ki, yuxarıda göstərdiyim səbəblərdən, ermənilərin müdafiəsi üçün ənənəvi canfəşanlıq etmədi. Daha sonra Ermənistan sərhədində 12-13 sentyabr döyüşləri baş verdi. KTMT-nin buna reaksiyasından narazılığını gizlətməyən Ermənistan sentyabrda qurumun  təlimlərində iştirakdan imtina etdi, lakin oktyabrda Nikol Paşinyan İlham Əliyevlə Praqa görüşünə getdi”.



N.Bayramın sözlərinə görə, son aylarda Ermənistan Rusiyanın təşəbbüslərinə və KTMT tədbirlərinə aşkar etiraz edir.
 

“Eyni zamanda Nikol Paşinyan İlham Əliyevin Fransa lideri Makrona münasibətini bilərək, sonuncunu Avropa meydançalarında keçirilən görüşlərə dəvət etməklə, sülh danışıqlarını pozur.

Bu günlərdə isə o, Qarabağda rus sülhməramlılarının missiyası bitəndən sonra BMT sülməramlıları ilə əvəzlənməsi kimi ideya irəli sürüb. Bu, dolayısı ilə o deməkdir ki, Ermənistanın 2025-ci ilə kimi Azərbaycanla sülh sazişi imzalamaq fikri yoxdur. Çünki iki ölkə arasında sülh sazişi imzalansa, Ermənistanın Qarabağ məsələsinə qarışmaq üçün əsası qalmayacaq. İmzalamasa, o zaman düşünür ki, 10 noyabr razılaşmasının yenilənməsində iştirak edə bilər.

Əlbəttə, bunlar erməni xülyapərəstliyinin yeni təzahürüdür.

Azərbaycan heç bir halda Qarabağ ermənilərinə özünüidarəetmə statusu verməyəcək, buna bizi heç kəs məcbur edə bilməz. Ölkəmizdə sülhməramlıların olub-olmaması Azərbaycanın müstəsna hüququna aiddir. Ermənistan Azərbaycanın və Türkiyənin səxavətini dəyərləndirməsə, “xeyirxahların” vədlərinə inanıb, sülh sazişinin bağlanmasını uzatsa, növbəti tarixi avantüraya girəcək. Lakin bu dəfə o, düşündüyündən daha tez və daha dramatik nəticələrlə üzləşəcək. Kimsə Paşinyana “Yetimə gəl-gəl deyən çox olar...” Azərbaycan məsəlini tərcümə etməlidir”.


Hərbi icmalçının fikrincə, separatçıların rəhbərliyinə gətirilən Ruben Vardanyan Qarabağda  qarşılaşdığı problemlərin öhdəsindən gəlməyəcək:

“O, artıq “ana Ermənistanın” biganəliyindən, Qarabağ ermənilərinin nüfuzlu şəxslərinin şəxsi maraqlarını hər şeydən üstün tutmasından, qanlarına işləmiş korrupsiyadan giley edir, həm də siyasətçi deyil. Üstəgəl, dil tapmalı olduğu Bakı onu, Kremlin “bürclərindən” birinə bilavasitə çıxışı olduğundan, tərəf kimi qəti rədd edib və yerli əhali ilə münasibətləri normallaşdırmada əsas maneə kimi göstərir, Moskva isə ondan imtina etdi. Səmimi adam belə şərtlərdə gəldiyi kimi dönüb gedər ki, onsuz da əzab içində yaşayan xalq ona görə daha da əziyət çəkməsin. Və intuisiyam mənə deyir ki, belə də olacaq. Bir müddətdən sonra Vardanyan Qarabağı tərk edib, erməni xalqının növbəti tarixi faciəsi barədə dərin düşüncələrə qapanacaq.

Lakin Vardanyan orada qaldıqca Bakı Qarabağa sərt münasibəti saxlayacaq. Necə deyərlər, “Vardanyan olmasaydı, onu uydurmaq gərəkərdi”. Erməni əhalisi bu vəziyətdə qaldıqca, yığılmış bütün ictimai-siyasi, sosial, təbəqələşmə, mənəvi və s. ziddiyətlər kəskinləşəcək, ümidsizlik artacaq, rəhbərləri gözdən düşəcək, idarəetmə pozulacaq, vəziyətdən yeni çıxış yolları axtaracaqlar. Bu zaman Azərbaycan onlara layiq olduqları alternativi təklif etməlidir”.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir