Modern.az

Naxçıvanda “Bənəniyar hadisələri” ilə bağlı iş qaldırıldı

Naxçıvanda “Bənəniyar hadisələri” ilə bağlı iş qaldırıldı

11 Yanvar 2023, 23:58

"Aldığım məlumata görə, Bənəniyar hadisələri ilə bağlı Naxçıvan Muxtar Respublikasının Baş Prokurorluğu tərəfindən iş qaldırılıb. Bu cinayətləri törədənlər məsuliyyətə cəlb olunacaqlar. Ona görə Bənəniyar hadisələri zamanı zərər çəkmiş hər bir kənd sakinindən xahiş olunur ki, onlara qarşı törədilmiş cinayətlərlə bağlı Naxçıvan Baş prokurorluğuna müraciət edib, baş verənlərin hüquqi qiymət almasına yardımçı olsunlar".

 

Modern.az xəbər verir ki, bunu əslən Naxçıvanın Culfa rayonunun Bənəniyar kəndindən olan jurnalist Elmar Hüseynov bildirib.
 

O deyib ki, hadisələr nəticəsində sağlamlığına zərbə vurulan şəxslər təzminat davası aça bilərlər:

 

"Bənəniyar hadisələrinin hüquqi qiymət alması üçün səy göstərən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, daxili işlər naziri Süleyman Nemətova, Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvandakı Baş İdarəsinin rəhbəri Möhsün Aşurova və Baş Prokurorluğuna təşəkkür edirəm".

 

Xatırladaq ki, Azərbaycanda böyük rezonansa səbəb olmuş Bənənyar hadisələri 2009-cu il dekabrın 27-də baş vermişdi. Polis kənd sakinlərinin Aşura mərasiminə müdaxilə etmiş, iştirakçılardan bəziləri saxlanılmışdı. Kənd sakinlərindən Yunis Əliyev bütün bunlara etiraz olaraq polis şöbəsinin qarşısında özünü yandırmışdı. Bu hadisə kənd sakinlərinin polis şöbəsinin qarşısında etiraz aksiyası keçirməsinə səbəb olmuş və Bənənyara Daxili Qoşun hissələri yeridilmişdi.


2010-cu il yanvarın 5-də sakinlərin bir neçə gün davam edən etiraz aksiyası dağıdılmış, həbslər həyata keçirilmişdi. Hadisələr nəticəsində saxlanılan Bənənyar sakin Rza Nuriyev bir nüçə gün sonra vəfat etmişdi.

Bənəniyarda baş verənlər beynəlxalq aləmdə də əks-səda doğurmuşdu. Hadisədən bir neçə gün sonra ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinin əməkdaşları məsələni araşdırmaq üçün Naxçıvana səfər etmişdi.
O vaxt bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları da polisin Bənəniyar kəndinə hücumunu və davranışını pisləyən kəskin bəyanatlar vermişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil