Modern.az

2 yaşlı MEDİA necə işləyib? - Baş redaktorlar QİYMƏTLƏNDİRDİLƏR

2 yaşlı MEDİA necə işləyib? - Baş redaktorlar QİYMƏTLƏNDİRDİLƏR

12 Yanvar 2023, 11:28

Bu gün ölkə Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyinin (MEDİA) 2 yaşı tamam olur. Qurumun əsas fəaliyyət istiqamətləri müvafiq sahənin inkişafını təmin etmək, dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, müvafiq sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməkdən ibarətdir

Maraqlıdır, Medianın İnkişafı Agentliyinin 2 illik fəaliyyətini necə qiymətləndirmək olar?

Modern.az məsələ ilə bağlı bir sıra baş redaktorların fikirlərini öyrənib.

"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev bildirib ki, Medianın İnkişafı Agentliyinin 2 illik fəaliyyətini kifayət qədər yüksək qiymətləndirmək olar:

“Azərbaycanda zamanın tələbinə cavab verməyən “Media haqqında” qanun var idi. Yeni qanun layihəsinin hazırlanıb, media nümayəndələri tərəfindən ətraflı müzakirə olunması və sonda qəbul olunması Agentliyin mövcud rəhbərliyinin apardığı işin nəticəsidir. Qeyd etmək lazımdır ki,  yeni “Media haqqında” qanun bu sahədə  tənzimləməni həyata keçirmək üçün ən  önəmli sənəd rolunda çıxış edir. Digər tərəfdən, ötən dövrdə MEDİA ölkədəki jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində kifayət qədər geniş işlər görüb. Silsilə treninqlər, seminarlar təşkil olunub. Bu treninqlər də yüksək səviyyəliliyi ilə seçilib. Təbii ki, bu məsələdə ADA  Universiteti ilə əməkdaşlığı qeyd etmək lazımdır. Orada çox yüksək səviyyəli təlimçilərin iştirakı ilə jurnalistlər, hətta baş redaktorlar üçün belə maraqlı və faydalı seminarlar təşkil olunmuşdu. İl sonunda verilən ziyafətlərdən fərqli olaraq ötən ilin sonunda media rəhbərləri və nümayəndələri universitet zalında keçirilən treninqlərdə görüşdülər. Bu da simvolik məna daşıyırdı”.


M.Əliyevin sözlərinə görə, media orqanlarına maddi yardımların ayrılması artıq silsilə xarakter daşımağa başlayıb:

“Əvvəl tapşırıq, yaxud hansısa xahişlə dəstək alına bilirdi. İndi isə istər onlayn, istərsə də çap mediası ilə bağlı hər şey reytinqlərlə ölçülür. Onlayn saytlara ayrılan yardımlar konkret göstəricilərə əsaslanıb verilir.  Onların dərc etdiyi xəbərlərin sayı, oxucu kütləsi nəzərə alınır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, MEDİA çox mükkəmməl proqramlarla təchiz olunub. İstənilən xəbərin nə vaxt dərc edildiyi, haradan götürüldüyü yoxlanıla bilir. Hesab edirəm ki,  texnoloji baxımından  Agentlik dünya mediasının son tələblərinə cavab verərərək öz işlərini qurur”.


Bakıvaxti.az saytının baş redaktoru Qalib İbrahimoğlu vurğulayıb ki, mətbuat həmişə cəmiyyətin güzgüsü rolunu oynayıb:

“Həmin güzgünün də şəffaf göstərməsi üçün ilk növbədə bu sahədə islahatlara ehtiyac duyulur. Bu mənada Medianın İnkişafı Agentliyinin yaranmasını mətbuat sahəsində həyata keçirilən islahatların məntiqi davamı kimi dəyərləndirmək olar. Fəaliyyətə başladığı ilk gündən mətbuat sahəsində şəffaflığın bərpa edilməsi prinsipini rəhbər tutan MEDİA bu iki ildə öz işinə sadiq qalıb. Qurum fəaliyyətə başladığı gündən yazılı mətbuatla bərabər,  saytlara da diqqət göstərir. Qəzetlərlə yanaşı, saytlara da maliyyə yardımının ayrılması onlayn medianın inkişafı yolunda yandırılan yaşıl işıqdır. Media sahəsində son iki ildə atılan uğurlu addımlardan biri, bəlkə də birincisi yeni “Media haqqında” qanunun qəbuludur. Zaman, dövr, tələbat dəyişir. Təbii ki, mətbuat sahəsində də böyük dəyişikliklər baş verir. Bunun fonunda 30 il əvvəl qəbul olunan “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun da dəyişilməsinə, yenilənməsinə ciddi ehtiyac var idi. Bu dəyişikliklər ötən il qəbul olunan “Media haqqında” yeni qanunda öz əksini tapıb”.

 


Baş redaktorun sözlərinə görə, Agentlik fəaliyyətdə olduğu müddət ərzində jurnalistlərin peşəkarlığının artırılması istiqamətində də xeyli işlər görüb:


“Jurnalistlər üçün keçirilən treninqlər, təlimlər buna misaldır. MEDİA-nın jurnalistlər üçün həyata keçirdiyi fərdi  yazı müsabiqələri də təqdirəlayiqdir. Belə ki, keçirilən bu müsabiqələrdə fərqlənən jurnalistlərin mükafatlandırılması onlara stimul verməklə yanaşı, sosial həyatlarına da müsbət təsir göstərir. Media Reyestrinin fəaliyyətə başlaması isə mətbuat sahəsinə sistemli yanaşmanın tətbiqini məqsəd kimi qarşıya qoyub. Media Reyestri media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizmini formalaşdıracaq, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini təmin edəcək, bu sahədə fəaliyyəti stimullaşdıracaq. Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlamasının iki illiyi münasibətilə bütün jurnalistləri təbrik edirəm. Agentliyə medianın inkişafı yolunda atacağı addımlarda, görəcəyi işlərdə uğurlar arzulayıram”.
 

“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal isə qeyd edib ki, Medianın İnkişafı Agentliyinin yaradılmasından ötən 2 ilə nəzər saldıqda təkcə, mediamız üçün deyil, ölkəmiz üçün gərəkli olan bir sıra addımları xüsusi qeyd etmək lazımdır:
 


“Mən ilk növbədə “Media haqqında” qanunun hazırlanması və qəbulunu qeyd etmək istərdim. Həssaslıqla qarşılanan bir sənədin hazırlanması MEDİA-nın uğurla həyata keçirdiyi bir proses idi. Qanunun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsi, məsələyə tanınmış ekspertlərin cəlb edilməsi, müxtəlif formatlı ictimai müzakirələrin keçirilməsi Medianın İnkişafı Agentliyinin düzgün müəyyən edilmiş siyasəti idi. Bu qanunun qəbulu ilə ölkə mediasının qanunvericilik bazasının formalaşdırılması, gələcək inkişaf konsepsiyası da müəyyən edilmiş oldu. “Media  haqqında” qanuna müvafiq olaraq Media Reyestrinin tətbiqi Medianın İnkişafı Agentliyinin uğurla hazırladığı və həyata keçirdiyi digər prosesdir. Media subyektlərinin, bu ada iddialı olanların Reyestrdən keçirilməsi və ya iddiadan imtina edilməsi, bu sahədə illərlə formalaşmış xaotik durumun aydınlaşmasına təkan vermiş oldu. Reyestr prosesi davam etməkdədir. Medianın İnkişafı Agentliyinin çap mediasının dəstəklənməsinə yönəlmiş layihələrindən biri olan E-kosk, həmçinin, onlayn media mühitində xüsusi xəbər istehsalına, rəqabətə təkan verən Metrix.az saytının fəaliyyətə başlamasını da qeyd etmək yerinə düşərdi.


Mən Agentliyin kollektivini iki illik uğurlu fəaliyyət münasibətilə təbrik edirəm, yeni-yeni uğurlar arzulayıram”.

Azpost.info saytının baş redaktoru Xaqani Səfəroğlu bildirib ki, ötən illərdə KİV-də yaranmış böhranlı vəziyyət Medianın İnkişafı Agentliyinin yaranmasını zəruri edən amil oldu:

“Şərti olaraq “KİVDF erası” deyə biləcəyimiz həmin dövrdə jurnalistika beynəlxalq trendlərdən, hüquqi müstəvidən və yaradıcılıq axarından geri qalmağa başlamışdı. Reket jurnalistikası, “maraq qrupları”, ögey-doğmalıq ölkə jurnalistikasında öz mənfi izini qoydu. Hüquqi münasibətlərdə ciddi boşluqlar, ağır sosial vəziyyət mediada peşəkarlığı ciddi zədələmişdi. Xüsusən informasiya təhlükəsizliyi məsələsində ciddi problemlər yaranmışdı. İctimai rəyin formalaşmasında iştirak edə bilməyən KİV hesabatlar xətrinə işləyən “müsabiqə jurnalistikasına” çevrilirdi. Yeni trend olan sosial media və onlyan platformalar peşəkar jurnalistikadan önə keçməyə başladı. Belə bir şəraitdə prezident İlham Əliyevin informasiya sahəsində innovativ çağırışlara söykənən qərarları Medianın İnkişafı Agentliyinin yaradılmasını şərtləndirdi”.
 


Baş redaktorun sözlərinə görə, MEDİA-nın iki illik fəaliyyəti yeni trendlər üzərində qurulub:


“İlk olaraq “Media haqqında” yeni qanunun qəbulu ciddi hadisə sayıla bilər. Çağdaş tələblərdən geri qalan köhnə qanun dünyada informasiya siyasətini ələ almış onlayn media və internet platformalarının Azərbaycanda hüquqi statusunu formalaşdırdı. Digər bir mühüm addım isə Media Reyesterinin yaradılması oldu. Jurnalistlərin qanunla təsdiqlənməsi vacib olan statusu üçün önəmli olan bu sistem ölkədə jurnalistin əmək hüquqlarını, onun peşə fəaliyyətini və sosial sığorta, gələcək pensiya təminatının vahid şəbəkəsini qurmağa hədəflənib. MEDİA-nın keçirdiyi ən müxtəlif layihələrdə beynəlxalq medianın tanınmış imzalarının iştirakı, faydalı təlimlər hər bir jurnalistin işində öz izini qoyur. Əvvəlki “restoran iyi” verən tədbirləri əməkdaşlıq, təcrübə mübadiləsi və qaynar mübahisələr dolu tədbirlər əvəz edir. MEDİA bu iki ildə jurnalistlərin müraciət edə biləcəyi bir məkana çerilib. Rəhbərliyin xüsusi statusla fərqlənməyə deyil, jurnalistlərin içində olmağa üstünlük verməsi çox yaxşı qarşılanır. Media islahatlarının əsas çağırışları KİV-də yaradıcılıq stimulu, işgüzar münasibətlərə və oxucu etimadına söykənən media seqmetini qurmağa hesablanıb. Bunun üçün hələ gediləsi xeyli yol var. MEDİA bu istiqamətdə əsas prinsiplərini elan edib. Ümid edirəm ki, bu prinsiplər ölkədə maraqlı, oxunaqlı və müstəqil KİV yaradılması üçün yaxşı baza olacaq. Təbrik edirəm, uğurlar arzulayıram”.

 

 

 

Turqay Musayev

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir