AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Çünki milli və müstəqil Azərbaycan ideyasını M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ə.Topçubaşov və başqaları ilk növbədə, türkçülük əsasında irəli sürmüşlər
70 illik SSRİ imperiyasından və onun «sovet beynəlmiləlçiliyi» ideologiyasından imtina edərək Azərbaycanın dövlət müstəqilliyini bərpa edən (1991) Azərbaycan türklərinin yeni dövlətin ideologiyasının hansı istiqamətdə formalaşdırması məsələsi ilk illərdən başlayaraq aktuallıq kəsb etməyə başlamışdır. Müstəqil dövlətə sahib olan Azərbaycan türkləri üçün «sovet beynəlmiləlçiliyi» ideologiyasından sonra yeni bir ideologiyaya üz tutmaq heç də asan məsələ ola bilməzdi. Görünür, SSRİ dövrünün «sovet beynəlmiləlçilyi» ideyasının ağır və əzablarını kürəyində hiss etmələrinin nəticəsi idi ki, bəzi Azərbaycan türk ziyalıları ümumiyyətlə, istənilən ideologiyanın əleyhinə çıxırdılar. Ancaq Azərbaycan türk aydınları arasında yeni bir ideologiyanın yaradılması tərəfdarları daha çox idilər. Bununla da, müstəqil Azərbaycanda ideologiya məsələsinə münasibətdə ikili mövqe: 1) ideologiyanın vacibliyini müdafiə edənlər; 2) istənilən ideologiyanın əleyhinə olanlar vardı.
Bizə elə gəlir ki, hər iki tərəfin müdafiə etdikləri mövqeni əsaslandırmaq üçün irəli sürdükləri arqumentlər ciddi şəkildə təhlil olunmağa layiqdir. Məsələn, cəmiyyəti ideologiyasızlaşdırma tərəfdarları hesab edirlər ki, istənilən ideologiya insanları müəyyən mənada təzyiq altında saxlayır, onun hüquqlarını tapdalayır və s. Şübhəsiz, onlar buna bariz nümunə kimi «sovet beynəlmiləlçiliyi» ideologiyasını göstərirdilər. Ümumiyyətlə, bu fikrin tərəfdarlarına görə, SSRİ dövründə olduğu kimi, 70 il hakim ideologiyanın təzyiqi altında yaşayan bir milləti yenidən hansısa bir ideologiyaya cəlb etmək doğru deyildir. Burada əsas olan hər bir vətəndaşlın hüquq və azadlıqlarının təmin olunması, sosial rifahın yaxşılaşdırılması və sairdir. Əlbəttə, ilk baxışda bu arqumentlər heç də əsassız görünmür. Ancaq bizə elə gəlir ki, bu faktorlardan çıxış edərək ideologiyadan, xüsusilə milli ideologiyadan imtina etmək həmin cəmiyyətin xarici geosiyasi dairələrin ideologiyaların təsiri üçün də geniş şərait yaradır.
Buna nümunə kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mənlik şüurunun formalaşması yolunda kənar ideologiyaların oynadığı mənfi rolu göstərə bilərik. Belə ki, bu illər ərzində Azərbaycan insanının şüurundakı ziddiyyətlərdən, qarşıqlıqlardan istifadə edərək onu daha da dərinləşdirən, öz maraqlarına uyğunlaşdırmağa çalışan antimilli qüvvələr olmuşdur. Konkret olaraq Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Rusiyanın imperalizm ənənələrini davam etdirən dairələrin «yeni imperializmi», Qərb-Avropa qlobalistlərinin kosmopolitizmi, paniranizm ideoloqlarının «şiə islamçılığı» və başqa antimilli ideyalar azərbaycanlıların milli mənlik şüurunun formalaşmasına mənfi təsir göstərmişdir. Qeyd edək ki, Azərbaycan insanının şüuruna təsir etmək üçün Rusiyanın «yeni imperializm» tərəfdarları 70 illik Sovetlər Birliyi nostalgiyasını, paniranizmin ideoloqları ortaq islam dəyərləri və «tarixi birlik» ənənələrini, Qərb-Avropa qlobalistləri isə demokratiya və vətəndaş cəmiyyəti prinsiplərini önə sürürlər.
Bu onun göstəricisidir ki, Azərbaycan cəmiyyəti ideologiyasızlaşdırma (ideologiyadan azad etmə) xəttini müdafiə etsə də, etməsə də, onun şüuruna kənardan hansısa ideyalar, daha doğrusu antimilli ideyalar yeridilməyə davam ediləcəkdir. Bu baxımdan, Azərbaycan cəmiyyətinin özünü müdafiə etmək və milli varlığını qoruyub yaşatması üçün ideologiyalaşma faktorundan istifadə edilməsi qaçılmazlıqdır. Çünki nə qloballaşmanın vacibliyini irəli sürən Qərb-Avropa ölkələri, nə «şiə islamçılığı»ndan çıxış edən İran, nə də «yeni imperializm» havası ilə yaşayan Rusiya ümumilikdə öz cəmiyyətləri daxilində heç də ideologiyalaşmadan imtina etmirlər. Onların «demokratiya-vətəndaş cəmiyyəti» (Qərb), «yeni imperalizmi» (Rusiya), «şiə islamçılığı» (İran) adları altında gizlənmiş «beynəlmiləlçiliyi» əslində başqa dövlətlərin cəmiyyətlərinin milli mənlik şüurunun assimilyasiyasına yönəlmiş kosmopolitizmdən başqa bir şey deyildir.
Digər tərəfdən, cəmiyyətin ideologiyalasızlaşdırılması onun milli mənəvi dəyərlərinin, o cümlədən dilinin, tarixinin, ədəbiyyatının, mədəniyyətinin və s. İtirilməsinə, assimilyasiya olunmasına aparıb çıxarır. Belə ki, heç bir mütərəqqi ideologiyanın hökm sürmədiyi cəmiyyətdə millilik tamamilə aradan qalxır və onun yerini kosmopolitizm («dünya vətəndaşlığı» ideyası naminə siyasətdə milli əsaslardan imtina edilməsi) tutur. Bu zaman kosmopolit-«beynəlmiləlçi» cəmiyyətin tarixi, ədəbiyyatı, mədəniyyəti də bir növ ayrı-ayrı xalqların, dinlərin, mədəniyyətlərin mexaniki cəmindən başqa bir şey olmur. Fikrimizcə, son 20-22 il ərzində bundan əziyyət çəkən cəmiyyətlərdən biri də Azərbaycan toplumudur. Halbuki Azərbaycan cəmiyyəti hələlik, yeni milli ideologiya formalaşdıra bilməsə də, ondan imtina da etməmişdir.
Müstəqilliyin ilk dövrlərindən etibarən Azərbaycanda ideologiyalaşmanın zəruri olduğunu iddia edənləri isə ideologiya məsələsində milli ideologiyadan çıxış edənlərdir. Azərbaycanda milli ideologiya kimi də əsasən türkçülük və azərbaycançılıqdan bəhs olunur. Ancaq Azərbaycanın milli ideologiyası kimi islamçılığı və modernləşməyi başqalarını göstərənlər də vardır. Biz də burada Azərbaycan milli ideologiyası kimi daha çox türkçülük və azərbaycançılıq üzərində dayanacağıq. Çünki istər ötən əsrin əvvəllərində, istərsə hazırda milli ideologiya kimi türkçülüklə azərbaycançılığa əsaslananlar islamı və modernləşməyi onun tərkib hissəsi olaraq görüblər.
70 illik müstəmləkəçilikdən sonra meydana çıxan türkçülük və azərbaycançılıq kimi milli ideyalar, hətta onlarla bir sırada tutulan islamçılıq özünü doğrultmaq üçün ilk növbədə, azərbaycanlıları öz ətrafında birləşdirməyə layiq olduğunu sübut etməli idi. İlk dövrlərdə həmin ideyaların tərəfdarlarında güclü inam var idi ki, məhz onların yolu doğru yoldur. Bu baxımdan Azərbaycanın hansı əlifbadan istifadə etməsi ilə bağlı önəmli bir məsələdə, islamçıların ərəb əlifbasını, türkçülərin latın qrafikasını müdafiə etmələri, «sovet beynəlmiləlçiliyi»nin təsirindən qurtula bilməyənlərin isə kiril əlifbasının saxlanılması ilə bağlı müddəaları başa düşülən idi. Ancaq türkçülər, islamçılar və başqaları yalnız onlara məxsus ideyanın digərindən üstünlüyünü irəli sürərkən bir vacib məqamı unudurdular ki, SSRİ dövründə azərbaycanlıların şüuruna yeridilən «sovet beynəlmiləlçiliyi»ndən sonra, yeni ideologiya yaratmaq heç də asan məsələ deyildir. Xüsusilə o mənada ki, bir ictimai quruluş dəyişsə də, həmin quruluşda yaşamış insanların şüuruna hakim kəsilmiş ildeologiya isə dərhal dəyişmir. Bunun üçün müəyyən bir zaman kəsiyinə və həmin zaman içində sözün həqiqi mənasında, irəli sürülən hər hansı ideyanın digərlərindən üstünlüyünü və yerdə qalanları öz ətrafında birləşdirə bilməsi gücünü, inamını əsaslandırmaq lazım idi.
Fikrimizcə, şüurundan köhnə ideyaları çıxara bilməyən, yenisini isə hələ formalaşdırmayan, üstəlik bir-birinə tamamilə zidd ideyaların təsirinə məruz qalan insanların əksəriyyəti üçün müəyyən dövrdə bir, sonra isə digər ideologiya cəlbedici görünə bilər. Bu mənada, hər hansı ideyanın cəmiyyətin əksəriyyətinin şüurunda möhkəmlənməsi bir neçə ilin, hətta on illiyin ərzində mümkün ola bilməz. Bu mənada o fikirlə razıyıq ki, bir ölkədə homegen millətin yaranması üçün ən azı bir əsr lazımdır. Əks təqdirdə tez bir zamanda ideologiya və ya milli ideologiya yalnız müəyyən güc və təsiretmə vasitələrilə «yaradıla», yaxud da «üstünlüyü» önə çıxa bilər. Ancaq bu ideya insanların şüurunda əsaslı və inandırıcı şəkildə deyil, zor və müxtəlif təsiretmə vasitələri ilə özünə yer tapmışdırsa, sonralar cəmiyyət asanlıqla ondan üz də döndərə bilər. Biz bunu, artıq «sovet beynəlmilçiliyi» ideologiyasının timsalında görmüşük. Ona görə də, hər hansı milli ideya irəli sürülərkən bir millətin müəyyən dövr üçün deyil, əbədi olaraq varlığının mühafizəsi nəzərə alınmalıdır.
Bu baxımdan, ötən 20-22 il ərzində Azərbaycan türkləri, azərbaycanlılar milli ideyanın müəyyənləşməsi baxımından ziddiyyətli bir prosesin içində olmuşlar. Belə ki, ilk dövrlərdə daha çox türkçülük və müəyyən qədər də islamçılığın təsiri altında olan azərbaycanlılar, daha sonra azərbaycançılığa, hətta ideologiyasızlaşdırmağın bir növü olan «vətəndaş cəmiyyəti»nə meyil etməyə başlamışlar. Hazırda isə, demək olar ki, bu ideyaların hər biri az və ya çox dərəcədə azərbaycanlıların şüurunda müəyyən yer tutmuşdur. Ancaq bunun özü də zənnimizcə, nisbi xarakter daşıyır. Buna səbəb də, yuxarıda da qeyd etdiyimiz kimi, əksər azərbaycanlıların şüurlarında köhnə ideyaların tamamilə inkar edilməməsi və əvəzində yeni ideyaların birmənalı şəkildə özünyə yer tapa bilməməsidir. Bu mənada, fikrimizcə müstəqillik dönəmində az sayda azərbaycanlılar birmənalı şəkildə hansısa ideyaya tapınıblar və ondan üz döndərmək fikirləri də yoxdur. Ancaq son illərdə milli ideologiyaya marağın artması göstərir ki, artıq azərbaycanlılar mövcud olan ideyaları daha çox şüurlu şəkildə saf-çürük edərək güclü və əsaslı bir ideyaya tapınmaq, bununla da milli birliyi gücləndirmək əzmindədirlər.
Fikrimizcə, hazırda Azərbaycan milli ideologiyasının müəyyənləşməsi ilə bağlı əsas problem türkçülük, islamçılıq və müasirləşmək ideyalarına, eləcə də həmin ideyaların sinergizmindən yaranmış «Azərbaycan türkçülüyü», «Azərbaycan məfkurəsi» və ya «azərbaycanizm»ə (azəbaycançılığa) hansı formada müraciət olunmasıdır. Məsələn, əgər bu gün kimsə türkçülük və ya onun bir qolu olan Azərbaycan türkçülüyündən bəhs edirsə, o zaman onun kökünə və inkişaf mərhələlərinə müraciət etmək məcburiyyətindədir. Bu mənada hazırda azərbaycançılıq ideologiyasınıdan bəhs olunursa, deməli onun da müəyyən bir əsası və mənbəyi vardır. Bu isə o deməkdir ki, indi türkçülüyün nə qədər zəruri olub-olmaması mübahisə obyektidirsə, müəyyən mənada bunu azərbaycançılığa da etmək olar. Çünki azərbaycançılıq-Azərbaycan türkçülüyü vaxtilə «üçlüy»ün nəticəsində meydana çıxmış milli dövlət ideologiyasıdır. Azərbaycan türkçülüyü ideyasının-azərbaycançılığın bariz nümunəsi 1918-ci ilin mayın 28-də dünyaya bəyan olunmuş müstəqil Azərbaycan Respublikasıdır ki, hətta Sovet Rusiyasının işğalı belə onu tarixdən silə bilməmişdir.
Ancaq şüurlara Azərbaycan Cümhuriyyəti ilə yanaşı, 70 il ərzində SSRİ imperiyasını tərkibində məcbur olaraq sosialist ölkəsi kimi varlığını formal və millilikdən uzaq şəkildə də olsa, yaşadan bir «Sovet Azərbaycanı» ideyası da hopmuşdur. Bu baxımdan bugünkü Azərbaycan Respublikası hər hansı mənada Azərbaycan Cümhuriyyətinin varisi olursa-olsun, o həm də «Sovet Azərbaycanı»-Azərbaycan SSR ilə də bağlıdır.
Bu o deməkdir ki, hazırda milli ideologiya ilə bağlı məsələlərə münasibət bildirilərkən bu reallıqlar da nəzərə alınmalıdır. Yəni başa düşməliyik ki, bugünkü azərbaycanlıların xeyli qismi «Sovet Azərbaycanı» dövründə yaşadıqları və sovet ideologiyasının təsiri altında formalaşdıqları üçün, bu gündə sıralarımızda nəinki türkçülüyü, onun etnik-milli forması olan Azərbaycan türkçülüyünü-azərbaycançılığı da yetərincə dərk etməyənlər var. Bu mənada, indiki dövrü milli ideologiya probleminin həlli baxımından bir növ «keçid dövrü» kimi qəbul etmək lazımdır. Bu «keçid»in özü də dünyada baş verən qloballaşma dövrünə təsadüf edir ki, yuxarıdakı məqamları da nəzərə almaqla, hazırda Azərbaycan milli ideologiyasının müəyyənləşməsi ilə bağlı irəli sürülən mülahizələrin daha çox azərbaycançılıq və türkçülük ətrafında getməsi başa düşüləndir. Ancaq hesab edirik ki, artıq milli özünəməxsusluq, yaxud da milli mentalitetlə izah olunan «keçid dövrü» məsələsinə nöqtə qoyulmalıdır.
Deməli, burada bir ideyanın digərindən üstünlüyündən deyil, uzlaşdırılmasından getməlidir. Çünki ideyları yaşadan və inkişafına səbəb olan zorakı üstünlük deyil, onlar arasında bərabərliyin qorunub saxlanılmasıdır. Xüsusilə, o mənada ki, müəyyən bir dövrdə hər hansı ideya daha cəlbedici görünə bilər. Ancaq bu zaman həmin ideyanın cəlbediciliyinin şişirdilməsindən, ifratlaşdırılmasından yan qaçaraq digər ideyalarla sintezin yaradılması daha çox vacibdir. Bu mənada, hazırda daha çox cəlbedici görünən azərbaycançılıqla digər ideyalar (türkçülük, islamçılıq və müasirləşmək) arasında da üzvi əlaqələr qorunub saxlanılmalıdır. Çünki azərbaycançılıq həmin ideyalar, xüsusilə türkçülük olmadan uzun ömürlü ola bilməz. Ən azı ona görə ki, milli və müstəqil Azərbaycan ideyasını M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ə.Topçubaşov və başqaları ilk növbədə, türkçülük əsasında irəli sürmüşlər. Azərbaycan milli ideyasınının məhz türkçülük ideyası əsasında yaranmasının bariz nümunəsi idi ki, bu, dövlət dili və dövlət bayrağında da öz əksini tapmışdı. Yəni biz bu gün nə qədər əksəriyyətlə «sovet dövrünün insanı» olmağımızı, qloballaşma zamanında yaşamağımızı, modernləşmənin zəruriliyini azərbaycançılığın bir üzündə əks etdirsək də, onun ən azı digər üzündə milliliyimizi-türklüyümüzü, mədəniyyətimizi, islami dəyərlərimizi də yaşatmalıyıq.