Bakıdakı yanacaqdoldurma məntəqələrinin çoxluğu ilə xidmətin keyfiyyəti əsla üst-üstə düşmür. Avtomobilinə yanacaq dolduran maşın sahibləri daim aldadılmalarından şikayətçidirlər. Sayğacdakı rəqəm, sifariş edilən benzinin miqdarı maşına tökülən maye həcmə uyğun gəlmirsə, deməli, saxtakarlıq mövcuddur. Bu cür hadisələrlə media işçiləri də az qarşılaşmırlar.
Modern.az-ın avtomobili olan jurnalistlər arasında apardığı sorğu buna əyani misaldır.
“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli Bakıda nisbətən keyfiyyətli benzin satan cəmi bir yanacaqdoldurma məntəqəsi tanıyır – Tbilisi prospektindəki “İst Petrol”.
“Daim oradan yanacaq doldururam, orada heç zaman aldatmırlar. Amma bəzən zərurət yarandıqda, yəni benzinin qurtarma təhlükəsi olanda qarşıma çıxan hansısa bir yanacaqdoldurma məntəqəsindən benzin vururam. Bir neçə dəfə də aldadıldığımı hiss etmişəm. Bununla bağlı şikayət etməyin isə mənası yoxdur, çünki bu ölkədə belə hallarla bağlı harasa şikayət etdikdə ya özünü borclu çıxarırlar, ya da o qədər zəhləni tökürlər ki, bezirsən”.
“Qafqazinfo” saytının baş redaktoru Elbrus Ərud isə belə hallara xüsusi diqqət etmir.
“Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədli Azərbaycanda heç bir yanacaqdoldurma məntəqəsinə etibar etmir. O, hamısını “eyni zibil” adlandırır.
“Sadəcə son vaxtlar SOCAR-ı tərifləyirlər, ora cəhd etməyə çalışıram, amma hələ mümkün olmayıb. Yanacaqdoldurma məntəqələri tərəfindən aldadıldığımı çox hiss etmişəm. Satılan yanacağın tərkibi bilmirsən nədir, benzin tökürsən, az müddətdən sonra görürsən ki, heç nə qalmayıb. Bununla bağlı şikayət etməyin isə mənası yoxdur. Yanacaqdoldurma məntəqələri içərisində isə ən zayı “Azpetrol”lardır”.
“Kaspi” qəzetinin redaktoru İlham Quliyev: “Bir müddət SOCAR yanacaqdoldurma məntəqələrindən istifadə edirdim. Hardasa 1 il olar “Azpetrol”a qayıtmışam. Elə bir aldatma halına rast gəlməmişəm. Sadəcə xidmət səviyyəsi qane etmir. Bəzən gəlib dayanırsan, işçinin nə vaxt gələcəyini gözləyirsən. Bəzi hallarda 5 dəqiqə gözləyirsən. Və yaxud sifarişin icra olunur, amma şlanqı bakdan çıxarmaqlarını xeyli gözləməli olursan”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlının isə etibar etdiyi SOCAR yanacaqdoldurma məntəqələridir.
“Əksər vaxtlar benzini oradan alıram. Amma hərdən BNG yanacaqdoldurma məntəqəsinə də üz tuturam. Çünki eşitdiyimə görə də orada benzini az oğurlayırlar. Belə də əksəriyyətində oğurluq çox olur. Elə yer var ki, 10 litrdə 1 litr kəsir, bu da biabırçı vəziyyətdir. 40 litr tutan benzin bakını doldurmağa gedirsən, deyirlər ki, 43 litr getdi. Deyirsən, “ay bala, axı bu bak 40 litr tutur, sən 43 litri necə yerləşdirdin?”. Adamın üzünə baxa-baxa aldadırlar”.
APA-nın baş direktoru Nurşən Quliyev də əsasən "Azpetrol" yanacaqdoldurma məntəqəsindən istifadə edir.
“Aldadıldığımı hiss eləməsəm də, aldatmamış olmazlar. Amma çarə nədir?.. Bunun sizin suala aidiyyəti olmasa da, yeri gəlmişkən, "Azpetrol"a, eləcə də digər aidiyyəti qurumlara bir sual ünvanlamaq istəyirəm: bu yaxınlarda məlum oldu ki, "Azpetrol" məntəqələrində satılan A-93 benzini əslində A-92 imiş. Vətəndaşın şikayətindən sonra Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin göstərişi ilə artıq "Azpetrol" məntəqələrində A-93 adı ilə satılan benzin A-92 kimi göstərilir, ümumiyyətlə A-93 benzini satılmır. Qiymətdə isə dəyişiklik baş verməyib, yəni A-92 benzini A-93 benzinin qiymətinə satılır. Bu məsələnin izahı necədir?”.
Modern.az-ın baş redaktoru Elşad Eyvazlı yanacaqdoldurma məntəlqərində aldadılmağın sürücülərin ən ağrılı yerlərindən biri olduğunu deyir.
“Dəfələrlə yanacaqdoldurma məntəqələrində benzin alarkən çox əndrəbadi məsələ ilə üzləşmişəm. İdarə etdiyim maşının çəni sənədlə 65 litr tutur. Amma yanacaqdoldurma məntəqələrində çalışanlara inansam, "nemeslər" doğru göstərməyiblər. Mənim maşınım 75, bəzən 80 litr yanacaq tutur. Dəfələrlə bu məsələ ilə bağlı etitaz etsəm də, cavab eyni olub, "Biz kimik ki". Əksər dostlar mənim dediklərimi təsdiqləyirlər. Amma məsələyə bir əncam çəkilmir. Bunun sübuta ehtiyacı yoxdur. Bilirsiniz niyə, 20 litr tutumu olan bir qabı aparın yanacaqdoldurma məntəqələrinə, görün nə deyəcələr. Deyirlər ki, buna icazə yoxdur. Səbəbi bəllidir, fırıldaqlar üzə çıxacaq. Özü də bu, bütün yanacaqdoldurma məntəqələrinə aiddir”.
“Xalq Cəbhəsi” qəzetinin redaktoru Mahir Həmzəoğlu da hesab edir ki, bütün yanacaqdoldurma məntəqələri eynidir. “Hamısında yanacaq eyni keyfiyyətlidir. Çünki hamısı eyni zavoddan alır və onun sonrakı mərhələdə hansı keyfiyyətdə olması yanacaqdoldurma məntəqəərinin insafına qalıb. Ən çox SOCAR-dan istifadə edirəm, “LUKoyl”a heç güvənmirəm, çünki oradan benzin vuranda maşın narahat işləyir. Fərqlər də hiss olunur. Əsasən sürücülər bilir ki, hansı yanacaqdoldurma məntəqəsində onları aldadırlar. Bununla bağlı şikayət etməyin də mənası yoxdur. Sadəcə ümid 2018-ci ildə tikiləcək yeni Neftayırma Zavodunadır. Onda daha keyfiyyətli məhsul istehsal olunacaq. Hazırda bizdə benzinin keyfiyyəti çox aşağıdır”.
Aytən Əliyeva