Modern.az

Cənubi Qafqaza çatan Avropa davası - TƏHLİL

Cənubi Qafqaza çatan Avropa davası - TƏHLİL

14 Yanvar 2023, 10:08

Böyük Britaniya ilə Fransa arasında münasibətlər tarixən müxtəlif eniş və yoxuşlardan keçib. Avropanın bu iki güc mərkəzi zaman-zaman bir-biri ilə müharibə aparıb, müharibələr sülh müqavilələrini, müqavilələr isə yenidən savaşı əvəzləyib.

 

Feodalizm dövründə bu cür münasibətlər təkcə Britaniya və Fransaya xarakterik olmadığından həmin mərhələnin tarixini araşdıran tədqiqatçılar üçün o qədər də təəccüb doğurmur. Daha çox torpaq zəbt etmək, daha çox vergi toplamaq feodal monarxlarının ən ümdə marağını təşkil edirdi. 1337-1453-cü illəri əhatə edən məşhur “Yüzillik müharibə” məhz bu iki dövlət arasında yaşanmışdı. Heç şübhəsiz, burada böyük coğrafi kəşflərin də rolu az deyildi. Tədricən La-Manş boğazının iki sahil dövləti böyük imperiyalara çevrildilər və okeanın o tayında, Afrikada və dünyanın başqa yerlərində koloniyalar qurmağa can atdılar. Bu mərhələdə imperialist mübarizə tərəflər arasındakı münasibətlərin əsas leytmotivi oldu.

 

Britaniya və Fransa imperiyaları müstəmləkəçilik siyasətini genişləndirmək üçün bir-biri ilə rəqabətə başladılar. Hətta Britaniya bu məsələdə keçmiş müstəmləkəsi olmuş koloniyalardan qurulan ABŞ-ın Fransa ilə müttəfiq olub, onunla əks cəbhələrdə dayanmasına da şahidlik etdi.

 

 

Tarix günümüzə yaxınlaşdıqca, Britaniya və Fransa arasındakı münasibətlər yeni mərhələlərə qədəm qoymağa davam edirdi. XX əsrin əvvəllərində bu iki imperiya Almaniyaya qarşı təbii müttəfiqə çevrildilər. Təsadüfi deyil ki, I Dünya Müharibəsində Böyük Britaniya və Fransa birgə Almaniya ilə savaşa qatıldılar. Müharibədə Almaniyanı məğlub etdikdən sonra Millətlər Cəmiyyətində Avropa və bütövlükdə dünyada qurulan yeni siyasi və təhlükəsizlik arxitekturasının əsas memarlarından ikisi məhz Britaniya və Fransa oldu.

 

İki dünya müharibəsi arasında olan təxminən 20 illik periodda müəyyən narazılıqlar yaransa da, iki ölkənin müttəfiqlik münasibətlərini qoruyub saxladığını söyləmək mümkündür. Beynəlxalq münasibətlərdəki yeniliklər və siyasi tale Britaniya və Fransanı II Dünya Müharibəsində də müttəfiq olmağa sövq etdi. Hələ müharibə başlamazdan əvvəl Çemberlen və Daladyenin timsalında iki ölkənin rəhbər şəxsləri Hitlerlə dil tapmağa cəhd göstərəndə - Münhen konfransına qatılanda və Çexiyanın Sudet vilayətini Nasist Almaniyasına pay-püşk edəndə də birgə hərəkət etmişdilər.

 

 

Müharibənin gedişində Parisin işğalı və Fransada faşistyönümlü Vişi rejimi qurulduqdan sonra da Britaniya Şarl de Qolla dəstək verərək Fransanın işğaldan azad olunması üçün əlindən gələni etmişdi. Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) qurularkən yeni təsisatda həm Fransa, həm də Böyük Britaniya qalib dövlətlər kimi Təhlükəsizlik Şurasının daimi üzvü oldular.

 

Soyuq müharibənin bitdiyi 1990-cı illərə qədər iki ölkə Qərb blokunun əsas nümayəndələri kimi müttəfiqliyə davam etsələr də, NATO-nun əsas arbitr üzvü ABŞ Fransa və Britaniyanın maraqlarını uzlaşdırmaq üçün xeyli zəhmət çəkməli olmuşdu. Fransa getdikcə, ambisiyasını artırır, müttəfiqlərinin maraqlarını nəzərə almadan siyasət yürütməyə meyl edirdi. Təsadüfi deyil ki, Qərb blokuna daxil olan ölkələr içərisində strateji rəqib hesab olunan, hətta zaman-zaman NATO ölkələri ilə düşmənlik səviyyəsinə çatan münasibətlərə malik SSRİ ilə ən yaxın əlaqələr məhz Fransaya məxsus olub.

 

 

Sonralar bu yaxınlığı postsovet məkanında Rusiyanın maraqlarının prioritet kimi nəzərə alınması üçün Qərbdə az qala Moskva lobbiçisi kimi ad çıxaran rəsmi Parisin siyasi kursunda da müşahidə etmək olacaqdı.

 

Məhz Fransanın bu cür davranışlarına görə Britaniya ilə münasibətlərində tədricən soyuqlaşma prosesi başladı. Kollektiv Qərbin monolitliyi obrazını qoruyub saxlamaq, NATO və xüsusən Avropa İttifaqında həmrəylik imicini zədələməmək üçün xeyli müddət ictimaiyyətə əks olunmamasına çalışılsa da, tərəflər arasındakı gərginlik müxtəlif dövrlərdə yarı-açıq, yarı-gizli şəkildə özünü göstərib.

 

“Brexit”ə qədər münasibətləri bu qaydada davam etdirmək mümkün olsa da, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra tərəflər arasında nəinki siyasi və iqtisadi əhəmiyyət daşıyan qlobal məsələlərdə, hətta La-Manşda balıq tutulmasına görə də anlaşılmazlıqlar və qarşılıqlı ittihamlar ortalığa çıxdı. Uzun müddət “xalçanın altına süpürülmüş” problemlər birdən-birə böyük qalmaqalla müşayiət olunmağa başladı.

 

Ənənəvi kontinental Avropa və anqlo-sakson qanad bölünməsi Rusiyanın Ukraynaya hücumundan sonra Britaniya və Fransanın timsalında yenidən pik həddə çatdı. Xülasə etsək, müharibənin ilkin dövrlərində cinahların mövqeyi aşağıdakı kimi idi:

 

ABŞ və Böyük Britaniya – anqlo-sakson qanad Rusiyanın tam zəiflədilməsi və bir daha dünya üçün belə “başağrısı” yaratması ehtimallarının qarşısının qətiyyətlə alınması mövqeyindən çıxış etsə də, Fransa və Almaniya – kontinental Avropa isə Rusiyanın necə deyərlər, “sifətini qoruyaraq” müharibədən “üzüsulu” çıxmasına Qərbin güc mərkəzləri tərəfindən şərait yaradılmalı olduğunu müdafiə edirdilər. Təsadüfi deyil ki, G7 sammitində Makron və Britaniyanın sabiq baş naziri Boris Conson arasında mübahisə yaranmışdı.

 

 

Fransa NATO-nun 2008-ci ildəki məşhur Buxarest sammitində sərgilədiyi mövqeyi qoruyub saxlamışdı. O vaxt Gürcüstan və Ukraynaya alyansa üzvlük hərəkət planının verilməsindən imtina olunmasında canfəşanlıq göstərən Fransa təəssüf ki, məqsədinə çatmışdı və bu, qısa müddət sonra Gürcüstan torpaqlarının Rusiya tərəfindən işğalını – Abxaziya və Cənubi Osetiyanın Tbilisinin suverenliyindən qoparılmasını stimullaşdırmışdı. Fransanın bu dəfə badalaq vuracağı ölkələr siyahısında növbə Ukraynaya çatmışdı, lakin müharibədə həlledici dönüş, Rusiyanın uğursuzluqları və Ukrayna xalqının qətiyyətli müqaviməti rəsmi Parisi əyləcə basmağa məcbur qoydu.

 

Ukrayna XİN başçısı Dmitri Kuleba üstüörtülü şəkildə Rusiyaya qahmar çıxmağa çalışan Emmanuel Makronun cavabını yaxşıca vermişdi. Bundan sonra simasını qorumağa çalışan Fransa siyasətini könülsüz də olsa, dəyişməyə, kollektiv Qərb və NATO təsisatları ilə koordinasiya etməyə başladı. Beləcə, bu mərhələdə Britaniya-Fransa qarşıdurmasında üstünlük Londonda qaldı. Ukrayna cəbhəsində hadisələrin inkişafı bu gizli rəqabətin taleyini də həll edəcək. Hələlik anqlo-sakson qanad prosesdən daha güclü çıxmağı bacarıb və Avropa suverenliyi, müstəqil Avropa ordusu kimi geopolitik layihələrlə Böyük Britaniyanı güc mərkəzi kimi zəiflətməyə və Avropada rolunu azaltmağa çalışan Fransanın planları iflasa uğrayıb.

 

 

Britaniya-Fransa rəqabəti Cənubi Qafqaz regionundan da yan keçməyib. Tarixən regionda Britaniya Azərbaycanla, Fransa isə Ermənistanla müttəfiq olmağı seçib və mütləq hallarda bu iki ölkənin bölgədə maraqları kəsişir. Fransa İrəvanla isti münasibətlər hesabına Qafqazda güclənməyə və dayaqlarını möhkəmləndirməyə cəhd etsə də, bu vaxta qədər hələ təcrid olunmuş Ermənistandan öz məqsədlərinə çatmaq üçün tam istifadə edə bilməyib.

 

Fransa Türkiyəni də Qafqazda özünün geopolitik rəqibi hesab edir və buna görə onun seçiminin Ermənistan olması təsadüfi sayılmır. Ankara və Bakının yaxınlaşması, regionda yeni güc mərkəzinin formalaşmasına rəvac verməsi Yelisey sarayında oturanları qıcıqlandırır.

 

Bunu 2020-ci ildə baş verən II Qarabağ müharibəsinin gedişində Fransanın atdığı addımlarda, eləcə də post-müharibə dövründəki kövrək sülh prosesində nümayiş etdirdiyi yanaşmada aydın şəkildə görmək mümkündür. Parisin Azərbaycanı "təcavüzkar", Ermənistanı isə "qurban" obrazında dünya ictimaiyyətinə sırımaq üçün dəridən-qabıqdan çıxdığı göz önündə baş verib. Bu halda isə Azərbaycanın köməyinə Fransanın rəqibi olan Böyük Britaniyanın siyasi dəstəyi çatdı. Həm müharibə dövründə, həm də Laçın-Xankəndi yolundakı aksiyalara görə məsələnin BMT Təhlükəsizlik Şurasında rəsmi Bakının əleyhinə nəticələnməsinə məhz daimi üzv kimi veto hüququna malik olan Britaniya mane oldu. Fransa əvvəl də - neft kəmərlərinin çəkildiyi dövrlərdə də Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün iqtisadi təcrid aləti ilə ram etməyə çalışan Azərbaycanın tranzit tərəfdaşı kimi İrəvan əvəzinə Tbilisini seçməsi səbəbindən bu layihələrin icrasının müəyyən qədər qarşısını almağa səy göstərirdi. Təsadüfi deyil ki, bu mövzuda Britaniya həlledici məqamda Fransanın niyyətini həyata keçirməyə imkan verməmişdi. Görünür, Qafqazda bu iki Avropa nəhənginin mübarizəsinə hələ çox rast gəlinəcək.

 

Güman etmək olar ki, yekunda Böyük Britaniya və Fransa rəqabəti həlledici mərhələyə daxil olacaq və tərəflər münasibətlərini daha geniş müstəvidə aydınlaşdırmalı olacaqlar...

 

Modern Təhlil Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?