İctimai Palatanın sessiyasında AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qənbər bütün müxalif və demokratik qüvvələri yeni yaradılacaq Milli Şuranın formalaşmasında iştiraka çağırıb. Hələ yaradılmamış, ideya müəllifi Rüstəm İbrahimbəyov sayılan və tam gerçəkləşməyən Milli Şura ətrafında müzakirələr səngimək bilmir. Bəs görəsən İsa Qəmbərlə Əli Kərimin bu çağırışını digər aparıcı müxalifət partiyaları olan ADP və ACP necə dəyərləndirir?
Modern.az bununla bağlı mövqeləri öyrənib.
AMİP sədri Yusif Bağırzadə Milli Şura ilə bağlı danışıqların getdiyini bildirdi.
ADP sədri Sərdar Cəlaloğlu məsələni müzakirə edəcəklərini dedi. Eyni zamanda onsuz da əvvəldən bəlli olan mövqeyini bildirməklə Milli Şuranı bəzi məqamlarda ittiham etdi.
“Milli Şuranı kimin təsis etdiyi, məqsədləri, məramları bulanıq və qarışıqdır. İki ayda çox yanlışlığa yol verilib. Ona görə də indidən birmənalı söz demək mümkün deyil. Hamını Milli Şuraya dəvət etmək nə deməkdir? Bu yanaşmanın özü də yanlışdır. Milli Şura teatr və ya futbol tamaşasıdır?! Söhbət doğrudanda da hansısa qurumun yaradılmasından gedirsə, bunun da proseduru və mexanizmi olmalıdır”.
ACP sədri Sülhəddin Əkbər AXCP sədrinin çağırışına belə cavab verdi: “Son günlərdə Milli Şuranın yaradılması ilə bağlı aparılan danışıqlar prosesində yüksək səviyyədə və intensiv şəkildə işlər gedir. Bizim partiyanın qərargahında da məsələ barədə Eldar Namazovla görüş keçirilib. Həmin görüşdə mən də daxil olmaqla Liberal Partiyasının sədri Əvəz Temirxan və AMİP-in baş katibi Arzuxan Əlizadə iştirak edib”-deyə qeyd edib.
Aqşin KƏRİMOV