(Telefonun yaddaşında donub qalmış altı dostumun nömrəsi var. Hərdən zəng etmək istəyirəm, ancaq bilirəm ki, həmin dostlarım xəttin o başından zəngimə cavab verməyəcək...)
O, dost idi, canı qurban edərdi,
Alim idi, qəlbi dolu xəzinə...
Sən büdrəsən ölümə də gedərdi,
Dara düşsən səs verərdi, səsinə.
Bir insan itirdik, bir dost itirdik,
Vaxtında biz ona vermədik qiymət.
Belə bir ağrılı günü də gördük,
Əlvida, qardaşım, ruhuna rəhmət!..
Mehdi müəllim bu şeiri 2019-cu ildə yaxın dostu Yadigar müəllimin vəfatından sonra yazmışdı. İndi bu şeiri diqqətlə oxuyanda sanki hər misrasında özünü görürəm – Mehdi Mükərrəmoğlunun...
(Yarımbaşlıqlar Mehdi Mükərrəmoğlunun şeirindən götürülüb.)
O, DOST İDİ, CANI QURBAN EDƏRDİ
Bəli, aramızda xeyli yaş fərqi olsa da Mehdi müəllim gözəl dost, səmimi insan idi. Hər kəsə qayğı ilə, hörmətlə yanaşırdı. 1990-cı ilərin mətbuatı insanlara ən çox dosta sədaqəti, etibarı – Vətənə məhəbbəti, sevgini aşılayırdı. Həmin vaxt Mehdi müəllim "Kino" qəzetində işləyirdi. Tez-tez yazılarımı, çəkdiyim karikaturaları qəzetində dərc edirdi, yaxşı qonarar verirdi mənə.
Günlərin bir günü Mehdi müəllim məni "əlimdən tutub" ovaxtkı "Kommunist" nəşriyyatına apardı. Burada "7 Gün" qəzetinin Baş redaktoru Emin Emindəyli ilə tanış oldum. O, "linotip" sexində qəzetin ilk nömrəsini hazırlayırdı. Üst-başı "qoryaçiy nabor"da çalışanların geyimindən heç nə ilə fərqlənmirdi. Emin müəllimin ilk sözü bu oldu: "Mehdinin gətirdiyi adam, yəqin ki, Mehdi kimi sədaqətli olar". Beləliklə, mən "7 Gün" qəzetinin ilk nömrəsindən son nömrəsinə qədər Emin müəllimlə işlədim...
ALİM İDİ, QƏLBI DOLU XƏZINƏ
Mehdi müəllim 1975-ci ildə Azərbaycan Dövlət Universitetini qırmızı diplomla bitirib. Təyinatla Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsində redaktor, 1977-ci ildən "Kino yenilikləri" (sonralar "Kino") qəzeti və "Yeni filmlər" jurnalının birgə redaksiyasında jurnalist kimi fəaliyyətə başlayıb. Milli kino sənətimiz və dünya kinosu ilə bağlı yazılarına görə dəfələrlə mükafatlara layiq görülüb. 1992-ci ildən isə "Kino" qəzetinin baş redaktoru, "Azərkinovideo" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis kimi işləyib. Eyni zamanda Azərbaycan Dövlət Universitetində və Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2002-ci ildən "Xalq qəzeti"nin mədəniyyət yazarı kimi fəaliyyətini davam etdirib. Həqiqətən xalqın adamı oldüğunu işi ilə, əməli ilə sübuta yetirib. Azərbaycan mədəniyyəti ilə bağlı 2000-ə yaxın məqalə və digər janrlarda yazılan yazıların müəllifi olub.
Qəlbi gözəlliklərlə dolu olan bu insan, doğrudan da insanlığın nümunəsi, öz sahəsinin alimi idi...
SƏN BÜDRƏSƏN ÖLÜMƏ DƏ GEDƏRDİ
Mehdi müəllimlə tez-tez görüşürdüm. Görüş müəyyən səbəblərdən baş tutmayanda isə zəngləşirdik. Qayğılardan, çətinliklərdən danışır, sevincimizi bölüşürdük.
Allah Quran ayələrində insanları dost olmağa dəvət edir və buyurur ki, dostluq ruha şadlıq, sevinc bəxş edir. İnsan çətinliyə düşən zaman dostun vasitəsilə onu aradan qaldıra bilir. Mehdi müəllimin üzündəki nur çətinliyə düşən hər insana kömək etmək gücündəydi. O, insana yaşamaq, yaratmaq eşqi verən, insanda milli-mənəvi dəyərləri aşılayan, Vətənə bağlılığı özündə əks etdirən gözəl söhbətlər edirdi. Doymaq olmurdu onun söhbətlərindən. Sanki o, insanın həmin anda elmini artırır, etdiyi əməllərlə axirəti yada salırdı...
DARA DÜŞSƏN SƏS VERƏRDİ, SƏSİNƏ
Dostluğun birinci şərti etibardır. Əsl dost çətinə düşəndə sənə arxa olur, hər işində kömək edir. "Müharibə igidi, qəzəb müdriki, ehtiyac isə dostu sınağa çəkir" – deyiblər. Mehdi müəllim həmişə ehtiyacı olanların yanında idi. O, etibarı ilə özünə yüzlərlə dost qazanmışdı. Bu dostlar onun yoxluğuna hələ də inanmırlar...
BİR İNSAN İTİRDİK, BİR DOST İTİRDİK
Mehdi müəllimin ölümü dostu jurnalist Məmməd Nazimoğlu vəfat edəndə onun dilindən eşitdiyim "Bir dost itirdik" ifadəsini yenidən xatırlatdı mənə. Həmin vaxta qədər o, neçə dost itirmişdi, bunu demək çətindir. Ancaq mən bu gün daha bir dost itirdim.
Mehdi müəllim əsl ziyalı, el ağsaqqalı və dostluqda bir ölçü vahidi idi. Onun nəsihətləri böyük bir ziyalının qəlbindən süzülüb gələn durna gözlü bulağı xatırladırdı. Nə qədər ki, Mehdi müəllimin yetirmələri, dostları, onun davamçıları var, onlar durduqca bu böyük insan yaşayacaq, ruhu bizimlə olacaq. Deməli, bir insan haqqında hər zaman danışılırsa, deməli, o insan ölməyib, yaşayır. O, əsl müəllim, əsl ziyalı idi...
VAXTINDA BİZ ONA VERMƏDİK QİYMƏT
Mehdi müəllim ailəsinə, dostlarına, el-obasına bağlı bir insan idi. Bu daha böyük anlamda Azərbaycan adlı bir məmləkəti əhatə edirdi. O, ömrünün 50 ilini bir xalqın, bir millətin xoşbəxtliyinə həsr edib, deyərdim. O, milli-mənəvi dəyərlərə söykənən yazılarıyla həmkarlarının, dostlarının hörmətini qazanıb. 50 ildə onun ən böyük qazancı da elə xalq sevgisi olub...
BELƏ BİR AĞRILI GÜNÜ DƏ GÖRDÜK
Sevdiyimiz insanı itirəndə çox vaxt ağrı və ya boşluq hiss edirik. Hətta bir müddət hisslərə qapanıb, az qala həyatdan təcrid oluruq. Hisslərimizi duyğulu sözlərlə ifadə etməyə çalışırıq. Bütün bunların fonunda isə biz, keçmiş zamanda səslənən bir cümlə ilə təsəlli tapırıq: "Mehdi müəllim, böyük insan, dəyərli dost, hər zaman xatırlananda boşluqları doldura biləcək bir ziyalı idi..."
ƏLVİDA, QARDAŞIM, RUHUNA RƏHMƏT!
Yanvar ayının 12-də Mehdi müəllimi son mənzilə yola saldıq. Bibiheybət qəbristanlığında atası Mükərrəm babanın yanında dəfn elədik. Bütün arzularını, ümidlərini, həyata baxışını da özü ilə birlikdə məzara qoyduq. Bütün bunlar qapanmış gözləri kimi əbədi olaraq qaranlığa qərq oldu...
Ancaq, onun bizə aşıladığı keyfiyyətlər heç vaxt unudulmayacaq və qaranlığa qərq olmayacaq. Bizə öyrətdiyi məntiqilik, məqsədyönlülük, mübarizlik, yüksək iradəlilik, ünsiyyət, rəftar, fikir, düşüncə, özünü tam dərk etmə, malik olduğun keyfiyyətləri digər insanlara ötürmə və sair kimi xüsusiyyətlər gələcəyə ümidlə baxan gənclərin yoluna işıq saçacaq. Səndən əbədi xatirə olaraq ancaq bunları saxlaya bilərik, Mehdi Mükərrəmoğlu.
Sən mənim nömrəsi telefonun yaddaşında donub qalan yeddinci dostumsan. Bir daha sənə zəng etməyəcəm əziz dost, görüşünə özüm gələcəm...
Əlvida qardaşım, ruhuna rəhmət!..
Rasim Mədəd
13.01.2023-cü il