Qarabağdakı separatçı-terrorçu dəstənin qondarma “dövlət naziri” kimi təqdim edilən milyarder Ruben Vardanyanla bağlı vəziyyət qəlizləşir. Modern.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində və Ermənistan hakimiyyətinə yaxın KİV-lərdə Vardanyana yönələn tənqidlər artıb.
Bu arada Ruben Vardanyanın istefaya göndəriləcəyi barədə iddialar da səsləndirilməkdədir.
Artıq erməni teleqram kanallarında da belə xəbərlər tirajlanır.
Xəbərə Ruben Vardanyanın özü də reaksiya verib.
“İstefa vermək niyyətində deyiləm, xüsusən belə bir böhran zamanı “prezident”in istefası və ya “parlament”in buraxılması qəbuledilməzdir. Biz bu dəhşətli vəziyyəti aradan qaldırmaq üçün bütün səylərimizi birləşdirməliyik. “Artsax”ı qorumalıyıq və bu gün belə bir şansımız var!”, - deyə Ruben Vardanyan Facebook-da yazıb.
Vardanyanın bu cür açıqlama ilə çıxış etməsi Qarabağdakı separatçı rejim daxilində fikir ayrılıqlarının dərinləşməsindən xəbər verir.
Erməni teleqram kanallarındakı xəbərlərdə iddia olunur ki, Qarabağda işğal tör-tökuntulərinin növbədənkənar qondarma "prezident və parlament seçkiləri" keçiriləcək.
İddiaya görə, bu addım Azərbaycanın təzyiqlərini yumşaltmaq üçün atılacaq.
Hətta Vardanyanın yerinə qondarma rejimin "daxili işlər naziri" Karen Sarkisyanın gələcəyi də iddialar sırasındadır.
Vardanyan isə vəziyyətin qəlizləşdiyinin fərqinə varmaqdadır. O, son günlər yenidən Azərbaycana dialoq təklif edir…