
“Hazırda güclü yağış və leysanın Qubaya vurduğu ziyan araşdırılır, hesablanır”. Bu sözləri
Modern.az saytına açıqlamasında Qubadan seçilmiş deputat Vahid Əhmədov deyib. O qeyd edib ki, çaylarda sululuğun artması nəticəsində rayona müəyyən qədər ziyan dəyib.
“Hazırda ziyan araşdırılır. Güclü yağış və leysan müəyyən yerləri dağıdıb və aparıb. İndi nisbətən yağış kəsib. Dövlət tərəfindən rayona dəymiş ziyan hesablanır və bunların hamısına baxılacaq”.
V.Əhmədovun sözlərinə görə, ziyan əsasən yollara, müəyyən çaykənarı müəssisələrə dəyib. “Əsasən Vəlvələ çayı ətrafında dağıntı çox olub. Belə ki, orada təzə körpü salınırdı, beton işi görülmüşdü, amma güclü yağış və leysan onun beton örtüyünü, dəmirlərini aparıb. Qubanın Çiçi kəndində bir tövləni eyni zamanda mal-qaranı da sel aparıb. həmin şəxsin evi də yarasız vəziyyətdədir”-deyə deputat vurğulayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ölkə ərazisində bəzi yerlərdə yağan yağışlar nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 3-23 sm artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120 faizini təşkil edir.
Aytən ƏLİYEVA