
Füzuli rayonunda strateji məhsul olan taxılçılığın inkişafı diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyətindən
Modern.az-a verilən məlumata görə, keçən il rayonun tarixində ən yüksək nəticə-101,3 min ton məhsul istehsal olunub. Rayon taxılçıları respublikada yüz min ton taxıl istehsal edən 6 rayondan biri olub. Taxıl məhsulları istehsalının stabil olaraq artıran füzulilər bu il 35 min hektardan artıq sahədən məhsul toplayacaqlar. Məqsəd rayonun yüz min tonçular sırasında öz yerini qoruyub saxlaması və ölkə əhalisinin ərzaqla bağlı probleminin həllinə nail olmaqda ibarətdir.
Taxıl biçininə hazırlıq məqsədilə 70-dən artıq kombayn saz vəziyyətə gətirilib. Biçinin iyun ayında tam başa çatdırılması nəzərdə tutulub. Biçin keçiriləcək sahələrin geciktirilmədən şumlanması da planlaşdırılıb. Bütün bu işlər barədə mayın 20-də Horadiz şəhər Mədəniyyət Sarayında keçirilən Füzuli rayon taxılçılarının müşavirəsində geniş söhbət açılıb. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkə başçısı İlham Əliyevin taşırıqlarına müvafiq olaraq rayonda ilkin mərhələdə 300 hektar olmaqla toxumçuluq sahəsinin ayrılmasını, burada ən məhsuldar toxum növlərinin yetişdirildiyini və gələcəkdə rayonda orta məhsuldarlığın 45-50 sentnerə çatdırılacağını da bildirib.
Alı Alıyev deyib ki, yaxın illərdə rayonda taxıl sahələrindən 150-180 min ton məhsul götürülməsi nəzərdə tutulub. Müşavirədə çıxış edən sahibkarlar, xidmət təşkilatlarının rəhbərləri taxıl biçini ilə əlaqədar hərtərəfli hazırlıq işləri görüldüyünü bildiriblər.